Güləş Federasiyasında yeni komitə

post-img

Azərbaycan Güləş Federasiyasında (AGF) Güləş İrsi və İcması Komitəsi yaradılıb.

AGF-nin baş katibi Pərvin Piriyevin rəhbərliyi ilə baş tutan ilk iclasda təşkilati məsələlərə baxılıb. Qərara əsasən, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Elçin Cəfərov Komitənin sədri, AGF-nin baş katibinin müavini Aydan Məmmədhəsənova isə Komitənin katibi seçilib.

Komitənin tərkibində AGF-nin Nümayəndəliklərlə İş şöbəsinin müdiri Elfaq Səfərov, İdman şöbəsinin mütəxəssisi Yaqub Məmmədov, Əməkdar bədən tərbiyəsi və idman Xadimi Vahid Məmmədov və sərbəst güləş üzrə milli komandanın məşqçisi Arif Abdullayev üzv qismində təmsil olunurlar.

İclas zamanı Komitənin fəaliyyət planı müzakirə olunaraq təsdiqlənib. Fəaliyyət planına güləş üzrə veteranların müəyyənləşdirilməsi meyarlarının hazırlanması, onlara göstərilən diqqət və qayğının artırılması, eləcə də güləş irsinin qorunması və gələcək nəsillərə ötürülməsinə xidmət edən təşəbbüslər daxil edilib.

Qabil YUSİFOĞLU
XQ

 

İdman