Türkiyədə Milli Qurtuluş Günü şənliyi

post-img

Türkiyənin Merzifon şəhərində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycan incəsənətinə baxış” adlı konsert proqramı təşkil olunub.

Şəhərin mərkəzində, tarixi hissədə yerləşən Taşhan Karvansaray Kompleksinin həyətində açıq havada keçirilən şənlik böyük maraqla qarşılanıb. İştirakçılara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəqil Azərbaycanın qurucusu kimi tarixi xidmətlərinə və müasir Azərbaycanın nailiyyətlərinə həsr olunmuş fotosərgi də təqdim edilib.

Təntənəli mərasimdə Merzifon Bələdiyyəsinin rəhbəri Alp Karqı Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və qardaşlıq münasibətlərindən danışıb. Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov xalqımızın müstəqillik tarixində dönüş nöqtəsi olan 15 İyun – Milli Qurtuluş Gününün əhəmiyyətindən bəhs edib.

Çıxış edənlər Azərbaycanın dünya mədəniyyətinə bəxş etdiyi zəngin irsdən danışıblar. Onlar milli musiqimizin, muğam sənətinin, aşıq yaradıcılığının, opera sənətinin, folklorumuzun və milli rəqslərimizin dünyada böyük şöhrət qazandığını qeyd ediblər.

Məclis musiqili-bədii hissə ilə davam edib, çal-çağır dostluq və qardaşlıq duyğularını təcəssüm etdirib.

XQ

Sosial həyat