Azərbaycanda daxili sabitlik xarici siyasətə uğur qazandırır

post-img

35 illik müstəqillik təcrübəsi və yeni geosiyasi gerçəklik

XXI əsrin geosiyasi reallığı göstərir ki, dövlətlərin davamlı inkişafını müəyyən edən əsas amillərdən biri siyasi sabitlikdir. Dünyada münaqişələrin, iqtisadi böhranların, enerji və ərzaq təhlükəsizliyi problemlərinin, geosiyasi rəqabətin dərinləşdiyi bir dövrdə sabitlik strateji milli resursa çevrilib.

Prezident İlham Əliyevin Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində səsləndirdiyi fikir məhz bu reallığın siyasi fəlsəfəsini ifadə edir: “Sabitlik pozulduqda biz inkişaf haqqında heç danışa bilmərik. Beləliklə, sabitlik – yəni bu gün Azərbaycanın reallığını təşkil edən siyasi, iqtisadi və sosial sabitlik – nəinki inkişafımızın əsas meyarıdır, o cümlədən regional inkişaf göstəricisidir”.

Azərbaycanın müstəqillik tarixinə bugünkü geosiyasi reallıqlar prizmasından baxdıqda aydın görünür ki, ölkənin inkişaf trayektoriyasını müəyyən edən əsas amil məhz sabitliyin qorunması olub. Son otuz beş ilin təcrübəsi göstərir ki, inkişaf ardıcıl siyasi kursun, davamlı dövlət idarəçiliyinin və milli maraqlara söykənən strateji qərarların nəticəsidir. Müstəqilliyin ilk iki ili ölkənin tarixində ən mürəkkəb və taleyüklü mərhələ idi. Dövlət institutlarının zəifliyi, Ermənistanın hərbi təcavüzü, ərazilərin işğalı, yüz minlərlə insanın doğma yurdlarından didərgin düşməsi, dərin iqtisadi böhran Azərbaycanın dövlətçilik əsaslarını ciddi təhlükə qarşısında qoymuşdu. Bu şəraitdə nə uzunmüddətli iqtisadi proqramlardan, nə xarici investisiyalardan, nə də beynəlxalq nüfuzun artmasından danışmaq mümkün idi. Çünki dövlətin qarşısında duran əsas vəzifə ilk növbədə müstəqilliyini və dövlətçiliyini qoruyub saxlamaq idi.

Milli maraqlara əsaslanan tərəqqi

Sonrakı dövrdə tamamilə fərqli siyasi mənzərə formalaşdı. Dövlət idarəetməsində institusional sabitliyin təmin edilməsi, hüquqi və inzibati mexanizmlərin möhkəmləndirilməsi, iqtisadi islahatların ardıcıl şəkildə həyata keçirilməsi və milli maraqlara əsaslanan siyasi kurs Azərbaycanın inkişaf modelinin əsasını təşkil etdi. Bu gün Azərbaycanın beynəlxalq layihələrdə aparıcı mövqeyə malik olması, iri investisiya layihələrinin məhz ölkə ərazisində reallaşdırılması və qlobal enerji-logistika marşrutlarının əsas iştirakçılarından biri kimi çıxış etməsi həmin sabit inkişaf xəttinin məntiqi nəticəsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, müstəqillik tarixinin ilk iki ili istisna olmaqla, sonrakı dövr sabit inkişaf mərhələsi kimi xarakterizə olunur. Çünki ötən onilliklər ərzində ölkədə həyata keçirilən iri infrastruktur layihələri, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar, beynəlxalq maliyyə institutları ilə uğurlu əməkdaşlıq, sosial rifahın yüksəldilməsi və dövlətin beynəlxalq nüfuzunun artması məhz sabit siyasi mühitin yaratdığı imkanlar hesabına mümkün olmuşdur. Diqqətçəkən məqamlardan biri də odur ki, Azərbaycan sabitliyi inkişafın strateji platforması kimi formalaşdırmağa nail olub. Dünyanın müxtəlif regionlarında siyasi böhranların iqtisadi tənəzzülə, sosial gərginliyə və geosiyasi asılılığa gətirib çıxardığı bir dövrdə Azərbaycan ardıcıl inkişaf tempini qoruyub saxlayaraq fərqli model nümayiş etdirib. Məhz bu səbəbdən Azərbaycanın son otuz ildən artıq dövrdə qazandığı uğurların təməlində sabit dövlətçilik amili dayanır.

Siyasət inkişafa yol açır

Dövlətlərin iqtisadi uğurları təhlil edilərkən diqqət daha çox təbii sərvətlərə, maliyyə imkanlarına və ya həyata keçirilən iri infrastruktur layihələrə yönəlir. Lakin bu göstəricilər inkişafın nəticələridir, onun ilkin səbəbi deyil. İqtisadi tərəqqinin arxasında dayanan əsas amil siyasi sabitlikdir. Məhz sabit siyasi mühit uzunmüddətli iqtisadi strategiyaların ardıcıl həyata keçirilməsinə, institusional davamlılığın təmin olunmasına və dövlətin etibarlı tərəfdaş imicinin formalaşmasına imkan yaradır.

Müasir geosiyasi reallıqlar göstərir ki, qlobal kapital ilk növbədə sabitlik axtarır. Beynəlxalq investorlar üçün investisiya qərarını müəyyən edən əsas meyar təkcə iqtisadi göstəricilər deyil, həm də siyasi risklərin səviyyəsidir. Hakimiyyət böhranlarının, daxili qarşıdurmaların və idarəetmədə qeyri-müəyyənliyin hökm sürdüyü ölkələrdə uzunmüddətli kapital yatırımları minimuma enir. Çünki iri investisiyalar onilliklərə hesablanır və investorlar üçün zəruri təminat dövlət siyasətinin davamlılığı, hüquqi mühitin sabitliyi və proqnozlaşdırıla bilən şəraitdir. Azərbaycanın son otuz ildən artıq müddətdə reallaşdırdığı strateji layihələr də məhz bu reallığın təsdiqidir.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, eləcə də Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri yalnız böyük maliyyə resurslarının hesabına ərsəyə gəlməyib. Bu layihələrin əsas təminatçısı illər boyu qorunub saxlanılan siyasi sabitlik, ardıcıl dövlət siyasəti və beynəlxalq tərəfdaşların Azərbaycana duyduğu etimad olub. Məhz bu etimad nəticəsində ölkə uzunmüddətli regional layihələrin təşəbbüskarı və etibarlı icraçısı kimi qəbul edilir.

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən siyasət də sabit idarəetmə modelinə söykənir. Enerji sektorundan asılılığın azaldılması, nəqliyyat-logistika potensialının genişləndirilməsi, qeyri-neft sənayesinin inkişafı və rəqəmsal iqtisadiyyatın təşviqi kimi strateji hədəflər qısamüddətli qərarlarla deyil, uzunmüddətli dövlət planlaşdırması əsasında həyata keçirilir.

Xarici investor üçün cəlbedici amil təkcə vergi güzəştləri və ya iqtisadi stimullar deyil, investisiyanın təhlükəsizliyidir. İnvestor əmin olmalıdır ki, imzaladığı müqavilələr sabah dəyişməyəcək, dövlətin strateji kursu qorunacaq və biznes mühiti kəskin siyasi sarsıntılardan təsirlənməyəcək. Azərbaycan məhz bu baxımdan Cənubi Qafqazda ən etibarlı və proqnozlaşdırıla bilən investisiya məkanlarından biri kimi mövqeyini möhkəmləndirib.

Sabitlik suverenliyi möhkəmləndirir

Bugünkü geosiyasi reallıqda sabitlik dövlətin xarici siyasətdə müstəqil qərarvermə imkanlarını müəyyən edən əsas strateji üstünlüklərdən birinə çevrilib. Daxildə siyasi, iqtisadi və sosial dayanıqlığı təmin edə bilməyən ölkələrin xarici siyasəti də əksər hallarda xarici təsirlərə daha açıq olur, onların manevr imkanları məhdudlaşır və milli maraqları qorumaq qabiliyyəti zəifləyir.

Prezident İlham Əliyevin İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısındakı çıxışında xüsusi vurğuladığı məqamlardan biri də məhz bu siyasi məntiqə əsaslanır. Azərbaycanın əldə etdiyi sabitlik həm də müstəqil xarici siyasətin möhkəm dayağı kimi çıxış edir. Milli maraqlara söykənən xarici siyasət kursu ölkəyə beynəlxalq münasibətlər sistemində balanslaşdırılmış əməkdaşlıq modeli formalaşdırmağa imkan verib. Azərbaycan müxtəlif geosiyasi mərkəzlərlə münasibətlərini qarşılıqlı maraqlar, etibarlılıq və praqmatik əməkdaşlıq prinsipləri əsasında quraraq özünü regional və qlobal səviyyədə etibarlı tərəfdaş kimi təsdiqləyib. Çoxvektorlu xarici siyasətin nəticəsi olaraq Azərbaycan eyni zamanda İslam Əməkdaşlıq Təşkilatında, Türk Dövlətləri Təşkilatında, Avropa institutları ilə əməkdaşlıq platformalarında və digər beynəlxalq formatlarda fəal iştirak edən, fərqli siyasi və iqtisadi məkanlar arasında etimad körpüsü rolunu oynayan dövlətə çevrilib.

Prezident İlham Əliyevin çıxışında xatırlatdığı BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük seçkilərində Azərbaycanın 155 dövlətin dəstəyini qazanması da bu baxımdan siyasi məna daşıyır. BMT-yə üzv dövlətlərin böyük əksəriyyətinin eyni mövqedən çıxış etməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı, məsuliyyətli və proqnozlaşdırılan tərəfdaş kimi qəbul olunduğunu göstərirdi.

Beynəlxalq siyasətdə etimad qısa müddətdə formalaşmır. Dövlətlərin bir-birinə münasibəti ilk növbədə onların davranışlarının ardıcıllığı, öhdəliklərinə sadiqliyi və siyasi kursunun davamlılığı ilə müəyyən olunur. Bu baxımdan Azərbaycanın son otuz ildən artıq dövrdə nümayiş etdirdiyi sabit inkişaf modeli onun xarici siyasətdə də etibarlı aktor kimi qəbul edilməsinə zəmin yaradıb. Enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, humanitar təşəbbüslər və çoxtərəfli diplomatiya sahəsində ölkənin üzərinə götürdüyü öhdəlikləri ardıcıl şəkildə yerinə yetirməsi beynəlxalq tərəfdaşların Azərbaycana olan inamını möhkəmləndirib.

Sonda onu da qeyd edək ki, bu gün Azərbaycanın ən mühüm strateji kapitalı milli maraqlara söykənən müstəqil siyasət, güclü dövlət institutları, ictimai həmrəylik və uzunmüddətli sabitlik üzərində qurulmuş inkişaf modelidir. Qlobal geosiyasi transformasiyaların davam etdiyi indiki mərhələdə bu inkişaf modeli ölkəyə yeni çağırışları idarə, yaranan imkanlardan səmərəli istifadə etmək və Cənubi Qafqazın siyasi-iqtisadi arxitekturasının formalaşmasında lider rolunu qorumaq üçün möhkəm strateji baza yaradır.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru



Siyasət