Tədqiqatçı alim Nazir Əhmədli ilə görüş keçirilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

AMEA Naxçıvan Bölməsində Azərbaycan Atatürk Mərkəzinin şöbə müdiri, tədqiqatçı alim Nazir Əhmədli ilə görüş keçirilib.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qonağı salamlayıb, onun fundamental və tətbiqi tədqiqatları, elmi-yaradıcı fəaliyyəti barədə geniş məlumat verib. Qeyd edib ki, Nazir Əhmədli müxtəlif illərdə keçirilən kameral siyahıyaalmaların materiallarını çox böyük zəhmət və şəxsi maddi vəsaiti hesabına ərsəyə gətirib. O, “İrəvan qəzasının kameral təsviri” , “Şərur-Dərələyəz qəzasının kameral təsviri”, “Yeni Bəyazid qəzasının kameral təsviri”, “Qarabağ əyalətinin kameral təsviri”, “Zəngəzur qəzasının kameral təsviri”, “Zəngəzur mahalının kameral təsviri” kitablarının müəllifidir.

Nazir Əhmədlinin “Naxçıvan əyalətinin və Ordubad dairəsinin kameral təsviri” kitabının tarixçilər, bu sahə ilə məşğul olan alimlər, tədqiqatçılar üçün zəngin elmi mənbə olduğunu bildirən akademik kitaba Naxçıvan əyaləti və Ordubad dairəsinin hər biri üzrə 6 kameral təsvirin daxil edildiyini, Ordubad şəhəri üzrə tərtib edilmiş kameral təsvirin 1832-ci, qalan 11 kameral təsvirin isə 1831-ci ilə aid olduğunu vurğulayıb.

Tədqiqatçı alim Nazir Əhmədli qeyd edib ki, Naxçıvan xanlığı 1828-ci ildə Rusiya imperiyası tərəfindən Türkmənçay sülh müqaviləsi ilə ilhaq edildikdən sonra həmin ərazilərdə vergi tətbiq etmək məqsədi ilə siyahıyaalma aparılıb və kameral təsvirlər tətbiq edilib. Ümumilikdə, bu tip sənədlərin tərtibi Hülakü hökmdarı Qazan xanın vaxtından başlayıb. İrəvan və Naxçıvan ərazisinin ilk kameral təsviri isə 1831-ci ildə fransız əsilli rus məmuru İvan Şopen tərəfindən tərtib olunub. Nazir Əhmədli kameral təsvirlərin əhəmiyyətini vurğulayaraq bildirib ki, ayrı-ayrı şəxslər bu sənədlərdə öz şəcərəsini tapa, tarixçilərlə yanaşı, başqa elm sahələrinin nümayəndələri də buradakı mühüm materiallardan istifadə edə bilər, həmçinin kameral siyahılar burada adı çəkilən torpaqların tərtib olunduğu dövrdə Azərbaycan türklərinə məxsus olduğunu göstərən ən mühüm rəsmi sənəddir.

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev tədqiqatçının fəaliyyəti ilə bağlı fikirlər səsləndiriblər. Qeyd ediblər ki, Rusiya imperiyasının Azərbaycan xanlıqlarını işğalından sonra tərtib olunmuş kameral təsvir sənədlərinin araşdırılmasında tədqiqatçının böyük əməyi vardır. O, gərgin zəhməti ilə Azərbaycan mənbəşünaslığına öz töhfəsini verib. Tədbir müzakirə formasında davam edib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Səbuhi HƏSƏNOV
XQ









Elm