Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
"Stellvagen-Benk" Milli Dəniz Qoruğunda balıqçılıq torlarına dolaşaraq hərəkətsiz qalan gənc qozbel balina ABŞ-nin Sahil Tədqiqatları Mərkəzinin (CCS) xüsusi komandası tərəfindən xilas edilib. Təhlükədə olan heyvanı ilk olaraq dəniz gəzintisinə çıxan insanlar fərq edib və Sahil Mühafizəsinə məlumat veriblər. Rəsmi qurumlar dərhal Milli Okean və Atmosfer Administrasiyası (NOAA) və CCS qrupu ilə əlaqə yaradaraq əməliyyata başlayıblar.
Hadisə yerinə gələn xilasedicilər balinanın quyruğunun balıqçı torları və iplərlə bərk sarıldığını və heyvanın bir nöqtədə ilişib qaldığını müəyyən ediblər. Yaxınlaşan güclü külək səbəbindən mütəxəssislər çox sürətlə hərəkət etməli olublar. Komanda üzvləri balinaya arxa tərəfdən yaxınlaşaraq 9 metrlik dirəyin ucuna bərkidilmiş qarmaqlı bıçaq vasitəsilə ipləri kəsməyi bacarıblar. Tamamilə əldən düşmüş balina azad olunduqdan sonra bir müddət suyun səthində hərəkətsiz qalıb və xilasedicilər o yenidən üzməyə başlayana qədər yanında gözləyiblər. Heyvanın bədənində xəsarətlər olsa da, mütəxəssislər onun tam sağalacağına əmindirlər.
Araşdırma zamanı məlum olub ki, bu gənc balina balıqçı tələsinə ilk dəfə deyil ki düşür. Onun bədənində keçmişdə torların buraxdığı bir neçə dərin, lakin artıq sağalmaqda olan kəsik izləri aşkarlanıb.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ

