Azərbaycandan Ermənistana dizel yanacağı və taxıl daşınması davam edir

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycandan Ermənistana yanacaq ixracı və tranzit yükdaşımaları planlı şəkildə davam etdirilir.

Bu gün Ermənistana növbəti dəfə 17 vaqon olmaqla ümumilikdə 1000 ton dizel yanacağı göndərilib. Yük dəmir yolu vasitəsilə təyinat məntəqəsinə yola salınıb.

Bununla yanaşı, Rusiyadan Ermənistana Azərbaycan ərazisi üzərindən həyata keçirilən tranzit daşımalar çərçivəsində daha bir taxıl qatarı yola salınıb. "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində hərəkət edən qatar 18 vaqondan ibarət olub və ümumi yük həcmi 1260 ton buğda təşkil edib.

Məlumata görə, indiyədək Azərbaycandan Ermənistana 13 min tondan artıq dizel yanacağı, 4 min tondan çox Aİ-92 və Aİ-95 markalı benzin ixrac edilib. Eyni zamanda, Rusiya ilə Ermənistan arasında Azərbaycan üzərindən həyata keçirilən tranzit daşımalar çərçivəsində 32 min tondan çox taxıl, 7 min tondan artıq gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit daşınıb.

Qeyd edək ki, cari il ərzində də müxtəlif tarixlərdə yanacaq və digər yüklərin daşınması həyata keçirilib. Mart ayında 1 984 ton dizel yanacağı və gübrə daşıyan qatar, aprel ayında 887 ton dizel yanacağı, may ayında isə 479 ton dizel yanacağı Ermənistana göndərilib.

Azərbaycanın dəmir yolu infrastrukturu regionda yükdaşımaların fasiləsiz və təhlükəsiz şəkildə həyata keçirilməsində mühüm rol oynamaqda davam edir. Bu istiqamətdə həm ixrac, həm də tranzit daşımaların həcminin artırılması üzrə işlər davam etdirilir.

İqtisadiyyat