İşıqforun qadağanedici işığında keçmək bütün nəqliyyat vasitələri, eləcə də piyadalar üçün olduqca təhlükəlidir. Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilir.
Mərkəzin müşahidə kamerasının qeydə aldığı bu qəza paytaxtın Səbail rayonu, Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsində baş verib. İlkin ehtimala görə, qəza skuter idarə edən şəxsin işıqforun qırmızı işığının tələbinə məhəl qoymaması və sürücü diqqətsizliyi səbəbindən baş verib. Görüntülərdən də aydın olur ki, ikitəkərli nəqliyyat vasitəsini idarə edən şəxs qırmızı işıq yandıqda dayansaydı, bu yol-nəqliyyat hadisəsi baş verməyəcəkdi.
Yadda saxlamaq lazımdır ki, işıqforun və nizamlayıcı siqnallarının yerinə yetirilməsi yol hərəkəti iştirakçıları üçün məcburidir. Bunu “Yol hərəkəti haqqında” Qanunun 60-cı maddəsi tələb edir. Həmçinin qeyd olunur ki, işıqforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə işıqfor qarşısında dayanmalıdırlar.
Unutmayaq ki, bu cür qayda pozuntularına yol verərək qadağanedici işıqda hərəkəti davam etdirmək çox vaxt xəsarət alma və ya ölümlə nəticələnir.
P.Əmircanov
XQ