Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İyunun 21-də saat 12:24-də Azərbaycana astronomik yay fəsli qədəm qoyub. Bu tarix eyni zamanda Şimal yarımkürəsində Yay Günəş Duruşu (yay gündönümü) kimi qeyd olunur və ilin ən mühüm astronomik hadisələrindən biri hesab edilir.
Bakı Dövlət Universitetinin Astrofizika kafedrasının məlumatına əsasən, bu andan etibarən Şimal yarımkürəsində yay, Cənub yarımkürəsində isə qış fəsli rəsmi olaraq başlayıb. Yay gündönümü zamanı Yer kürəsinin fırlanma oxu Günəşə doğru ən çox meylləndiyi vəziyyətdə olur. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə yüksəlir və öz şüalarını Yer səthinə daha dik bucaq altında göndərir.
Bu gün Bakıda Günəş günorta saatlarında üfüqdən maksimum 73,1 dərəcə hündürlüyə çatır. Məhz buna görə iyunun 21-i ilin ən uzun gündüzü və ən qısa gecəsi kimi xarakterizə olunur. Hesablamalara görə, gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin müddəti isə 8 saat 56 dəqiqə 36 saniyə təşkil edir.
Astronomik təqvimə əsasən, yay fəslinin davametmə müddəti 93 gün 15 saat 40 dəqiqə 42 saniyə olacaq. Bu dövr ərzində Günəş şüalarının təsiri daha güclü hiss olunacaq, havanın temperaturu yüksələcək və təbiətdə yay mövsümünə xas dəyişikliklər müşahidə ediləcək.
Yay gündönümü qədim dövrlərdən bəri bir çox xalqlar tərəfindən təbiətin yenilənməsi, bolluq və işıq rəmzi kimi qəbul olunub. Bu astronomik hadisə həm elm adamları, həm də səma hadisələrinə maraq göstərən insanlar üçün xüsusi əhəmiyyət daşıyır.

