Fətəli xan Xoyskinin 150 illik yubileyi ilə bağlı AMEA-nın Tədbirlər planı təsdiqlənib

post-img

AMEA-nın Rəyasət Heyətinin iclasında müzakirə edilən növbəti məsələ Azərbaycan Respublikası Prezidentinin “Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında” 17 sentyabr 2025-ci il tarixli Sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər planının təsdiq edilməsi barədə olub.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Sərəncamın icrası ilə əlaqədar olaraq AMEA-nın Rəyasət Heyəti tərəfindən 29 sentyabr 2025-ci il tarixində qərar qəbul edilib və AMEA-nın müvafiq elmi bölmələrinə, müəssisə və təşkilatlarına, regional elmi bölmə və mərkəzlərinə Fətəli xan Xoyskinin 150 illiyinin qeyd edilməsi ilə bağlı AMEA-nın Tədbirlər planının hazırlanması üçün təkliflərin hazırlanaraq AMEA-nın İctimai Elmlər Bölməsinə təqdim edilməsi tapşırılıb. Akademik İsa Həbibbəyli vurğulayıb ki, ötən müddət ərzində təqdim olunmuş təkliflər əsasında AMEA-nın İctimai Elmlər Bölməsi tərəfindən Fətəli xan Xoyskinin 150 illik yubileyi ilə bağlı AMEA-nın Tədbirlər planının layihəsi hazırlanaraq AMEA-nın Rəyasət Heyətinə təqdim olunub.

Sonra AMEA-nın akademik-katibi akademik Arif Həşimov Tədbirlər planını təqdim edib. Bildirib ki, Tədbirlər planında “Fətəli xan Xoyski: Azərbaycanın milli dövlətçilik tarixində fenomenal şəxsiyyət”, “Azərbaycanın istiqlal mücahidi”, “Fətəli xan Xoyskinin həyatı və ictimai-siyasi fəaliyyəti”, “Azərbaycan ədəbiyyatında Fətəli xan Xoyskinin bədii obrazı”, “Azərbaycan milli dövlətçilik tarixində Fətəli xan Xoyski irsi - ədalətin, vətənpərvərliyin və istiqlalın təcəssümü”, “Cümhuriyyət qurucularından biri: Fətəli xan Xoyskinin həyat və fəaliyyəti” mövzusunda seminar, konfrans və s. tədbirlərin keçirilməsi, “Fətəli xan Xoyski” monoqrafiyasının və digər nəşrlərin çapı nəzərdə tutulub.

Qeyd olunanları nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti Fətəli xan Xoyskinin 150 illik yubileyi ilə bağlı AMEA-nın Tədbirlər planını təsdiqləyib.

XQ

Elm