Marneulidə vandalizmə məruz qalan Nizami Gəncəvi büstünün bərpasına başlanılıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Gürcüstanın Marneuli şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vandalizmə məruz qalmış büstünün bərpası istiqamətində işlərə start verilib.

Marneuli–Algeti avtomobil yolunun kənarında yerləşən abidə bir müddət əvvəl naməlum şəxslərin hücumuna məruz qalıb. Hadisə nəticəsində büstün üzərindəki mozaika kompozisiyaları, dekorativ daş elementləri və bəzək hissələri ciddi şəkildə zədələnib. İctimaiyyət arasında narazılıq doğuran bu vandalizm aktı yerli hakimiyyət orqanları və ictimai təşkilatlar tərəfindən kəskin şəkildə pislənib.

Marneuli meriyasının dəstəyi və Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) təşəbbüsü ilə abidənin əvvəlki görkəminə qaytarılması üçün genişmiqyaslı bərpa işlərinə başlanılıb. Bərpa prosesini GAK-ın Dmanisi rayon təşkilatının üzvü, tanınmış rəssam-inkrustator Qəşəm Süleymanov həyata keçirir.

Marneuli meri Daur İsmayılov, GAK sədri Hüseyn Yusubov və bələdiyyə məclisinin nümayəndələri görülən işlərlə yerində tanış olaraq bərpa prosesinin gedişini qiymətləndiriblər.

Meri Daur İsmayılov bildirib ki, Nizami Gəncəvinin büstünə qarşı törədilən bu hərəkət onu həm şəhər rəhbəri, həm də vətəndaş kimi dərindən məyus edib:

“Tarixi və mədəni irs nümunələrinə qarşı yönələn belə halları qətiyyətlə pisləyirik. Gürcüstan Azərbaycanlıları Konqresinin irəli sürdüyü təşəbbüs təqdirəlayiqdir və Meriya bu işə tam dəstək göstərir. Hazırda abidənin əvvəlki estetik görünüşünün bərpası üçün ciddi və məsuliyyətli iş aparılır”.

GAK sədri Hüseyn Yusubov isə qeyd edib ki, Marneulidə Nizami Gəncəvinin abidəsinin ucaldılması Azərbaycan və Gürcüstan xalqları arasında mövcud olan dostluq, mədəni əməkdaşlıq və qarşılıqlı hörmət münasibətlərinin parlaq nümunəsidir.

Onun sözlərinə görə, Gürcüstan ərazisində Azərbaycan tarixinin və mədəniyyətinin görkəmli şəxsiyyətlərinin xatirəsini yaşadan bir sıra abidələr və memorial məkanlar mövcuddur. Belə ki, Tbilisi və Rustavi şəhərlərində Ümummilli Lider Heydər Əliyevin abidələri ucaldılıb, Tbilisi panteonunda isə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Fətəli xan Xoyski və Həsən bəy Ağayevin, eləcə də maarifçi və mütəfəkkirlər Mirzə Fətəli Axundzadə və Mirzə Şəfi Vazehin məzarları yerləşir. Marneuli şəhərində isə Nizami Gəncəvi və Nəriman Nərimanovun büstləri fəaliyyət göstərir.

H.Yusubov əlavə edib ki, Gürcüstanın aidiyyəti dövlət qurumları tərəfindən bərpa prosesinə dəstək göstərilməsi ilə bağlı təkliflər səsləndirilsə də, Gürcüstan Azərbaycanlıları Konqresi abidənin bərpasını öz vəsaiti hesabına həyata keçirmək qərarına gəlib. Onun sözlərinə görə, işlər yekunlaşdıqdan sonra Nizami Gəncəvinin adı abidənin üzərində həm Azərbaycan, həm də gürcü dillərində həkk olunacaq.

Bərpa işlərini həyata keçirən rəssam-inkrustator Qəşəm Süleymanov isə bu missiyanı böyük qürur hissi ilə yerinə yetirdiyini vurğulayıb:

“Nizami Gəncəvi yalnız Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin mədəni irsində mühüm yer tutan nadir şəxsiyyətlərdəndir. Onun irsinin yaşadılmasına töhfə vermək və abidəsinin bərpasında iştirak etmək mənim üçün böyük şərəf və məsuliyyətdir”.

Yerli kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, büstün zədələnməsində şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Məlumatda həmin şəxsin psixi sağlamlıq problemlərinin olduğu qeyd olunur.

Qeyd edək ki, Nizami Gəncəvinin xatirəsinə ucaldılmış abidələr təkcə Azərbaycan üçün deyil, regionun ortaq mədəni irsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Marneulidə aparılan bərpa işləri bu dəyərlərin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edən mühüm addım kimi qiymətləndirilir.

Mədəniyyət