Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
London İmperial Kollecinin (ICL) mətbuat xidmətinin məlumatına görə, beynəlxalq fiziklər qrupu ölçmələr zamanı kənar maneələrin (küylərin) səviyyəsini kəskin şəkildə azaltmağa imkan verən diferensial atom interferometriyası prinsipi əsasında ilk tamdəyərli kvant detektorunu ərsəyə gətiriblər. Bu cihaz birbaşa qravitasiya dalğalarını və sirli qaranlıq maddəni qeydə almaq üçün nəzərdə tutulub. ICL-in professoru Olivye Buxmüller bildirib ki, bu nailiyyət Fermi laboratoriyasındakı "MAGIS" detektoru və CERN-dəki "AICE" qurğusu kimi nəhəng layihələrin reallaşmasına birbaşa yol açır.
Atom interferometrləri atomların kvant xassələrindən istifadə edərək müxtəlif qüvvələrin, o cümlədən qravitasiyanın təsiri altında hissəciklərin məkandakı mövqeyinin necə dəyişdiyini ultra-dəqiqliklə ölçən cihazlardır. Bu qurğular sezium, natrium və ya stronsium kimi tək ulduz atomlarının buludlarını ətraf mühitdən təcrid edən xüsusi optik tələlər əsasında fəaliyyət göstərir. Ölçmə zamanı alimlər bu atom buludlarının kvant xassələrini elə idarə edirlər ki, onlar hissəcik kimi deyil, dalğa obyekti kimi davranmağa başlayırlar. Bu dalğaların lazer şüaları ilə qarşılıqlı təsirini izləməklə qravitasiya qüvvəsini və digər fundamental konstantları (sabitləri) ən yüksək dəqiqliklə ölçmək mümkündür.
Keçmişdə lazer şüasının atom buludları ilə təması zamanı yaranan daxili parazit küylər Yer kürəsindən keçən qaranlıq maddə və ya qravitasiya dalğalarının zəif izlərini görməyə mane olurdu. Professor Buxmüller və həmkarları bu maneəni eyni anda iki fərqli atom buludunu müşahidə etmək və onların arasındakı fərqi hesablamaqla (diferensial metod) tamamilə aradan qaldırmağı təklif ediblər.
Bu ideya əsasında fiziklər mənfi 273,1 dərəcə Selsiyə (2 mikrokelvin) qədər soyudulmuş iki stronsium-87 atom buludundan ibarət diferensial atom interferometrinin prototipini yaradıblar. Sınaqlar göstərib ki, lazer şüasına süni maneələr əlavə edildikdə belə, cihaz kvant mexanikası qanunlarının icazə verdiyi maksimum dəqiqliklə mövqe ölçmələrini apara bilir. Üstəlik, tədqiqatçılar bu qurğu vasitəsilə qravitasiya dalğalarının və ya qaranlıq maddə yığınlarının planetimizdən keçərkən yaratdığı siqnallara bənzər süni rəqsləri uğurla qeydə alıblar.

