Böyük futbolun 2-5-ci günləri

post-img

İyunun 11-də start götürən ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ–2026 futbol tarixinə ən böyük və genişmiqyaslı mundial kimi düşür. Bu möhtəşəm turnir 3 ölkədə, 16 şəhərdə və rekord sayda – 48 komandanın iştirakı ilə keçirilir.

Turnirin 2-ci günündə ev sahiblərindən biri olan ABŞ millisi, Los-Ancelesdəki SoFi stadionunda azarkeşləri önündə möhtəşəm oyun nümayiş etdirərək Paraqvay üzərində 4:1 hesabı ilə inamlı qələbə qazanıb. Görüşün 7-ci dəqiqəsində Damyan Bobadilya (Paraqvay) öz qapısına, 31-ci və 45+4-cü dəqiqələrində Folarin Baloqan (ABŞ), 73-cü dəqiqədə Maurisio Prado (Paraqvay) və 90+8-ci dəqiqədə Covanni Reyna (ABŞ) fərqləndilər. Paraqvay üzərində qazanılan bu inamlı qələbə turnirin ən çox izlənilən matçlarından biri olub. ABŞ komandası hücum xəttindəki effektivliyi ilə qrup liderliyinə iddialı olduğunu sübut edib.

Digər ev sahibi Kanada Torontoda öz tarixinin ilk ev mundialı matçına çıxıb. Bosniya təmsilçisi Yovo Lukiç matçın 21-ci dəqiqəsində hesabı açsa da, kanadalıların ulduz hücumçusu Kayl Larin 78-ci dəqiqədə bərabərlik qolunu vuraraq komandasını məğlubiyyətdən xilas edib – 1:1.

Günün 3-cü oyunu haqda isə Cənubi Koreya–Çexiya (2:1) qəzetimizin ötən nömrəsində geniş şərh vermişik.

Mundialın 3-cü günü B, C və D qruplarında oyunlar daha çox taktiki mübarizə və gözlənilməz xal itkiləri ilə yadda qalıb. Belə ki, 24 il sonra dünya çempionatına qayıdan Türkiyə millisi turnirə məğlubiyyətlə başlayıb. D qrupunda qarşılaşma Avstraliya millisinin qələbəsi ilə yekunlaşıb – 2:0.

C qrupunda Braziliya Mərakeş oyununda tərəflər hərəyə bir dəfə fərqləniblər –1:1.Vinisius Juniorun səylərinə rəğmən Braziliya son dərəcə nizamlı müdafiə olunan Mərakeş səddini tam yara bilməyib.

Bu qrupda şotlandlar 28 illik DÇ həsrətinə Haitini minimal hesabla məğlub edərək başlayıblar–1:0.

B qrupunda Qətər İsveçrə ilə heç-heçə edib. Asiya çempionu Qətər avropalılardan xal almağı bacarıb–1:1.

Turnirin 4-cü günü – E və F qruplarının oyunlarının keçirildiyi gündə azarkeşlər əsl qol yağışının şahidi olublar. Almaniya və İsveç milliləri rəqiblərinə aman verməyiblər. E qrupunda 4 qat dünya çempionu Almaniya, turnirin debütantı Kürasaonu darmadağın edib–7:1. Kürasaonun vurduğu təsəlli qolu ölkə tarixinə ilk DÇ qolu kimi düşüb.

F qrupunda İsveç millisi də turnirə olduqca dinamik və inamla başlayaraq Tunisi böyük hesabla məğlub ediblər – 5:1.

Həmin qrupda günün ən gərgin oyununda Yaponiya son dəqiqələrdə vurduğu qolla Niderlanddan 1 xal qoparmağı bacarıb – 2:2.

E qrupunda Fil Dişi Sahili Ekvadorla qarşılaşıb. Amad Diallonun 90-cı dəqiqədə vurduğu dramatik qol afrikalılara vacib 3 xal qazandırıb.

Mundialın 5-ci günündə G və H qruplarında mübarizəyə start verilib və günün ən böyük sürprizinə turnirin debütantı olan Kabo-Verde imza atıb. Maraqlıdır ki, həmin gün keçirilən bütün matçlar bərabərliklə başa çatıb.

H qrupunda mübarizə aparan İspaniya Kabo-Verde qarşılaşması qolsuz bərabərliklə başa çatıb. İspanlar oyun ərzində rəqib komandaya top göstərməsələr də, istəklərinə çata bilməyiblər. Turnirin əsas favoritlərindən sayılan ispanlar Kabo-Verdenin qapıçısı Vozinyanın möhtəşəm oyunu sayəsində 1 xalla kifayətləniblər.

Həmin qrupda Səudiyyə Ərəbistanı – Uruqvay matçında da eyni nəticə qeydə alınıb – 1:1. Cənubi Amerika təmsilçisi Uruqvay ərəblərin ciddi müqaviməti ilə rastlaşıb.

G qrupunda Belçika – Misir görüşü də heç-heçə başa çatıb–1:1. Avropa nəhəngi Afrika təmsilçisi qarşısında üstünlüyünü qoruya bilməyib.

Yenə həmin qrupda İran Yeni Zelandiya oyunu heç-heçə başa çatıb–2:2. Yeni Zelandiya iki dəfə hesabda önə keçsə də, İran əzmkarlıq nümayiş etdirərək bərabərliyə nail olub.

Dünən gecə I qrupda saat 23:00-da Fransa – Seneqal, bu gün saat 2:00-da İraq – Norveç, J qrupunda isə 5:00-da Argentina – Əlcəzair qarşılaşmaları keçirilib.

Q.YUSİFOĞLU
XQ

İdman