Bu gün region ölkələri üçün ciddi təhlükə mənbələrindən biri də Ermənistan ərazisində yerləşən “Metsamor” Atom Elektrik Stansiyasıdır. İstismar müddətini çoxdan başa vurmuş, amma bu ölkə hökumətinin müxtəlif yollarla fəaliyyətini uzatmağa çalışdığı adıçəkilən infrastruktur hələ də potensial nüvə qəzası mənbəyi olaraq qalır. Türkiyənin İğdır vilayətindən 16 kilometr, Naxçıvan Muxtar Respublikasının sərhədlərindən isə 50 kilometr məsafədə yerləşən “Metsamor”, hətta qəzasız vəziyyətdə belə illərdir ki, yaxın bölgələrə öz mənfi təsirini göstərir.
“Yeşil İğdır” və “Güvən” qəzetlərinin baş redaktorları Cabbar Şıktaş və İsmayıl Aras, TRT və Anadolu xəbər agentliklərinin İğdır təmsilçisi Bülənt Mavzer, həmçinin Dəmirören Xəbər Agentliyinin İğdır üzrə müxbiri Özkan Aydın ilə söhbətimiz də bu məsələ ilə bağlıdır.
– “Metsamor” AES illərdir ki, regionumuzu ciddi təhdid altında saxlayır. Bu təhlükə ilə əlaqədar nə deyə biərsiniz?
– İsmayıl Aras: “Metsamor” Atom Elektrik Stansiyası, həqiqətən, bölgə üçün təhlükə mənbəyidir. Yaxşı xatırlayıram, Ukraynada Çernobıl qəzasından sonra bu cür stansiyaların hansı təhlükə daşıdığı hər kəsə məlum oldu. Stansiya nəinki Türkiyə, eləcə də Ermənistanın özü üçün ciddi risk sayılır. Amma təəssüflər olsun ki, bu təhlükə haqqında mətbuatda dəfələrlə çıxış etsək də, indiyədək əməli iş görülməyib.
– Cabbar Şıktaş: 2004-cü ildə istismar müddəti bitmiş bu stansiyanın fəaliyyəti əvvəlcə 2016-cı, sonra isə 2026-cı ilə qədər uzadıldı. Təsəvvür edin, istismar müddəti 20 il bundan əvvəl başa çatmış bir stansiya hazırda işini davam etdirir. Hətta bu gedişatla “Metsamor” növbəti illərdə də fəaliyyətini davam etdirəcək. Çünki Ermənistan hökumətinin bununla bağlı heç bir layihəsi yoxdur. Erməni rəsmiləri mətbuata açıqlamalarında bildirirlər ki, stansiyada vaxtaşırı yenilənmələr aparılır, müəyyən təmir işləri görülür. Amma nə dərəcədə doğrudur, bu, artıq əlavə suallar yaradır.
– Bülənt Mavzer: Təmsil olunduğum qurum tərəfindən “Metsamor”la bağlı vəziyyət hər zaman diqqətdə saxlanılıb. Burada bir məsələni də qeyd etmək istərdim. Rəsmi məlumatlara görə, stansiya 1976-cı ildə tikiləndə 8 ballıq zəlzələyə hesablanıb, amma bu obyekt 9,5 ballıq seysmik zonada yerləşir. Bu faktın özü təhlükənin daha ciddiliyindən xəbər verir. Digər tərəfdən, “Metsamor” Atom Elektrik Stansiyasının reaktorunu soyutmaq üçün Arazın suyundan istifadə olunur. Sonra isə həmin maye tullantıları yenidən çaya axıdılaraq çirklənməyə məruz qalır və beləliklə, qonşu ölkələrə öz mənfi təsirini göstərir.
– Araz çayından hazırda Naxçıvanda, eləcə də qonşu İran İslam Respublikasında suvarma suyu kimi geniş istifadə olunur.
– İsmayıl Aras: İğdırda Arazdan suvarma suyu kimi istifadə olunmur, amma stansiyanın zərərli təsirləri aqrar sahəyə öz mənfi təsirini göstərir. Yaxşı yadımdadır, əvvəllər İğdırın meyvə-tərəvəzi tamam fərqli idi. Məsələn, bizdə yetişdirilən xiyar və yaxud pomidor həm görünüşünə, həm də dadı və qoxusuna görə seçilirdi. 70–80-ci illərlə indiki dövrün müqayisəsi də bu fərqi aydın göstərir. Digər tərəfdən, son vaxtlar səhiyyə qurumlarının da açıqladığı kimi, İğdırda xərçəng xəstələrinin sayı xeyli artıb. Bu faktın da “Metsamor”la əlaqəli olduğu artıq öz təsdiqini tapıb.
– Özkan Aydın: Son illərdə İğdırda hamilə qadınlar arasında rast gəlinən xəstəliklər, doğum zamanı qarşılaşılan fəsadlar çox artıb. Elə mal-heyvan arasında da ikibaşlı və ya üçayaqlı heyvanların doğulmasına tez-tez rast gəlinir. Bu da, əsasən, havanın çirklənməsindən, daha konkret ifadə etsəm, “Metsamor”dan qaynaqlanır.
– Bir müddət bundan əvvəl belə bir məlumata rast gəlmişdim ki, İğdır Türkiyədə ən çirkli havası olan şəhərdir.
– Özkan Aydın: Bəli, elədir. Biz tez-tez İgdırın üzərində dumanlı havanı müşahidə edirik. Belə vəziyyət qışda da olur, yayda da. İğdırın coğrafi mövqeyi elədir ki, ətraf dağlarla əhatəli olduğundan külək əsməsə, o sis, duman dağılmır. Təbii ki, bu da öz təsirini göstərir.
– İsmayıl Aras: Türkiyə Atom Enerjisi Qurumu da bu vəziyyəti diqqətdə saxlayır. Bununla bağlı gündəlik ölçmələr aparılır, amma stansiyanın fəaliyyəti dayandırılmasa, bu cür vəziyyət davam edəcək.
Düşünürəm ki, media olaraq həm Türkiyə, həm də Azərbaycan daim bu mövzunu diqqətdə saxlamalıdır. Hətta bu ilin mart ayında bizim vətəndaş cəmiyyətinin üzvləri Brüsseldə keçirilən Nüvə Enerjisi Sammitinin həmsədrlərinə də bununla bağlı məktub yazaraq stansiyanın fəaliyyətinin dayandırılması üçün Ermənistan hökuməti qarşısında məsələ qaldırmağa çağırmışdı. Bu mənada, imkan yaranan kimi, istənilən platformadan istifadə etmək zəruridir. Eyni zamanda, bu il Azərbaycanda keçiriləcək COP29 tədbirindən də ictimaiyyətin gözləntiləri böyükdür.
–Cabbar Şıktaş: Bəli, mümkün beynəlxalq platformalardan istifadə etməliyik. Çünki “Metsamor”, hər şeydən əvvəl, Ermənistanın özünün daxilində bir bombadır. Hesab edirəm ki, Türkiyə və Azərbaycan bu ölkə ilə sülhə nail olduqdan sonra Ermənistanın enerji probleminin həll olunmasına yol açıla və stansiyanın fəaliyyəti dərhal dayandırıla bilər.
Söhbəti qələmə aldı:
Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri