Beynəlxalq siyasətdə ən təhlükəli və yanlış təsəvvürlərdən biri dövlətlərin bir-birini "sevdiyi", "himayə etdiyi" və ya "xüsusi rəğbət bəslədiyi" barədə yanaşmadır. Geosiyasətdə maraqlar həlledici rol oynayır. Məhz buna görə, son illər Avropa İttifaqı (Aİ) ilə Ermənistan arasında sürətlə inkişaf edən münasibətlərə romantik və ideoloji prizmadan deyil, strateji maraqlar kontekstində baxmaq lazımdır. Brüsselin İrəvana artan diqqəti həqiqətənmi demokratiya, insan hüquqları və dəyərlərlə bağlıdır, yoxsa bu proses daha geniş geosiyasi hesablamaların tərkib hissəsidir?
Ukrayna müharibəsi Aİ-nin xarici siyasət və təhlükəsizlik prioritetlərini ciddi şəkildə dəyişdirdi. Rusiya ilə münasibətlərin kəskin pisləşməsi, enerji təhlükəsizliyi ilə bağlı narahatlıqlar və qlobal təchizat zəncirlərinin yenidən formalaşması Avropanı yeni marşrutlar, tərəfdaşlar və geosiyasi dayaq nöqtələri axtarmağa məcbur etdi. Belə bir şəraitdə Cənubi Qafqaz Avropanın strateji xəritəsində əvvəlkindən daha önəmli yer tutmağa başladı. Bu gün region Avropa üçün yalnız qonşuluq siyasətinin bir hissəsi deyil. Cənubi Qafqaz Xəzər hövzəsindən Avropaya enerji daşınmasını təmin edən marşrutların üzərində yerləşir, Orta Dəhlizin vacib komponentlərindən biridir və Avropa ilə Mərkəzi Asiya arasında formalaşan yeni iqtisadi əlaqələrin ayrılmaz hissəsinə çevrilib. Eyni zamanda, region Rusiya, İran və Türkiyə kimi güc mərkəzlərinin maraqlarının kəsişdiyi geosiyasi məkan olaraq xüsusi əhəmiyyət daşıyır. Məhz dəyişən geosiyasi reallıq Ermənistanın da Avropa üçün əhəmiyyətini artırıb. Bir neçə il əvvələ qədər Ermənistan Aİ-nin xarici siyasət gündəmində əsas prioritetlərdən hesab olunmurdu. Bu gün isə ölkə Avropa Komissiyasının sənədlərində, Avroparlamentin müzakirələrində və Brüsselin regional strategiyalarında daha çox yer almağa başlayıb. Bunun səbəbi Ermənistanın birdən-birə Avropa üçün vazkeçilməz tərəfdaşa çevrilməsi deyil. Əsas səbəb Avropanın Cənubi Qafqazda artan geosiyasi rəqabətdən kənar qalmaq istəməməsidir.
Ukrayna müharibəsindən sonra Rusiyanın postsovet məkanındakı təsir imkanlarının nisbi zəifləməsi Brüsseldə yeni imkan pəncərəsi kimi qiymətləndirilir. Aİ anlayır ki, regionda yaranan geosiyasi konfiqurasiya gələcəkdə Cənubi Qafqazın siyasi və iqtisadi istiqamətini müəyyən edəcək. Mövcud prosesdən kənarda qalmaq isə Avropanın regional təsir imkanlarının məhdudlaşması deməkdir. Ermənistan da məhz bu kontekstdə Avropa siyasətində daha görünən yer tutmağa başlayıb.
***
Bununla belə, beynəlxalq siyasətdə bəyanatlardan daha çox rəqəmlər və faktlar danışır. Ermənistanın iqtisadi göstəricilərinə nəzər saldıqda ortaya maraqlı mənzərə çıxır. Son illər Aİ ilə siyasi münasibətlər inkişaf etsə də, Ermənistan iqtisadiyyatının əsas dayaqları hələ də Rusiya ilə əlaqəlidir. Ermənistan ixracının əhəmiyyətli hissəsi Rusiyaya yönəlir, ölkəyə daxil olan pul köçürmələrinin böyük hissəsi Rusiya ilə bağlıdır və enerji sahəsində də Moskvanın təsiri davam edir. Əgər Brüsselin əsas məqsədi Ermənistanı iqtisadi baxımdan Rusiyadan uzaqlaşdırmaq olsaydı, bu proses geniş bazar imkanları, böyük investisiya paketləri və dərin iqtisadi inteqrasiya proqramları ilə müşayiət olunardı. Hələlik isə müşahidə olunan mənzərə fərqlidir. Ermənistan siyasi dəstək alır, müxtəlif Avropa proqramlarına cəlb olunur və maliyyə yardımlarından faydalanır. Lakin bu dəstək ölkənin iqtisadi strukturunu köklü şəkildə dəyişdirəcək miqyasda deyil. Məhz burada Ermənistan–Aİ münasibətlərinin əsas paradoksu ortaya çıxır. Brüssel İrəvanın Rusiyadan siyasi və strateji məsafə saxlamasını təşviq edir, lakin Moskvanın uzun illər oynadığı iqtisadi və təhlükəsizlik rolunu öz üzərinə götürməyə tələsmir.
Son illər Aİ-nin Ermənistanda fəallığı əhəmiyyətli dərəcədə artıb. 2023-cü ildə qurumun Mülki Müşahidə Missiyasının (EUMA) fəaliyyətə başlaması Brüsselin regionda daha görünən aktora çevrilmək istədiyini göstərdi. Lakin bu missiyanın mandatı müşahidə və hesabat funksiyaları ilə məhdudlaşır. Missiya hərbi qüvvə müdafiə mexanizmi deyil və Ermənistanın təhlükəsizliyinə təminat vermir. Eyni vəziyyət siyasi inteqrasiya məsələsində də müşahidə olunur. Avropa rəsmiləri Ermənistanı vacib tərəfdaş adlandırsalar da, ölkənin Aİ-yə üzvlüyü ilə bağlı konkret yol xəritəsi təqdim etmirlər. Ermənistan üçün nə üzvlüklə bağlı tarix müəyyənləşdirilib, nə də inteqrasiyanın hansı mərhələdə və necə həyata keçiriləcəyinə dair aydın perspektiv mövcuddur.
Təhlükəsizlik məsələsində isə qeyri-müəyyənlik daha qabarıq görünür. Ermənistan son illərdə KTMT ilə münasibətlərini faktiki olaraq dondurub, Rusiya ilə təhlükəsizlik sahəsindəki əməkdaşlığını yenidən nəzərdən keçirir və alternativ tərəfdaşlar axtarır. Fransa ilə müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi, yeni silah sistemlərinin alınması və Qərblə təhlükəsizlik dialoqunun intensivləşdirilməsi bu siyasətin elementləridir. Lakin nə Fransa, nə Avropa İttifaqı, nə də NATO Ermənistanın təhlükəsizliyinə dair kollektiv öhdəlik götürməyə hazır olduqlarını bəyan etmirlər.
***
Beləliklə, Ermənistan mürəkkəb geosiyasi keçid mərhələsindədir. Ölkə uzun illər üzərində qurulmuş təhlükəsizlik və iqtisadi əlaqələr sistemindən uzaqlaşmağa çalışır, lakin onu əvəz edəcək alternativ sistemə hələ tam inteqrasiya olunmayıb. Belə bir vəziyyət İrəvana müəyyən siyasi manevr imkanları qazandırsa da, eyni zamanda, ciddi risklər yaradır. Bütün bunlar Aİ-nin Ermənistan siyasətinin mahiyyətini daha aydın göstərir. Brüssel üçün əsas məsələ Ermənistanın özü deyil, Ermənistanın yerləşdiyi geosiyasi məkan və həmin məkanın Avropa maraqları baxımından daşıdığı əhəmiyyətdir. Ermənistan Rusiyanın cənub sərhədlərinə yaxın yerləşir, İranla həmsərhəddir, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması prosesində mühüm yer tutur və regionun gələcək nəqliyyat-kommunikasiya layihələrində potensial rol oynayır. Aİ-nin marağı da məhz bu amillərlə bağlıdır. Bu səbəbdən Ermənistan–Aİ münasibətlərini yalnız demokratiya, insan hüquqları və ya dəyərlər çərçivəsində izah etmək mümkün deyil. Həmin amillər siyasi ritorikanın vacib hissəsi olsa da, prosesin əsas hərəkətverici qüvvəsi geosiyasi maraqlardır. Aİ Cənubi Qafqazda təsir imkanlarını artırmaq, Avrasiya bağlantılarında daha fəal iştirak etmək və regionun gələcək siyasi düzəninin formalaşmasında rol oynamaq istəyir. Ermənistan isə bu strategiyada mühüm platformalardan biri kimi çıxış edir.
Son olaraq qeyd edək ki, geosiyasətin dəyişməyən qaydası budur: dövlətlər daimi dostluqlara deyil, daimi maraqlara əsaslanırlar. Bu gün Ermənistan Avropa üçün əhəmiyyətlidir, çünki o, müəyyən geosiyasi funksiyalar yerinə yetirir. Sabah regional reallıqlar dəyişərsə, prioritetlər də dəyişə bilər. Məhz buna görə Ermənistanın qarşısında duran əsas vəzifə hər hansı xarici gücün simpatiyasına güvənmək deyil, dəyişən beynəlxalq mühitdə öz milli maraqlarını maksimum dərəcədə təmin edə biləcək siyasət formalaşdırmaqdır.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

