Avstraliya alimlərindən ekoloji inqilab

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Avstraliyanın Melburn Universitetinin alimləri yüksək güclü ultrasəs dalğalarının köməyi ilə gül kələminin atılmış yarpaqlarından qiymətli bitki zülalının (protein) ekstraksiya edilməsi (çıxarılması) üçün innovativ metod hazırlayıblar. Bu texnologiya qida istehsalçılarına çoxtonluq tərəvəz tullantılarını qiymətli inqrediyentlərə çevirməyə imkan verəcək. Tədqiqatın nəticələri elmi "Food and Bioprocess Technology" jurnalında dərc olunub.

Hazırda gül kələmi istehsalında tullantıların payı ümumi məhsul çəkisinin 60%-nə qədərini təşkil edə bilir. Alt yarpaqlar və gövdələr kobud, lifli struktura malik olduqları üçün kulinariyada yararsız sayılır və adətən atılır. Heyvanların qidalanması üçün də bu yarpaqlar uyğun deyil, çünki mal-qarada mədə-bağırsaq pozuntularına yol açır. Ən yaxşı halda onlar kompost (orqanik gübrə) kimi emal edilir, lakin çox vaxt sadəcə zibilə gedir. Halbuki bu biomassa böyük miqdarda keyfiyyətli zülal ehtiyatına malikdir.

Avstraliyalı tədqiqatçılar sübut ediblər ki, yüksək güclü ultrasəsin tətbiqi quru maddə çıxımını əhəmiyyətli dərəcədə artırır və zülalın tullantılardan ayrılması prosesini optimallaşdırır. Ultrasəs emalının parametrlərini dəyişməklə son konsentratın ölçüsünü, rəngini, həllolma qabiliyyətini və strukturunu tənzimləmək mümkündür. Nəticədə qida sənayesində və heyvandarlıq üçün xüsusi yemlərin istehsalında tətbiq edilə biləcək qiymətli zülal tozları əldə olunur.

Melburn Kral Texnologiya Universitetinin Təbiət Elmləri Məktəbinin professoru Əsgər Fərəhnaki qeyd edir ki, alternativ zülal mənbələrinə artan qlobal tələbatı əlavə əkin sahələri yaratmadan, mövcud kənd təsərrüfatı tullantıları hesabına ödəmək ən praktiki yoldur. Yaxın gələcəkdə işçi qrupu bu prosesi eksperimental istehsalat miqyasında sınaqdan keçirməyi, enerji səmərəliliyini və əldə edilən konsentratların dad keyfiyyətlərini qiymətləndirməyi planlaşdırır.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Maraqlı