İtaliyanın Bolonya şəhərində yerləşən “Palazzo Fava Mascerotti” məkanında Milli Qurtuluş Gününə həsr olunmuş “Zamanın rəngləri: Azərbaycan rəssamlarının baxışı” adlı Azərbaycan rəssamlarının qrup sərgisi açılıb.
Bolonya şəhəri rəsmilərinin, incəsənət və akademik dairələrin nümayəndələrinin, media təmsilçilərinin və həmvətənlərimizin iştirak etdikləri mərasimdə Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdaraq Azərbaycanı güclü ölkəyə çevirmək istiqamətində misilsiz xidmətlərindən danışıb. Ölkələrimiz arasında strateji xarakter daşıyan əməkdaşlıqdan bəhs edən səfir mədəniyyət və təhsilin bu əməkdaşlıqda böyük rol oynadığını vurğulayıb.
Azərbaycanın İtaliyadakı Mədəniyyət Mərkəzinin direktor müavini Gülnar Tağızadə sərgi haqqında ətraflı məlumat verib, Ulu öndərin mədəniyyəti xalqlar arasında dostluq körpüsü adlandırdığını bildirib.
Xatırladaq ki, sərgi ilk dəfə ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Romada nümayiş olunub. Səyyar sərgi İtaliyanın müxtəlif şəhərlərində sərgilənir. 14 rəssamın 31 rəsm əsərinin və 3 heykəltaraşlıq nümunəsinin təqdim edildiyi sərgi Bolonyada iyunun 21-dək açıq olacaq.
XQ

