Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Türkiyənin rəqabətli, əlverişli, təhlükəsiz və yüksək səviyyədə yerli istehsal olan bir nüvə elektrik stansiyasına sahib olmaq istədiyini və bu işin davam etdiyini bildirdi. Nazirliyin açıqlamasına görə, Bayraktar Rumıniyanın Konstansa şəhərində Kanada istehsalı olan CANDU reaktor texnologiyasından istifadə edən Çernavoda Nüvə Elektrik Stansiyasını ziyarət etdi və reaktorlar və texnologiya haqqında məlumat aldı. Nazir Bayraktar burada verdiyi açıqlamada Türkiyənin 2050-ci ilə qədər 20.000 meqavat nüvə gücünə sahib olmaq hədəfinin olduğunu bildirdi.
Nüvə enerjisinin Türkiyənin “2053-cü ilə qədər Xalis Sıfır Emissiya” hədəfi üçün əvəzolunmaz olduğuna diqqət çəkən Bayraktar sözlərini belə davam etdirdi: “Türkiyə həm rəqabətli qiymətlərlə nüvə enerjisi əldə etmək, həm bu investisiyaları etmək, həm də ən təhlükəsiz texnologiyaya sahib olmaq istəyir. Ümid edirik ki, qarşıdakı dövrdə nüvə tullantılarının idarə olunması və nüvə yanacağı təchizatı ilə bağlı daha əhatəli və vahid bir yanaşma ilə ikinci və üçüncü layihələri həyata keçirəcəyik. Nüvə enerjisi həm ölkəmizin enerji təchizatı təhlükəsizliyini təmin etmək, həm də Prezidentimiz tərəfindən müəyyən edilmiş “2053-cü ilə qədər Xalis Sıfır Emissiya” hədəfinə çatmaq üçün vacibdir”.
Bayraktar Akkuyuda dörd nüvə reaktorunun tikintisinin davam etdiyini və 20.000 meqavat hədəfinə çatmaq üçün Sinop və Trakyada da elektrik stansiyalarının planlaşdırıldığını bildirdi.
Bunlara əlavə olaraq, Bayraktar kiçik modul reaktorlar məsələsinin də gündəmdə olduğunu bildirib: “Türkiyə hazırda kritik bir dövrdədir. Hazırda, xüsusən də Akkuyudan sonra inşa edəcəyimiz elektrik stansiyaları üçün texnologiyaların seçilməsi və bu sahədə tərəfdaşlıq edəcəyimiz və birlikdə işləyəcəyimiz texnologiyalar və ölkələrlə bağlı araşdırmalar aparırıq”.
Nazir Bayraktar bu məsələ ilə bağlı Çinlə uzun müddətdir danışıqlar prosesinin və işlərin aparıldığını və son zamanlar Cənubi Koreya ilə daha intensiv işləməyə başladıqlarını xatırlatdı. O, həmçinin Kanada şirkət rəhbərləri ilə görüş olacağını da qeyd etdi. Bayraktar son aylarda Kanadada nüvə texnologiyası ilə bağlı xüsusilə intensiv iş prosesinin getdiyini bildirib və bunları deyib: “Bundan əlavə, bu texnologiyanın tətbiqini yerində görmək üçün bu gün Rumıniyada CANDU texnologiyası ilə tikilmiş iki reaktoru görmək fürsətimiz oldu. Bu reaktorları qonşumuz adlandıra bilərik və çox yaxın, çox yaxşı münasibətlərimiz var. Türkiyə rəqabətli qiymətlərlə nüvə enerjisinə sahib olmaq və bu investisiyaları etmək, eyni zamanda, ən təhlükəsiz texnologiyaya sahib olmaq istəyir. Ümid edirik ki, qarşıdakı dövrdə nüvə tullantılarının idarə olunması və nüvə yanacağı təchizatı ilə bağlı daha əhatəli və vahid yanaşma ilə ikinci və üçüncü layihələri həyata keçirəcəyik”.
Bayraktar qeyd edib ki, Kanada şirkətinin iyunun sonu və ya iyulun əvvəlində türk təchizatçıları və avadanlıq təchizatçıları ilə görüş keçirəcəyi gözlənilir.
Nazir həmçinin Rumıniyadakı təmasları çərçivəsində Konstansada yaşayan iş adamları və etnik türklərlə görüş proqramında iştirak edib. Türkiyənin Buxarestdəki səfiri Özgür Kıvanç Altan və Konstansadakı baş konsulu Asiye Derya Dingiltepe də proqramda iştirak ediblər. Rumıniyadakı türk icmasına müraciət edən nazir Bayraktar bildirib: “Siz bu ölkənin inkişafında və tərəqqisində, eləcə də Türkiyə ilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində çox mühüm yer tutursunuz. Buradakı iştirakınız, fəaliyyətiniz və işiniz Rumıniya iqtisadiyyatına, iqtisadi və sosial həyatına çox mühüm töhfələr verir. Dövlətimizi təmsil edən bütün qurumlarımız adından hər məsələdə sizin arxanızda olduğumuzu və çox güclü bir dövlət olaraq sizi hər sahədə dəstəklədiyimizi bildirirəm”.
M.MİRZƏ
XQ

