"CBS News": Ukraynanın zərbələri səbəbindən Rusiyada əsas HHM sistemlərinin kəskin qıtlığı yaranıb

post-img

Rusiyanın əsas raket əleyhinə müdafiə komplekslərindən birinin ehtiyatı tükənmək üzrədir ki, bu da Ukraynaya Rusiya ərazisinin dərinliklərinə daha çox zərbə endirməyə imkan yarada bilər. Bu barədə "CBS News" telekanalı Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Rusiya Federasiyasında "S-300" zenit-raket komplekslərinin (ZRK) çatışmazlığı müşahidə olunur. Bu komplekslər Rusiyanın qanadlı və ballistik raketlərdən qorunmasını təmin edən hava hücumundan müdafiə (HHM) sisteminin əsas komponentlərindən biridir.

Ukrayna xüsusi xidmət orqanlarının qiymətləndirmələrinə görə, 2025-ci ildə Rusiyanın əlində "S-300PM" və "S-400" HHM sistemləri üçün 400-dən çox "RM-48U" raketi var idi. Ukrayna rəsmiləri qeyd ediblər ki, 2026-cı ildə onların sayı daha da azalıb.

Mənbələr əlavə edib ki, ənənəvi olaraq "S-300" sistemləri eksklüziv olaraq hava hücumundan müdafiə üçün istifadə olunurdu, lakin son vaxtlar Rusiya silahlı qüvvələri onlardan Ukraynaya zərbələr endirmək üçün istifadə edir. Bu, raketlərin "yer-yer" tipli raket kimi işləməsini təmin etmək üçün uçuş trayektoriyasının dəyişdirilməsini tələb edib və bununla da "İskander-M" və "Kinjal" kimi digər Rusiya silah sistemlərinin funksiyasını tamamlayıb.

Analitiklərin fikrincə, Ukrayna birbaşa Rusiyanın HHM sistemlərinə zərbələr endirməklə bu qıtlığı daha da dərinləşdirməyə çalışır.

Xarici Siyasət Araşdırmaları İnstitutunun Rusiya silahlı qüvvələri üzrə eksperti Rob Li jurnalistlərə müsahibəsində bildirib: "Son bir neçə ay ərzində Ukrayna işğal olunmuş ərazilərdə - Krımda, Dnestryanı bölgədə, Luqansk vilayətində və digər yerlərdə çox sayda HHM sistemini məhv edib və ya onlara zərbələr endirib. Rusiyanın bir çox HHM raketləri olduqca sürətlə və demək olar ki, qeyri-dayanıqlı bir tempdə tükənir. Çünki Ukraynanın ölkənin dərinliklərinə zərbə endirmək üçün istehsal edə bildiyi pilotsuz uçuş aparatlarının (PUA) sayı, bəzi hallarda Rusiyanın istehsal edə bildiyi HHM raketlərinin sayından daha çoxdur".

Ukraynalı rəsmilərdən biri jurnalistlərə açıqlamasında qeyd edib ki, Rusiya Federasiyasında raket-güllələrin (tutucu raketlər) istehsalı üçün hədəfəyönəltmə başlıqları və idarəetmə modulları da daxil olmaqla kritik komponentlərin çatışmazlığı var. Onun sözlərinə görə, sərt sanksiyalar altında olan Rusiya bu cür komponentləri Qərb və Çin istehsalçılarından əldə etməkdə çətinliklərlə üzləşir.

Ukrayna kəşfiyyatının nümayəndələri isə jurnalistlərlə söhbətində əlavə ediblər ki, zərbələrdən qorunmaq üçün Rusiyanın sərəncamında hələ də digər effektiv və daha müasir HHM sistemləri mövcuddur.

S.ELAY

XQ

Dünya