XİN-də “İnsan Hüquqları Aylığı” çərçivəsində seminar təşkil olunub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İyunun 17-də Xarici İşlər Nazirliyi tərəfindən dövlət qurumlarının, ölkəmizdə akkreditə olunmuş diplomatik korpus əməkdaşlarının və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə “Şəffaf, məsuliyyətli və səmərəli dövlət xidmətlərinin göstərilməsi vasitəsi ilə insan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin təşviq edilməsi” mövzusunda seminar təşkil edilib.

XQ xəbər verir ki, seminar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə təsis edilmiş 18 İyun - İnsan Hüquqları Gününə həsr olunmuş və İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) təşəbbüsü ilə ölkəmizdə elan edilmiş 18 may-18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində keçirilib.

Seminar zamanı dövlət xidmətlərinin əlçatanlığının insan hüquqlarının müdafiəsinə və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına müsbət təsiri, “ASAN xidmət” modelinin qlobal səviyyədə təşviqi və tətbiqi, 2026-cı il martın 30-da BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə artıq üçüncü dəfə qəbul edilən və vətəndaş məmnunluğunu ön plana çıxaran “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin təşviq edilməsi” adlı qətnamənin əhəmiyyəti, dövlət xidmətlərində innovasiyaların və yeni texnologiyaların tətbiqi kimi mövzular ətrafında təqdimatlar edilib və müzakirə aparılıb.

Seminarda xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov, Milli Məclisin deputatı Kamal Cəfərov və Məhkəmə-Hüquq Şurasının Aparat rəhbərinin müavini Nurlan Həmidli Azərbaycanda dövlət xidmətlərinin səmərəli təşkili, o cümlədən “ASAN xidmət” modelinin milli və beynəlxalq səviyyədə tətbiqi, eləcə də rəqəmsal innovasiyaların və yeni texnologiyaların vətəndaş yönümlü xidmətlərə uğurlu inteqrasiyası, müvafiq qanunvericilik və məhkəmə təcrübəsi barədə danışıblar.

Pakistan, Türkiyə, Özbəkistan və Kolumbiyanın ölkəmizdəki səfirləri səmərəli dövlət xidmətlərinin təşkili üzrə milli təcrübələrini bölüşüb, “ASAN xidmət” modelinin tətbiqi üzrə əməkdaşlıq barədə məlumat veriblər. Tədbir çərçivəsində, həmçinin BMT-nin Azərbaycanda müvəqqəti rezident əlaqələndiricisi Nasar Hayat şəffaf və səmərəli dövlət xidmətlərinin Dayanaqlı İnkişaf Məqsədlərinə verdiyi mühüm töhfələrdən bəhs edib.

“İnsan Hüquqları Aylığı”nın təşəbbüskarı olan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının Aparat rəhbəri Aydın Səfixanlı seminarda yekun nitq ilə çıxış edib.













Siyasət