“G7” sammitində Vaşinqton–Kiyev məsləhətləşməsi

post-img

“Böyük yeddilik” görüşü etirazlar və Ukraynanın Moskvaya hücumları ilə müşayiət olunur

Sammitdə ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Ukrayna və Yaponiya liderləri, eləcə də Avropa İttifaqının nümayəndələri iştirak edirlər. Əsas müzakirə mövzuları Yaxın Şərq və Ukraynadakı vəziyyətdir. Liderlər danışıqlar üçün bir araya gəlməyə hazırlaşarkən, Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Kiyevə edilən son hücumlara cavab olaraq Moskva neft emalı zavoduna zərbələr endirilib.

“France 24”ün yaydığı məlumata görə, Böyük Britaniyanın Baş naziri Kir Starmer “G7” sammitindən əvvəl bildirib ki, Ukraynaya nüvə elektrik stansiyaları üçün zənginləşdirilmiş uran verəcək və Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.

Dünən “Böyük yeddilik” görüşündən az sonra V.Zelenski ABŞ nümayəndə heyəti ilə ikitərəfli təmaslardan çəkilmiş foto-kadrları özünün “Telegram” hesabında paylaşıb. Ukrayna lideri fotoşəkillərin altına “Mövqeləri əlaqələndirmək həmişə vacibdir” şərhini yazıb. Sammitdə Ukrayna liderini Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, ABŞ Prezidentini isə Dövlət katibi Marko Rubio müşayiət edirlər. Donald Tramp isə bu görüşün çox yaxşı keçdiyini, həmçinin sammit çərçivəsində Volodimir Zelenski ilə bir daha görüşəcəyini deyib. İkinci görüşün iyunun 16-sı keçiriləcəyi planlaşdırılırdı.

***

Fransanın Evian şəhərində keçirilən “G7” (“Böyük yeddilik”) sammiti öncəsi “No G7” hərəkatının təşkil etdiyi yürüşə on minlərlə insan qatılıb. İsveçrənin Cenevrə şəhərində sammitə qarşı küçə iğtişaşları, yanğınlar, toqquşmalar davam edir. Yerli polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edir. İğtişaşlarda bir sıra beynəlxalq təşkilat və şirkətlərin ofisləri, o cümlədən Beynəlxalq Əmək Təşkilatı və Beynəlxalq Yayım Birliyinin binaları zərər görüb. Minlərlə antiqlobalist Cenevrə şəhərinin küçələrinə çıxaraq “Fələstinə azadlıq”, “Biz hamımız antifaşistik” kimi şüarlar səsləndirir, həmçinin G7 ölkələrinin siyasətini tənqid edən plakatlar daşıyırlar. Aksiyada “Biz hamımız qrenlandiyalıyıq” və “Bir daha heç vaxt” kimi şüarlar yazılmış bannerlər də nümayiş etdirilir.

***

“G7” sammit barədə Qərb mediasının yaydığı xəbərlərdə deyilir ki, V.Zelenski D.Trampla antiballistik raket istehsalına dair lisenziya almaq məsələsini müzakirə edib. Ukrayna prezidenti ilə ABŞ prezidenti söhbət çərçivəsində Ukrayna Silahlı Qüvvələri üçün antiballistik raket sistemləri və raketlərin istehsalı üçün lisenziyanın alınmasını müzakirə edib. Bu barədə “European Pravda” qəzeti məlumat yayıb. Volodimir Zelenski bildirib ki, Ukraynanın yeni hava hücumundan müdafiə sistemləri alması məsələsi “G7” liderləri ilə müzakirələr zamanı əsas mövzulardan biridir. O, prezident Trampla söhbətlərində bu məsələni qaldırdığını vurğulayıb: “Biz bunu ABŞ Prezidenti Donald Trampla da müzakirə etdik. Komandalarımız bunun üzərində işləyəcəklər. İnşallah, bu dəfə müvafiq antiballistik raket sistemləri və raketlərinin istehsalı üçün lisenziya əldə edə biləcəyik”.

Qeyd edək ki, bundan əvvəl Volodimir Zelenski eyham vurmuşdu ki, Qərb Ukraynanın ballistik raket proqramının inkişafına mane olur. O, iddia edib ki, təkcə Rusiya deyil, digər ölkələr də Kiyevin öz sistemini inkişaf etdirməsinə qarşıdır. Bunun səbəblərinə gəldikdə isə Ukrayna lideri hesab edir ki, müdafiə sektorunda “biznes” rəqabətlə bağlıdır.

***

Ukrayna liderinin sözlərinə görə, genişmiqyaslı müharibəyə son qoyulması məqsədilə belə bir görüş məhz “G7” sammiti çərçivəsində baş tuta bilərdi, amma Rusiya Prezidenti danışıqlara hazır deyil: “Çünki orada Tramp və Makron da olacaq. Yəni həm Avropa, həm də ABŞ təmsilçiləri iştirak edəcəklər. Fikrimcə, bu, hamımızın bir araya gələrək görüşməsi üçün çox yaxşı imkandır”.

Yeri gəlmişkən, Avropa İttifaqı “G7” sammitində Kiyevə təqribən 45 milyard avro vəsaitin ayrılması məsələsi qaldırılıb. Bu təkliflə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen çıxış edib. Amma müşahidəçilər sammitdə münaqişənin həlli istiqamətində irəliləyişə az ümid edirlər. Fransanın “Le Monde” qəzeti yazır ki, təkcə Ukrayna böhranı deyil, Emmanuel Makron üç aydır qlobal iqtisadiyyatı və Yaxın Şərqdə sabitliyi sarsıdan münaqişənin həlli ilə bağlı strateji müzakirələri yenidən “G7” masasına gətirməyi hədəfləyir. Britaniyanın “Guardian” nəşri isə bildirir ki, “G7”nin bütün gücünün birləşməsinə baxmayaraq, bu sammit mahiyyət etibarilə bir nəfəri – ABŞ prezidenti Donald Trampı maraqlandıran məsələləri müzakirə edir. Sammit bu gün işini davam etdirəcək.

***

“Əgər Volodimir Zelenski məsuliyyətlə və ciddi danışıqlara hazırdırsa, o, həmişə Moskvaya gələ bilər və burada yüksək səviyyədə qəbul ediləcək”. Bu maraqlı açlıqlamanı Kremlin sözçüsü Dmitri Peskov deyib. Onun bu paylaşımı Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinə “G7” sammiti çərçivəsində görüş təklifinə reaksiyası sayılır. Putin onun bu təklifini rədd edib.

XQ



Siyasət