Hörmüz boğazının statusu qlobal təhlükəsizliyin mərkəzi elementinə çevrilib
Vaşinqton və Tehran arasında elektron formatda rəsmiləşdirilmiş 14 maddəlik memorandum layihəsi qlobal siyasi nizamın yenidən formalaşmasını nümayiş etdirən mühüm sənəddir. ABŞ Prezidenti Donald Tramp, vitse-prezident Ceyms Devid Vens və İranın əsas danışıqlar nümayəndəsi Məhəmməd Baqir Qalibaf tərəfindən elektron qaydada təsdiqlənmiş sənəd hərbi qarşıdurmanın dərhal dayandırılması istiqamətində atılmış diplomatik addımdır.
Sənədin tam şəkildə ictimaiyyətə açıqlanmamasına baxmayaraq, tərəflərin verdiyi ilkin bəyanatlar diplomatik proseslərin fasiləsiz davam etdirilməsi məqsədini daşıyır. Əldə edilmiş memorandumun BMT Təhlükəsizlik Şurasının mütləq qətnaməsi vasitəsilə təsdiqlənməsi nəzərdə tutulur. TŞ-nın qətnaməsi sənədə beynəlxalq hüquqi status verərək tərəflərin öhdəlikləri pozmaq imkanlarını minimuma endirəcək.
Memorandum iki dövlət arasında mövcud hərbi təhdidləri neytrallaşdırmaq və nüvə proqramı ətrafında toplanmış ziddiyyətləri həll etmək üçün 60 günlük xüsusi danışıqlar mərhələsinə keçidi təmin edir. Bu zaman çərçivəsi intensiv diplomatik təmasların qurulması, tərəflərin maraqlarının uzlaşdırılması üçün rasional müddətdir. Xüsusilə vurğulanmalıdır ki, müzakirə dövründə Tehranın nüvə fəaliyyətləri və Vaşinqtonun tətbiq etdiyi sanksiyalar rejimi hər hansı dəyişikliyə məruz qalmadan tam dondurulmuş vəziyyətdə saxlanılacaq. Bu isə tərəflərə əlavə təzyiqlərdən uzaq, sabit şəraitdə masaya oturmaq imkanı verir. Razılaşmanın icrasına tam nəzarət etmək məqsədilə xüsusi mexanizm fəaliyyətə başlayacaq.
***
Hörmüz boğazının cümə gününə qədər tamamilə açılması beynəlxalq təhlükəsizlik arxitekturasının vacib elementidir. Memorandum regionda hərbi gərginliyin azalmasına xidmət edəcək. Məsələyə strateji prizmadan yanaşdıqda aydın olur ki, elektron imza formatı ənənəvi diplomatiyadan fərqli çevik yanaşmanın mövcudluğunu göstərir. Tərəflər arasındakı inamsızlıq fonunda dərhal işə düşən texnoloji həllər tətbiq olunur. İlkin səsləndirilən fikirlər gələcək nizamın konturlarını kifayət qədər aydınlaşdırır. Mərkəzi hədəf məhz atəşkəsin təmin edilməsi, münaqişə zolaqlarının tamamilə dondurulmasıdır.
Zənginləşdirilmiş uran ehtiyatlarının idarə olunması isə müasir təhlükəsizlik sahəsində ən mürəkkəb sferadır. Donald Tramp bəyan edib ki, İranın zərbə endirilmiş obyektlərində basdırıldığı iddia edilən uran materialı sökülüb ləğv edilməlidir. ABŞ lideri prosesin dərhal, xaotik həyata keçirilməsinə lüzum görmür, çünki əsas missiya materialın fiziki olaraq ələ keçirilməsi yox, yeraltı sığınacaqlarda məhv edilməsidir. Trampın qənaətinə görə, ABŞ-ın lazımi qədər zənginləşdirilmiş ehtiyatı mövcuddur. Həmin amil Vaşinqtonun məsələyə proaktiv təhlükəsizlik prizmasından yanaşdığını göstərir. ABŞ tərəfi materialı hərbi və ya sənaye məqsədilə Vaşinqtona daşımaq niyyətində deyil. Əsas hədəf potensial təhlükə mənbəyinin radikal şəkildə ortadan qaldırılmasıdır.
İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançinin bəyanatları sənədin əhatə dairəsinin geniş olduğunu təsdiqləyir. Diplomat vurğulayır ki, təsdiqlənmiş 14 maddəlik memorandumda Livan ərazisindəki mümkün atəşkəs pozuntularına qarşı daimi təsirə malik xüsusi tənzimləmələr yer alır. Sənəddə ümumi hərbi xətlərdə sükunətin təmin olunmasını tələb edən müddəalar var. Qayda pozuntusu baş verdiyi təqdirdə, diplomatik təminatçılar müvafiq rıçaqları işə salaraq hərbi eskalasiyanı durduracaqlar. Taxt-Rəvançi qeyd edir ki, Vaşinqton müttəfiqləri adından sülh zəmanəti verib. Vensin də təsdiqləndiyi kimi, razılaşma Livan, İsrail və Körfəz ölkələrini daimi sülhə riayət etməyə məcbur edir. Qurulmuş arxitektura göstərir ki, Vaşinqton Təl-Əvivin hərbi əməliyyatlarını dayandırmalı, Tehran isə himayəsindəki qruplaşmaların fəaliyyətinə qadağa qoymalıdır.
***
Livan parlamentinin sədri Nəbih Berri və İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf arasındakı məsləhətləşmələr yaranmış siyasi paktın əməli müstəvidə reallaşdırılması cəhdidir. Söhbət əsnasında Livan əleyhinə yönəlmiş quru və hava əməliyyatlarının təcili durdurulması barədə razılıq əldə edilib. Qalibaf və Berri qeyd ediblər ki, sənədin təminatçısı qismində Vaşinqton mütləq şəkildə İsrail ordusunun genişmiqyaslı əməliyyatlarına son qoymalıdır. Livanın mülki infrastrukturunun dağıdılmasının davam etməsi yolverilməzdir. Ərazi bütövlüyü və suverenlik prinsiplərinə şərtsiz hörmət edilməsi memorandumun təməl tələbidir. İşğal edilmiş torpaqlardan xarici qüvvələrin dərhal təxliyəsi sənədin icra indikatoru hesab olunur. Nəbih Berri açıq mətnlə Qalibafa diplomatik proseslərdəki tənzimləyici rolu münasibətilə təşəkkür edərək əməkdaşlığı müsbət qiymətləndirib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan situasiyanı olduqca mürəkkəb, lakin ümidverici siyasi çərçivədə təhlil edib. Nazirin yanaşması strukturlaşdırılmış nizamı hədəf alır. Ankara təmsilçisinin fikrincə, memorandum davamlı, qalıcı təhlükəsizlik arxitekturasının yaradılmasına kömək etməlidir. Türkiyənin regional xarici siyasət xətti daim uzunmüddətli sabitliyə yönəlib. H.Fidan xüsusi vurğulayıb ki, Ankara kompleks cəbhələrdə sistemli arxitekturanın tərəfdarıdır. Fasilələrlə baş verən hərbi toqquşmalar regional nizamsızlığın bitməməsinə gətirib çıxarır. Mütləq sülh mühiti isə daimi nizam formalaşdırır. Xarici işlər nazirinin fikirlərində Hörmüz boğazının statusu fərqləndirilir. Su yolunun sərbəst keçid üçün açıq saxlanılması sırf siyasi sabitlik baxımından həyati önəm daşıyır.
İsraildə siyasi iqlim mürəkkəb paradiqmalarla əhatələnib. Livanın suverenliyini qorumaq məsələsi memorandumun təməl şərtlərindəndir. Tehran idarəçiləri Təl-Əvivin son hərbi manevrlərini sülh prosesini pozmağa yönəlmiş məqsədyönlü strategiya kimi qiymətləndirir. Həmin dəyərləndirmə Vaşinqton qarşısında ciddi imperativlər qoyur. Donald Tramp diplomatik vasitəçilər üzərindən İrana təcili ismarıc göndərərək, Beyrut hücumlarına qarşı hərbi cavab verilməməsini xahiş edib. Məqsəd Benyamin Netanyahunun münaqişəni regional səviyyədə genişləndirmək taktikasını dondurmaqdır. Ağ ev rəhbəri məxfi, həmçinin açıq kanallarla prosesləri, militarist iddiaları məhdudlaşdırmağa çalışır. Mülki vətəndaşların, yaşayış məntəqələrinin hədəfə alınması qlobal siyasi arenada Amerikanın müttəfiqlik imicinə də ağır zərbə vurur. Tramp alternativ, dinc diplomatik həllərin mövcudluğunu rəsmi İsrailə qətiyyətlə xatırladır. Görünən mənzərə ondan ibarətdir ki, Vaşinqtonun regional strategiyası Təl-Əvivin davamlı hərbi ambisiyaları ilə kökündən ziddiyyət təşkil edir.
Netanyahunun mövqeyi daxili arenada da böhranlı vəziyyət yaradıb. Sabiq hökumət başçısı Ehud Olmert çox sərt tezislər səsləndirib. Olmert hesab edir ki, əldə olunmuş 14 maddəlik memorandumun şərtləri İsrail radikalları tərəfindən qəti xəyanət aktı kimi qiymətləndiriləcək. Belə reaksiyanın yeganə səbəbkarı məhz Netanyahunun keçmiş dövrlərdə ictimaiyyətə aşıladığı maksimalist vədlərdir. Sabiq baş nazir incə paradoksa toxunur: “Netanyahu heç vaxt Donald Trampın əleyhinə açıq çıxış edib məlum terminləri istifadə edə bilməz, çünki ölkənin müdafiə sənayesi vasitəsiz ABŞ dəstəyindən asılıdır”. Olmert yaranmış beynəlxalq fürsətdən bəhrələnərək Livanla daimi sülhün labüdlüyünü xüsusi olaraq qabardır. Faktlar göstərir ki, İsrail ordusunun Livanın cənub zolağına daxil olmasına zərrə qədər hərbi ehtiyac yoxdur. İşğal edilmiş zonalardan tam geri çəkilmək dövlətin təməl təhlükəsizliyinə qətiyyən zərər gətirməz.
***
Belə çoxvektorlu böhran mühitində Azərbaycan respublikasının regional sülh diplomatiyasındakı rolu xüsusi vurğulanmalıdır. Rəsmi Bakı uzaqgörən, konstruktiv siyasət yürüdərək prosesin iştirakçısı olan müxtəlif dövlətlərlə mükəmməl əlaqələr saxlayır. Azərbaycan həm Qərb, həm də Yaxın Şərq dövlətləri ilə balanslı, faydalı əməkdaşlıq mexanizmi formalaşdırıb. Sülhün mütləq tərəfdarı kimi çıxış edən Bakı münaqişə tərəfləri arasında qütbləşmənin aradan qaldırılmasına kömək edən etibarlı platforma təqdim edir. Yaranmış geosiyasi proseslərdə Azərbaycanın nümayiş etdirdiyi qərəzsiz mövqe liderlər tərəfindən rəğbətlə izlənilir. Ölkəmizin xarici siyasət konsepsiyası ətraf dövlətlərin suveren hüquqlarının, ərazi bütövlüyünün mütləq tanınması prinsiplərinə dayanır.
Beləliklə, BMT Təhlükəsizlik Şurası vasitəsilə təsdiqlənəcək saziş qlobal hüququn funksionallıq qazanmasını təmin edəcək. Sanksiyaların və nüvə obyektlərinin dondurulması ilə müşayiət olunan 60 günlük passiv faza diplomatik ünsiyyət vasitəsilə həlledici konsensusun yaranmasına zəmin hazırlayır. Strukturlaşdırılmış xüsusi nəzarət mexanizmi tərəflər arasındakı inamsızlıq mühitini mərhələli şəkildə neytrallaşdırılacaq. ABŞ və İranın xarici siyasət kurslarının toqquşma nöqtəsindən ortaq saziş müstəvisinə yönəlməsi Yaxın Şərqin taleyüklü siyasi tranformasiyasını labüd edir.
Yusif ŞƏRİFZADƏ
XQ

