Türkiyə Türk Dövlətləri arasında rəqəmsal iqtisadiyyat əməkdaşlığına dair sazişi ratifikasiya edib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Türkiyə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan sazişi ratifikasiya edib.

XQ xəbər verir ki, müvafiq qərar Türkiyənin rəsmi dövlət nəşrində dərc olunaraq qüvvəyə minib. Sənəd TDT-yə üzv dövlətlər arasında rəqəmsal transformasiya, innovasiya və texnoloji inkişaf istiqamətlərində birgə fəaliyyət üçün hüquqi çərçivə yaradır.

Saziş 2024-cü il noyabrın 6-da Bişkek şəhərində imzalanıb. Razılaşmaya əsasən, tərəflər rəqəmsal iqtisadiyyat sahəsində təcrübə mübadiləsini genişləndirəcək, rəqəmsal infrastrukturun inkişafını təşviq edəcək, elektron ödəniş sistemlərinin tətbiqini dəstəkləyəcək və innovativ texnologiyalardan istifadə etməklə qarşılıqlı ticarət imkanlarını artıracaqlar.

Bununla yanaşı, sənəd rəqəmsal xidmətlər, elektron ticarət, məlumat mübadiləsi və texnoloji ekosistemlərin inkişafı sahələrində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur.

Qeyd edək ki, sazişin əsas məqsədi Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında rəqəmsal inteqrasiyanı gücləndirmək, innovasiya yönümlü iqtisadi əməkdaşlığı genişləndirmək və regionun rəqəmsal inkişaf potensialını artırmaqdır.

Dünya