"Spiegel": Almaniya Hörmüz boğazındakı missiyaya qoşulmağı planlaşdırır

post-img

Almaniya Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi üzrə əməliyyata qoşula bilər. "Spiegel" nəşrinin mənbələri iddia edir ki, ölkənin Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi artıq yaxın vaxtlarda qəbul edilməsi planlaşdırılan müvafiq sənəd layihəsini hazırlayıb.

Hazırda Aralıq dənizində Almaniya HDQ-nə məxsus iki gəmi - "Fulda" mina axtaran gəmisi və "Mosel" təminat gəmisi var. "Spiegel"in məlumatına görə, ölkənin Müdafiə Nazirliyi yaxın gələcəkdə həmin gəmiləri Hörmüz boğazına köçürməyə (dislokasiya etməyə) hazırdır.

"Spiegel" xatırladır ki, G7 sammitində Almaniya kansleri Fridrix Merts ölkə HDQ-nin əməliyyatda mümkün iştirakını şərh edib. Onun sözlərinə görə, sənədin hüquqi bazası hələ tam hazır deyil, Bundestaq və federal hökumət isə bu təşəbbüsü hələlik bəyənməyib. "Spiegel" həmçinin diqqəti ona cəlb edir ki, sözügedən mandat BMT Təhlükəsizlik Şurası tərəfindən də təsdiqlənməlidir.

ABŞ və İran iyunun 15-də sülh sazişi bağlayıblar. Tərəflər sənədi rəsmi olaraq iyunun 19-da İsveçrədə imzalayacaqlar, bundan sonra isə sülh tənzimlənməsinin yerdə qalan məsələləri üzrə 60 günlük danışıqlar prosesi başlayacaq. Fransa Prezidenti Emmanuel Makron ölkəsinin Böyük Britaniya ilə birlikdə Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi missiyasına rəhbərlik etməyə hazır olduğunu bəyan edib.

S.ELAY

XQ

Dünya