“Qafqaz qartalı-2026” təlimləri ortaq maraq və hədəflərin keşiyində
Cənubi Qafqazın geostrateji mövqeyi və müasir təhlükəsizlik çağırışları Bakı–Ankara–Tbilisi xəttinin strateji rolunu gücləndirərək, terrorizmə qarşı birgə mübarizə və regional sabitlik mexanizmlərinin dərinləşdirilməsinə şərait yaradır. Bu əməkdaşlığın əsas istiqamətlərindən biri qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrinin təhlükəsizliyidir. Avropanın enerji təchizatında mühüm rol oynayan neft-qaz kəmərləri, eləcə də Bakı–Tbilisi–Qars dəmir yolu və Orta Dəhliz kimi beynəlxalq logistika marşrutlarının mühafizəsi 3 ölkənin ortaq prioritetləri sırasındadır.
Regional hərbi koordinasiyanın gücləndirilməsi bu kontekstdə həm müdafiə, həm də strateji iqtisadi maraqların qorunması baxımından əhəmiyyət daşıyır. Bu kondeksdə “Qafqaz qartalı-2026” təlimi 3 ölkənin ortaq təhlükəsizlik maraqlarının praktik müstəvidə reallaşdırılmasının növbəti mərhələsidir.
Tarixi təcrübə göstərir ki, regionun enerji və nəqliyyat infrastrukturları müxtəlif dövrlərdə terror və təxribat riskləri ilə üzləşib. 2008-ci ildə Türkiyə ərazisindən keçən Bakı–Tbilisi–Ceyhan neft kəmərində baş vermiş partlayış beynəlxalq mediada terror aktı kimi qiymətləndirilib və strateji enerji marşrutlarının nə qədər həssas hədəf olduğunu nümayiş etdirib. Sonrakı illərdə də Türkiyədə fəaliyyət göstərən terror təşkilatları tərəfindən enerji kəmərlərinə qarşı müxtəlif hücum cəhdləri qeydə alınıb. Bu hadisələr region ölkələri üçün enerji təhlükəsizliyi sahəsində birgə fəaliyyətin zəruriliyini ortaya qoyub.
Bununla yanaşı, Azərbaycanın enerji infrastrukturu da müxtəlif dövrlərdə təhdid və risklərin potensial hədəfi kimi qiymətləndirilib. Regionun strateji kommunikasiya xətlərinin təhlükəsizliyinin əhəmiyyəti 2020-ci ilin iyulunda baş vermiş Tovuz döyüşləri zamanı özünü aydın şəkildə göstərdi. Bir sıra yerli və beynəlxalq ekspertlərin qiymətləndirmələrinə görə, döyüşlərin məhz Tovuz istiqamətində baş verməsi təsadüfi deyildi. Çünki Azərbaycanın Avropa və dünya bazarlarına çıxışını təmin edən əsas enerji və nəqliyyat layihələri olan Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, Bakı–Tbilisi–Qars dəmir yolu və Şərq–Qərb nəqliyyat dəhlizinin mühüm hissələri bu ərazidən keçir. Rəsmi Bakı da Tovuz hadisələrinin regionun enerji və nəqliyyat təhlükəsizliyi üçün ciddi risk yaratdığını qeyd etdi. Bu hadisələr bir daha göstərdi ki, Cənubi Qafqazda enerji və nəqliyyat infrastrukturunun mühafizəsi yalnız iqtisadi məsələ deyil, həm də regional təhlükəsizliyin və geosiyasi sabitliyin mühüm komponentidir.
* * *
2020-ci ilin Vətən müharibəsi zamanı da Ermənistan tərəfindən Yevlax rayonu istiqamətində Bakı–Tbilisi–Ceyhan neft kəmərinin keçdiyi əraziyə raket zərbəsi endirmək cəhdi olmuşdu. Rəsmi Bakı bu hadisəni regionun enerji təhlükəsizliyinə yönəlmiş təxribat xarakterli addım kimi qiymətləndirdi. Daha sonra, 2021-ci ildə Azərbaycanda saxlanılan erməni diversantlarla bağlı məhkəmə proseslərində onların ifadələrində Bakı–Tbilisi–Ceyhan neft kəmərinə qarşı təxribat planları barədə məlumatlar yer aldı. Bu faktlar enerji infrastrukturunun yalnız iqtisadi deyil, həm də strateji təhlükəsizlik baxımından yüksək həssaslığa malik olduğunu və onun hədəfə alınmasının bütövlükdə regional sabitliyə təsir göstərə biləcəyini göstərdi.
Şübhəsiz, geosiyasi rəqabətin artdığı və hibrid müharibə elementlərinin geniş yayıldığı müasir dövrdə enerji və nəqliyyat dəhlizlərinə qarşı risklər daha mürəkkəb xarakter alıb. Artıq təhlükələr yalnız silahlı hücumlar və klassik terror aktları ilə məhdudlaşmır. Kiberhücumlar, diversiya əməliyyatları, pilotsuz uçuş aparatlarından istifadə etməklə təxribatlar və kritik infrastruktura yönəlmiş hibrid xarakterli fəaliyyətlər də təhlükəsizlik gündəliyinin əsas çağırışları sırasındadır. Bu şəraitdə strateji kommunikasiya xətlərinin mühafizəsi Azərbaycan, Türkiyə və Gürcüstan arasında təhlükəsizlik əməkdaşlığının prioritet istiqamətlərindən biri kimi çıxış edir.
Məhz buna görə üçtərəfli hərbi təlimlər yalnız döyüş hazırlığının artırılmasına xidmət etmir. Belə təlimlər tərəfdaş ölkələrin xüsusi təyinatlı qüvvələri və təhlükəsizlik strukturları arasında qarşılıqlı fəaliyyət imkanlarını genişləndirir, antiterror əməliyyatlarının planlaşdırılması və icrası üzrə praktiki bacarıqları inkişaf etdirir, həmçinin potensial təhdidlərə qarşı operativ reaksiya mexanizmlərinin təkmilləşdirilməsinə şərait yaradır. Bu əməkdaşlıq modeli, eyni zamanda, regionda sabitliyin, qarşılıqlı etimadın və təhlükəsizlik sahəsində koordinasiyanın möhkəmləndirilməsinə xidmət edir.
Bu kontekstdə “Qafqaz qartalı-2026” birgə taktiki-xüsusi təlimi sırf hərbi hazırlıq tədbiri olmaqdan daha geniş məna kəsb edir. Təlim 3 ölkənin ortaq təhlükəsizlik maraqlarının praktik müstəvidə reallaşdırılmasının növbəti mərhələsi kimi çıxış edir. Birgə fəaliyyətlərin planlaşdırılması, xüsusi təyinatlı bölmələr arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsi, antiterror hazırlığının gücləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi vasitəsilə bu təlim regionda təhlükəsizlik əməkdaşlığının institusional əsaslarını daha da möhkəmləndirir. Bu baxımdan “Qafqaz qartalı-2026” yalnız hərbi hazırlığın artırılması ilə yanaşı, enerji və nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin təmin olunmasına, regional sabitliyin qorunmasına və Azərbaycan, Türkiyə və Gürcüstan arasında uzunmüddətli strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsinə xidmət edir. Həm də regional sabitliyi gücləndirməyi, xüsusi təyinatlı qüvvələrin qarşılıqlı fəaliyyət qabiliyyətini artırmağı və müasir təhlükəsizlik çağırışlarına birgə cavab vermək bacarıqlarını inkişaf etdirməyi hədəfləyir.
Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov XQ-yə acıqlamasında bu kimi birgə təlimlərin regionda sülhün möhkəmləndirilməsi, xüsusilə Orta Dəhliz və digər qlobal enerji-nəqliyyat layihələrinin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını bildirdi. Onun fikrincə, bu təlimlər həm də regionda maraqlı olan qeyri-konstruktiv qüvvələrə ünvanlanan ciddi hərbi-siyasi mesajdır.
Ekspert xüsusi təyinatlı qüvvələr (XTD) arasında koordinasiya, birgə planlaşdırma və çevik reaksiya qabiliyyətinin artırılmasını ön plana çəkir: “Bu tip təlimlər orduların döyüş hazırlığını yüksəldir, müasir döyüş üsullarının mənimsənilməsinə və əməliyyat bacarıqlarının təkmilləşdirilməsinə mühüm töhfə verir. Eyni zamanda, belə əməkdaşlıq formatları real döyüş şəraitinə yaxın mühitdə fəaliyyət vərdişlərinin formalaşmasına imkan yaradır”.
Ü.Cəfərov Türkiyənin hərbi potensialı və NATO standartlarına uyğun təcrübəsinin Azərbaycan Ordusuna inteqrasiyasını xüsusi vurğuladı, birgə təlimləri peşəkarlığın artırılmasında əsas amillərdən biri kimi dəyərləndirdi. O, həmçinin Azərbaycanın Gürcüstanla bu formatda əməkdaşlığını Cənubi Qafqazda güc balansının milli maraqlara uyğun formalaşması baxımından müsbət qiymətləndirdi.
Pünhan ƏFƏNDİYEV
XQ

