İyunun 17-də Bakı Ekspo Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi”nin açılış mərasimi keçirilib.
Açılış mərasimində çıxış edən iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri Orxan Məmmədov, kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev və digər şəxslər sərginin əhəmiyyəti, eləcə də ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar barədə danışıblar.
Nəzərə çatdırılıb ki, bu sərgi yerli şirkətlərin bir çox sahədə yararlana biləcəyi mühit yaratmaq üçün səmərəli platformadır, dövlət-özəl sektor münasibətlərində etimadın və davamlılığın gücləndirilməsinə xidmət edir. Şirkətlər sərgidə iştirak etməklə öz məhsul və xidmətlərini daha böyük auditoriyaya təqdim etmək, potensial müştərilərlə təmas yaratmaq, yeni müştərilər qazanmaq, əməkdaşlıq edə biləcəkləri şirkətlərlə əlaqə yaratmaq imkanı əldə edirlər. Burada satış proseslərini daha səmərəli etmək, dövlətin biznesə dəstək mexanizmləri barədə maariflənmək də olar.
Qeyd edək ki, sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş auditoriyaya tanıtmaq, onların yeni bazarlara çıxışına dəstək olmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.
Dörd gün davam edəcək sərgidə inşaat, qida, İKT, təhsil, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-dən çox yerli şirkət öz məhsul və xidmətlərini nümayiş edəcək. Sərgi çərçivəsində, həmçinin iştirakçılar üçün xüsusi ayrılmış “B2B zona”da iri şirkətlərin satınalma və təchizat üzrə rəhbər şəxsləri ilə qarşılıqlı və interaktiv işgüzar görüşlərin keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, sərgidə “B2G zona” da fəaliyyət göstərəcək. Bu zonada isə sahibkarlar dövlət qurumlarının nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, mövcud dəstək mexanizmləri ilə tanış olmaq və əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı əldə edəcəklər.
Sərgi yerli məhsulların nümayişi ilə yanaşı, onların ixracına, eləcə də xarici tərəfdaşlarla əlaqələrin qurulmasına xidmət edəcək. Bu məqsədlə sərgiyə xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən ticarət palataları, biznes assosiasiyaları dəvət olunub.
Xatırladaq ki, “Yerli şirkətlərin tanıtım sərgisi” 2019-cu ildən etibarən keçirilir. Budəfəki sərgi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “Marsol Group”un birgə təşkilatçılığı və “Birbank Biznes”in rəsmi tərəfdaşlığı ilə təşkil olunub. Bundan əlavə, İş adamları Cəmiyyətinin Milli Assosiasiyası, Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Dövlət Reklam Agentliyi sərginin tərəfdaşları sırasında yer alıb. Sərginin promo tərəfdaşı “Moon Group”, media tərəfdaşı isə “BHB Strategic and Creative CO”dur.
Sahibkarların müraciətləri və ziyarətçilərin marağı nəzərə alınaraq sərgi 4 gün davam edəcək. Budəfəki sərgidə mikro və kiçik sahibkarların iri şirkətlərin rəhbərləri ilə “B2B” formatlı görüşləri təşkil olunacaq. Bu da mikro və kiçik sahibkarların iri şirkətlərlə əlaqələrinin genişləndirilməsi və onların təchizat zəncirində iştirakının artırılmasına imkan yaradacaq.
M.BAĞIRLI
XQ

