Еrmənistanda da “Moldova modeli”?

post-img

Seçkisonrası sərtləşən siyasi durum və sülhün müqəddəratı

Ermənistanda parlament seçkilərindən sonra hakimiyyətin atdığı addımlar ölkənin siyasi gələcəyi, hüququn aliliyi və demokratiyanın sərhədləri barədə diskussiyaları yenidən alovlandırıb. Xüsusilə Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin seçki cinayətlərində adı hallanan siyasi qüvvələrin növbəti seçkilərdə iştirakının qadağan edilməsini nəzərdə tutan qanunvericilik təşəbbüsü maraqla qarşılanıb. Bir çox ekspertilər hesab edirlər ki, indi İrəvanda gedən proseslər son illər Moldovada tətbiq olunan siyasi-hüquqi mexanizmləri xatırladır.

Bu modelin ilkin formalaşma mərhələsinə nəzər saldıqda bir neçə il əvvəl Moldovada baş verən analoji ssenari önə çıxır. Rəsmi Kişineu rusiyapərəst meyilləri ilə tanınan müxalif “Şor” partiyasını və onun ətrafındakı strukturları qeyri-qanuni maliyyələşmə, xarici kəşfiyyat şəbəkələri ilə əməkdaşlıq və milli təhlükəsizliyə birbaşa təhdid yaratmaqda ittiham etmişdi. Silsilə məhkəmə çəkişmələrindən sonra Moldova Konstitusiya Məhkəməsi partiyanı antikonstitusion elan edərək ləğv etdi. Eyni zamanda, onun rəhbər heyətinin seçkilərdə iştirak hüququna uzunmüddətli qadağa qoydu. Maya Sandu hakimiyyəti bu addımları “demokratiyanın özünümüdafiəsi” və hibrid müharibəyə qarşı qalxan kimi əsaslandırdı.

Bu gün Ermənistanda müşahidə olunan siyasi mənzərə də Moldovada baş verən proseslərlə müəyyən paralellər aparmağa imkan verir. Parlament seçkilərinin başa çatmasından sonra Baş nazir Nikol Paşinyan hələ yekun nəticələr tam açıqlanmadan seçki prosesində yol verilən pozuntularla bağlı bəyanatlar yaydı. O, müxalif siyasi qüvvələri seçicilərə rüşvət verməkdə ittiham etdi. Bildirdi ki, vətəndaşların azad iradəsinə təsir göstərmək cəhdləri müxalifət düşərgəsindən qaynaqlanıb. Paşinyan xüsusilə “Ermənistan” blokunun lideri, ölkənin ikinci prezidenti Robert Koçaryanı, “Güclü Ermənistan” blokunun rəhbəri Samvel Karapetyanı və “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanı hədəfə alaraq onları “üçbaşlı müharibə partiyası” adlandırdı.

Paşinyan siyasi bəyanatlarla kifayətlənməyərək həm də məhkəmə sisteminə və prokurorluq orqanlarına açıq, birbaşa direktivlər ünvanladı. O qeyd etdi ki, bu liderlər mütləq şəkildə uzunmüddətli həbs cəzaları almalı, azadlıqda qalmamalı və ən əsası, növbəti seçki proseslərinə buraxılmamalıdırlar: “Cinayətkar oliqarxiyanın ləğvi çox sürətlə və yüksək templə baş tutmalıdır. Qanunsuz əldə edilmiş əmlakın müsadirəsi mexanizmləri, cinayət işləri vasitəsilə bu proses yekunlaşmalıdır. Onlar siyasi qüvvə deyil, cinayətkar oliqarxik sistemin təmsilçiləridir və Ermənistanda heç bir fəaliyyət sahəsinə sahib olmamalıdırlar”.

Baş nazir seçki kampaniyası dövründə də onlara xəbərdarlıq etdiyini xatırladaraq, “Ermənistandan qaçmaq fürsətini xəyal edəcəksiniz, amma belə bir fürsətiniz olmayacaq” ifadəsini işlədib. Paşinyan həmçinin Ermənistanın digər keçmiş prezidenti Serj Sarkisyan barədə danışaraq, onun da “unudulmadığını” vurğulayıb.

***

Aydındır ki, bu kəskin çıxışların ardınca Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin qanunvericilik dəyişikliyi təşəbbüsü ilə çıxış etməsi daxili siyasətdəki təzyiqlərin sistemli xarakter aldığını göstərir. Qurumun əsas arqumenti seçki dövründə qeydə alınan korrupsiya faktları olsa da, prosesin hüquqi baxımdan ən zəif tərəfi hələlik ortada qəti məhkəmə hökmünün olmamasıdır. Buna baxmayaraq, Paşinyan hakimiyyəti siyasi rəqiblərini tamamilə neytrallaşdırmaqda israrlı görünür.

Şübhəsiz ki, bu hüquqi sərtləşmə və institusional təzyiqlər dərin geosiyasi kontekst və regional təhlükəsizlik dinamikası ilə bağlıdır. Xarici siyasət kursunu Qərbə doğru çevirən Paşinyan üçün bu seçkilər daxili idarəetmə davasından daha çox, İrəvanın geosiyasi seçiminin legitimlik sınağıdır. Beynəlxalq media və Qərb institutları da “Mülki müqavilə” partiyasının qələbəsini Ermənistanın Moskvadan uzaqlaşmaq və Avropa İttifaqına inteqrasiya xətti kimi qiymətləndirdi. Məhz bu nöqtədə İrəvan daxili müxalifətlə mübarizəyə həm də geosiyasi təhlükəsizlik prizmasından yanaşır. “Moldova modeli”ndə olduğu kimi, köhnə elita ilə əlaqəli və xarici təsirlərə açıq qüvvələrin sıradan çıxarılması “milli təhlükəsizliyin qorunması” fəlsəfəsi ilə əsaslandırılır. Bu isə daxili müxalifəti avtomatik olaraq “xarici təsir agenti” statusuna salır.

Mövcud vəziyyət fundamental bir sualı gündəmə gətirir: demokratik sistem özünü qorumaq üçün nə dərəcədə qeyri-demokratik üsullara əl ata bilər? Yada salaq ki, siyasi partiyaların qadağan olunması hüquqi dövlətlərdə yalnız şəffaf, müstəqil məhkəmə araşdırmaları və təkzibolunmaz sübutlar əsasında həyata keçirildikdə legitim sayılır. Əks halda, bu mexanizmlər avtoritarizmi rəsmiləşdirən siyasi alətə çevrilir. Ermənistan hazırda məhz bu təhlükəli cizgi üzərindədir. Hakimiyyət prosesi korrupsiyaya qarşı mübarizə kimi təqdim etdiyi halda, müxalifət bunu siyasi repressiya dalğası adlandırır.

Bir şey aydındır ki, əgər İrəvan siyasi partiyaların və blokların fəaliyyətini inzibati qaydada məhdudlaşdıran qanun layihəsini qəbul edib icraya yönəldərsə, ölkənin daxili siyasi arxitekturası uzun müddət mübahisəli “Moldova modeli”nin mənfi presedentləri altında qalacaq. Bu addım Ermənistanın daxili siyasi meydanını tamamilə yenidən formalaşdıra və müxalifət fəaliyyətini qeyri-leqal müstəviyə keçməyə məcbur edə bilər. Hakimiyyətin bu qərarı cəmiyyətdə qütbləşməni daha da dərinləşdirməklə yanaşı, ölkəni daxili idarəolunmaz xaosa sürükləyə bilər. Bu da İrəvanın sülh prosesindəki öhdəliklərini yerinə yetirmək iradəsini sarsıdar.

***

Yaxın aylarda parlamentə göndəriləcək yekun sənədin mətni, onun konstitusiyaya uyğunluğu, beynəlxalq hüquqi əsaslandırılması və ən əsası, konkret olaraq, hansı müxalif liderləri hədəf alacağı Ermənistan demokratiyasının real səviyyəsini müəyyən edən fundamental diaqnoz olacaq. Bu qanunvericilik aktı İrəvanın bəyan etdiyi Avropa yönümlü “demokratikləşmə” kursunun həqiqi mahiyyətini, yoxsa daxili hakimiyyəti qorumaq üçün rəqibləri sıradan çıxaran avtoritar alət olduğunu ortaya qoyacaq. Qərbin bu presedentə verəcəyi reaksiya və Venesiya Komissiyası kimi institutların hüquqi rəyləri Ermənistanın beynəlxalq imicinin və gələcək trayektoriyasının əsas indikatoruna çevriləcək.

Rəsmi Bakı İrəvandakı siyasi qeyri-sabitliyin və daxili qütbləşmənin idarəolunmaz xaosa çevrilməsi risklərini diqqətlə izləyir. Çünki Ermənistanın daxili sisteminin kövrəkliyi onun sülh danışıqlarında qətiyyətli addımlar atmaq iradəsini zəiflədir və öhdəliklərin icrasını süni şəkildə yubadır.

Eyni zamanda, Azərbaycan regiona kənar hərbi-siyasi qüvvələrin gətirilməsi cəhdlərinə qarşı prinsipial mövqe tutur. İrəvanın daxili təmizləmələri, geosiyasi şüarlarla maskalaması və silahlanma yarışına meyillənməsi regional gərginliyi artırır. Bakının mövqeyi isə qətidir: Cənubi Qafqazın problemləri regional dövlətlərin birbaşa dialoqu və "3+3" formatı çərçivəsində kənar diktələr olmadan həll edilməlidir.

Beləliklə, Azərbaycan daxili böhranlar yaşayan Ermənistandan fərqli olaraq, bölgədə sabitliyin, Orta Dəhliz kimi irimiqyaslı logistik və iqtisadi layihələrin əsas təminatçısıdır. Bakının hədəfi Ermənistanın siyasi xaosdan xilas olaraq regional əməkdaşlığa qoşulmasıdır. Bunun yeganə yolu İrəvanın daxili ambisiyaları kənara qoyub sülh sazişini imzalamasıdır. Azərbaycan hər bir ssenariyə qarşı milli maraqlarını və suverenliyini ən yüksək səviyyədə qorumaqdadır.

Pünhan ƏFƏNDİYEV
XQ





Siyasət