Onsuz keçən günlər…Reportaj+FOTO

post-img

Birinci Qarabağ müharibəsi qazisi Balaş kişi şəhid atası Kərim dayı haqqında mənə danışmışdı. Demişdi ki, onun oğlu Həci Hüseynov Vətən müharibəsində qəhrəmancasına həlak olub. Balaş əmi ilə Xocəsənə, şəhid atasına baş çəkməyə gedirik.

Kərim dayı ilə şəhid ailəsi kimi aldıqları evin qarşısında dolaşırıq. O, övladı haqqında ürək ağrısı ilə danışır: “General-mayor Polad Həşimov şəhid olduqdan sonra oğlum evdə heç kimə demədən hərbi komissarlığa gedib könüllü orduya yazıldı. Polad Həşimovun şəhid olmasını heç cür qəbul edə bilmirdi”.

Polad Həşimov şəhid olduqdan bir ildən bir qədər sonra II Qarabağ müharibəsi başlanır. Vaxtilə Naxçıvan Muxtar Respublikasının hərbi hissələrinin birində həqiqi hərbi xidmət keçmiş Həci Hüseynov kəşfiyyatçı ixtisasının sirlərinə yiyələnir. Sentyabrın 23-də ordu sıralarına könüllü qatılan Həcinin döyüş yolu kəşfiyyatçı kimi Füzulidən başlayır. Oktyabrın 23-də şəhidlik zirvəsinə ucalır. Ölümündən sonra Füzuli, Hadrut, Xocavəndin azad edilməsinə görə və “Vətən uğrunda”, medalları ilə təltif edilir. Komandirləri Həcini cəsur, Vətənini sevən əsgər kimi xarakterizə edirlər. 

Həci 1996-cı iyunun 12-də Sumqayıt şəhərində doğulub. 1-ci sinfi də orada oxuyub. Ailə daha sonra Binəqədi rayonunun Xocəsən qəsəbəsinə köçür. 24 yaşında Vətən yolunda canını qurban vermiş şəhidimiz hələ evlənməmişdi. Kərim kişinin sonbeşiyi – ikinci oğlu idi.

Atası Həcinin son gedişini belə xatırlayır: “Günlərdən birində həyəcanlı halda evə gəlib hərbi biletini axtarmağa başladı. Dedi ki, Vətəni qorumağa gedirəm, nigaran qalmayın. Elə iş paltarındaca çıxıb getdi”.

Kərim dayı Həci ilə müharibə vaxtı telefon danışıqlarından da söz açır: “Hər dəfə bir nömrə ilə zəng edərdi. Axşam saatlarında ara-sıra danışırdıq. Həmişə hər şeyin yaxşı olduğunu deyirdi. Sonuncu dəfə oktyabrın 14-ü danışmışıq. Müharibə bitdikdən sonra öyrənmişəm ki, 2 dəfə yaralı olub, hospitalda yatıb”. 

Həcinin silahdaşları ilə söhbətləşərkən bildirdilər ki, Qəbələdə, daha sonra isə Bakıda hərbi hospitalda müalicə alıb. Ona deyiblər ki, vəziyyəti yaxşı deyil, amma müharibə üçün nə qədər çalışsalar da fikrindən yayındıra bilməyiblər, qayıdıb cəbhəyə - Füzuliyə.

Kərim dayı oğlunun şəhid olması xəbərini necə almağından da söz açdı: “Oktyabrın 23-ü gecə saat 1-ə işləmiş rayondan dayım oğlu zəng etdi. Dəstəyi qaldırmamış hiss etdim alacağım xəbəri. Dayım oğlu dedi ki, Həci yaralanıb. Tez Füzuliyə getdik. Oğlum şəhid olmuşdu. İcazə verməsələr də, cansız cəsədinə baxdım. Sanki üzü gülürdü balamın”. 

Şəhid atasının gözləri yol çəkir. Bir qədər susandan sonra deyir: “Mənə bircə təsəlli verən odur ki, nəvəmə Tural adını şəhid balam qoyub. Həcini heç kim əvəz edə bilmir. Bir balaca çətinliyim olan kimi hiss edər, çatışmazlığı aradan qaldırardı. O, şəhid olduqdan sonra neçə adam gəlib deyib ki, mənə xeyli köməklik edib. Hələ yaşlı bir qadın deyirdi ki, evimin süpürgəsinə qədər alıb gətirirdi. Yaxşılıq etməkdən zövq alırdı. 

Kərim dayı ilə gəzintidən sonra evlərinə qalxırıq. Bizi şəhidimizin anası Rəna Hüseynova qarşılayır. Salamlaşırıq. Evin hər tərəfi Həci Hüseynovun və digər şəhidlərimizin şəkilləri ilə bəzədilib. Polad Həşimov hərbi salam verir. Diqqətimi daha çox çəkən isə divardan asılmış saat oldu. Üzərinə belə yazılmışdı: “Həcisiz keçən dəqiqələr”.

Rəna ana məyusluq içindədir. Lakin xüsusi bir qürur hiss olunur. Gözləri dolur, şəhid oğlunun şəklini göstərir: “Bu şəkli əsgərlikdə çəkdirib. Elə gülərüz idi ki. Amma tez solan gül oldu balam... Təki Vətən sağ olsun”. 

Şəhid anası söhbətinə davam edir: “Bir dəfə atasının ayağı ağrıyırdı. Demişdi ki, ata, mən özüm işə girib səni işləməyə qoymayacağam”. 

Cəbhə dostlarına deyib ki, əgər mənə bir şey olarsa, anama çatdırın ki, özünə yaxşı baxsın, anam yaxşı olsa, mən də məzarda rahat ola bilərəm. 

Mənzildən çıxanda şəhid qardaşımızın valideynləri ilə qucaqlaşırıq. Rəna ana deyir: “Hiss edirdim, gözlərini saatdan çəkmirdin. Bil ki, Həcisiz dəqiqələr də keçmir, orada yazılana çox da fikir vermə”.

Rizvan FİKRƏTOĞLU, 

“Xalq qəzeti”







Müsahibə