İyunun 17-də Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının icraçı direktoru Hadi Bin Ali Alyaminin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Fərhad Abdullayev ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi, hüququn aliliyinin təmin olunması və demokratik institutların möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl islahatlar barədə ətraflı məlumat verib. Sədr Konstitusiya Məhkəməsinin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətindən, konstitusiya ədalət mühakiməsinin inkişafı istiqamətində görülən işlərdən bəhs edib. Həmçinin konstitusiya hüquqlarının təmin edilməsi sahəsində Konstitusiya Məhkəməsi ilə İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) arasında səmərəli əməkdaşlığı xüsusi qeyd edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Hadi Bin Ali Alyami Azərbaycanın insan hüquqlarının müdafiəsi, hüquqi dövlət quruculuğu və məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib.
Tərəflər insan hüquqlarının qorunması, hüquqi maarifləndirmə, beynəlxalq hüququn müasir çağırışları və gələcək əməkdaşlıq perspektivləri ilə bağlı geniş müzakirələr aparıb, əməkdaşlığın gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminliklərini ifadə ediblər.
XQ

