Rusiya ordusunun Poltavaya hücumu nəticəsində ölən və yaralananlar var

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Poltava vilayətinə endirdiyi hava zərbələri insan tələfatına və dağıntılara səbəb olub.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, hücum nəticəsində iki nəfər həyatını itirib, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralananlar arasında altı azyaşlının olduğu bildirilir.

Poltava Regional Hərbi Administrasiyasının rəhbərliyi açıqlayıb ki, zərbə əsasən rayon ərazisində yerləşən iki müəssisəyə endirilib. Axtarış-xilasetmə tədbirləri zamanı dağıntılar altından bir nəfərin meyiti çıxarılıb. Daha bir şəxs isə aldığı ağır xəsarətlər səbəbindən xəstəxanada vəfat edib.

Hücum nəticəsində müəssisələrin binalarına, nəqliyyat vasitələrinə və ətrafdakı yaşayış evlərinə ciddi ziyan dəyib. Eyni zamanda, bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Məsələ ilə bağlı aidiyyəti qurumlar hadisə yerində araşdırmaları davam etdirir. Enerji təsərrüfatının əməkdaşları isə elektrik təchizatının tam bərpası istiqamətində təmir-bərpa işləri aparırlar.

Hücumun nəticələrinin aradan qaldırılması və zərərçəkənlərə yardım göstərilməsi məqsədilə bölgədə müvafiq tədbirlər görülür.

Dünya