Müəllim-şagird-valideyn

post-img

Təhsil üçbucağında ahəng necə qorunmalıdır?

Müasir təhsil sistemində müəllim-valideyn münasibətləri ən aktual məsələlərdəndir. Sözsüz ki, ata-analar övladlarının yaxşı təhsil almasını, savadlı olmasını arzulayır. Lakin cəmiyyətdə belə bir fikir formalaşıb ki, şagirdin dərslərinə yaxşı hazırlaşması, bütün fənləri dərindən öyrənməsi, hətta məktəbdə nizam-intizamı belə ilk növbədə müəllimdən asılıdır. Bəzən valideynlər öz vəzifələrini də müəllimin üzərinə atır, hətta onun işinə müdaxilə də edirlər. Müəllimin tələbkarlığı düzgün qarşılanmır, bəzi hallarda isə ondan şikayət də edirlər. Günün istənilən saatında müəllimə yazılan mesajlar, səbəbsiz zənglər, yaxud qiymətləndirməyə dair tələblər onu incidir.

Belə vəziyyətdə müəllim nə etməlidir? Bir yanda övladının uğur qazanmasına çalışan, lakin obyektivliyi unudan valideyn, digər tərəfdə isə tədris prosesinə mane olan, nizam-intizamı pozan “ərköyün” şagird.

Müəllim-valideyn münasibətlərinin pozulması yalnız tərəflər arasında deyil, həm də uşağın psixoloji durumunda ciddi izlər buraxa bilər. Bugünkü reallıq göstərir ki, sağlam təhsil mühiti yalnız məktəbdə deyil, evdə və cəmiyyətdə də formalaşır. Buna görə də müəllim-valideyn münasibətlərində qarşılıqlı hörmət, düzgün ünsiyyət və etik sərhədlər təhsilin keyfiyyətinə birbaşa təsir edir.

Pedaqoqlar bildirirlər ki, müəllimin sinifdə uşağa aşılamaq istədiyi davranış və dəyərlər ailədə dəstəklənmədikdə, tədris prosesi istənilən nəticəni vermir. Müəllim şagirdə məsuliyyətli, diqqətli, nizam-intizamlı olmağı öyrədirsə, lakin evdə onun üzərinə heç bir məsuliyyət qoyulmursa, bu zaman heç bir müsbət nəticə əldə olunmur. Daha çətini isə odur ki, bəzən müəllimin aşıladığı dəyərlərlə ailə mühiti bir-birinə zidd olur: biri öyrədir, digəri isə yalnız tələb edir.

Şirvan şəhər 3 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Səidə Nəsirova bildirir ki, son illər valideyn-müəllim münasibətlərində müşahidə olunan ən böyük problem etik sərhədlərin pozulmasıdır:

– Valideynlər gecə-gündüz bilmədən yazır, zəng edirlər. Bəzən saat 11-də, bəzən səhər tezdən “uşağım niyə belə qiymət aldı?”, “niyə bu tapşırığı belə etdiniz?” kimi suallar ünvanlayırlar. Mən çalışıram hər kəsə nəzakətlə cavab verim, amma müəllim də insandır, onun da şəxsi həyatı, istirahət vaxtı var.

Bəzən valideynlər uşağın dərsə hazırlıqsız gəlməsini və ya davranış qaydalarını pozmasını qəbul etmək istəmirlər. Aşağı qiymət yazıldıqda isə dərhal müəllimi günahlandırır, “uşağım yaxşı oxuyur, ona yüksək qiymət yazın” deyirlər. Halbuki bu, nə uşağın inkişafına, nə də tədris prosesinə xidmət edir. Ən pisi də odur ki, bəzən dərsə gəlib uşaqların qarşısında kobud danışır, müəllimi tənqid edirlər. Bu, həm müəllimin nüfuzuna, həm də uşaqların psixologiyasına ciddi təsir göstərir.

Müəllimlə valideyn arasında düzgün münasibət formalaşmasa, təhsil prosesi yalnız formal xarakter daşıyar. Biz eyni məqsədə – uşağın savadlı, tərbiyəli və düşünən insan kimi yetişməsinə çalışırıq. Amma bu məqsədə çatmaq üçün qarşılıqlı hörmət və anlayış vacibdir. Müəllim tənqid ediləndə, səlahiyyətinə müdaxilə olunanda ruhdan düşür, uşaq isə müəllimə hörmətlə yanaşmır.

Bakı şəhəri 252 nömrəli məktəbin riyaziyyat müəllimi Sevinc Cəfərova da belə yanaşmanın gündəlik dərs prosesinə ciddi təsir etdiyini deyir:

– Son illərdə valideynlərin müəllimlərə münasibətində müşahidə olunan əsas dəyişikliklərdən biri, təhsil prosesinə həddən artıq müdaxilədir. Valideynlər çox zaman yazdığım qiymətlərə qarışmağa, bəziləri açıq şəkildə, bəziləri isə dolayı yollarla təsir etməyə çalışırlar.

Müəllimin işi yalnız dərs keçmək deyil, həm də ədalətli və şəffaf qiymətləndirmə aparmaqdır. Bu, şagirdin öz inkişafını izləməsinə, zəif və güclü tərəflərini görməsinə imkan yaradır. Lakin valideynlər bu prosesi bəzən şəxsi münasibət prizmasından qiymətləndirirlər. Elə olur ki, uşaq evdə deyir “müəllim mənə az qiymət yazdı”. Valideyn isə dərhal mesaj yazır, ya da zəng edib izahat istəyir. Amma qiymət sadəcə bir rəqəm deyil, prosesin nəticəsidir. Biz riyaziyyatda yalnız cavabı yox, düşünmə tərzini də qiymətləndiririk.

Valideynlərin bu cür davranışları uşaqlara mənfi təsir göstərir. Çünki uşaq arxayınlaşır ki, həmişə onun arxasında dayanan biri var, bu da məsuliyyət hissini azaldır. Əgər şagird bilsə ki, hər səhvini valideyn onun yerinə müdafiə edəcək, onda o, nə təlimə, nə də intizama ciddi yanaşar. Halbuki biz çalışırıq uşaqlarda müstəqil düşüncə və cavabdehlik formalaşdıraq. Bu, evdə də dəstəklənməlidir.

Övladı 6-cı sinifdə təhsil alan Leyla Məmmədova hesab edir ki, müəllim-valideyn münasibətlərinin sağlam və balanslı olması, ilk növbədə, valideynin bu məsələyə yanaşmasından asılıdır.

– Biz uşağımızı düzgün təhsil alması üçün müəllimin yanına göndəririk. O, bu sahənin peşəkarıdır və biz onun işinə müdaxilə etməməliyik. Lazım olan məqamlarda əməkdaşlıq etməli, amma hər xırda məsələyə qarışmamalıyıq. Valideyn və müəllim eyni istiqamətdə, sinxron şəkildə işlədikdə uşağın həm tədrisdə, həm də tərbiyədə daha sabit nəticələr göstərməsi mümkündür. Əgər hər addımda müəllimi tənqid etsək, uşaq da onu nüfuz sahibi kimi görməyəcək. Biz müəllimlə rəqib yox, komanda olmalıyıq.

Təhsil eksperti Kamran Əsədov bildirir ki, valideynin övladının təhsilinə maraq göstərməsi təhsil prosesinin ayrılmaz hissəsidir, lakin bu maraq pedaqoji sərhədləri keçdiyi zaman, müəllimin peşə azadlığına, uşağın psixoloji rahatlığına və məktəb mühitinin sabitliyinə mənfi təsir göstərir.

– “Təhsil haqqında” Qanunun 30-cu maddəsində qeyd olunur ki, valideynin və ya digər qanuni nümayəndənin vəzifəsi təhsil alanın məktəbdə uğurlu inkişafına şərait yaratmaq, onun təlim-tərbiyə prosesində müəllimlə əməkdaşlıq etməkdir. Həmin maddənin 30.2.4 bəndinə əsasən, valideyn məktəbin daxili intizam qaydalarına riayət etməli, müəllimlərin səlahiyyətlərinə hörmətlə yanaşmalıdır. Bu normativ baza göstərir ki, valideynin rolu nəzarətçi deyil, tərəfdaş xarakteri daşımalıdır. Elm və Təhsil Nazirliyinin son illərdə bu istiqamətdə həyata keçirdiyi siyasət – valideyn iclaslarının standartlaşdırılması, “Məktəb-valideyn əlaqələri haqqında qaydalar”ın hazırlanması, həmçinin elektron məktəb platformalarının genişləndirilməsi bu münasibətlərin sağlam əsaslara söykənməsi baxımından əhəmiyyətli addımlardır.

Statistika göstərir ki, ölkəmizdəki sorğularda müəllimlərin 63 faizi valideynlərin dərs prosesinə emosional və əsassız müdaxiləsindən narazıdır. 2024-cü ildə Elm və Təhsil Nazirliyinin keçirdiyi “Məktəbdə kommunikasiya mühiti” monitorinqinin nəticələrinə əsasən, məktəblərdə valideynlərlə ünsiyyətin 47 faiz hallarda “WhatsApp” və sosial şəbəkələr vasitəsilə aparıldığı, bu ünsiyyətin 35 faizində isə etik sərhədlərin pozulduğu müəyyən olunub. Bu göstəricilər təkcə texnoloji deyil, həm də psixoloji problemə işarə edir: valideyn müəllimə istənilən vaxt yazır, fikirlərini sərt və bəzən təhqiredici formada ifadə edir. Bu isə müəllimin iş yükünü və emosional gərginliyini artırır, “peşəvi yanma” (burnout) riskini gücləndirir.

Beynəlxalq təcrübədə valideyn-müəllim münasibətləri üçün konkret etik standartlar mövcuddur. Məsələn, Finlandiyada “Məktəb – ailə tərəfdaşlığı sazişi” adlı mexanizm tətbiq olunur. Bu sənəddə valideynlə müəllim arasında ünsiyyət forması, tezliyi və etik çərçivəsi əvvəlcədən müəyyən edilir. Eyni təcrübə Estoniyada da tətbiq olunur və orada valideynin müəllimlə əlaqə qurması üçün həftəlik “kommunikasiya saatı” təyin olunur. ABŞ-da “Valideyn və müəllimlər arasında ünsiyyət qaydaları” adlı sənədlə sosial şəbəkələrdə şəxsi yazışmalar qadağan edilir, bütün əlaqə məktəbin rəsmi e-platforması üzərindən aparılır. Bu modellərin ortaq məqsədi müəllimi şəxsi həyat və emosional təzyiqdən qorumaq, valideyni isə şəffaf, səmərəli informasiya kanalları ilə təmin etməkdir.

Valideynin pedaqoji prosesə müdaxiləsinin müsbət tərəfi ondan ibarətdir ki, o, uşağın inkişafını müşahidə edir, məktəblə əlaqədə olur. ETN-nin “Valideynlər üçün maarifləndirici proqram” layihəsi bu baxımdan vacib təşəbbüsdür. Çünki burada valideynlərə uşağın psixologiyası, öyrənmə üsulları və müəllimlə etik ünsiyyət barədə təlimlər keçirilir.

Müəllim etik baxımdan valideynin narazılığı və ya emosional davranışı qarşısında müdafiə mövqeyində deyil, peşəkar mövqeyində dayanmalıdır. “Təhsil işçilərinin etik davranış qaydaları”nın 4.3 bəndinə görə, müəllim valideynlə münasibətdə səbir, obyektivlik və şəffaflıq prinsiplərinə əməl etməli, şəxsi münasibətlərin pedaqoji qərarlara təsir etməsinə yol verməməlidir.

Bu münasibətlərin sağlamlaşdırılması üçün məktəb-valideyn-müəllim üçbucağında sistemli mexanizmlər yaradılmalıdır. İlk növbədə, hər tədris ilinin əvvəlində “məktəb kommunikasiya protokolu” hazırlanmalı, bu sənəddə ünsiyyət saatları, qaydalar və məsuliyyət bölgüsü açıq şəkildə qeyd olunmalıdır. Eyni zamanda, məktəblərdə “valideyn əlaqə meneceri” və ya “psixoloq-koordinator” funksiyasını yerinə yetirən və mübahisələrin ilkin mərhələdə həllini təmin edən mexanizm formalaşdırılmalıdır. Bu model Sinqapurda və Cənubi Koreyada uğurla tətbiq olunur və müəllim-valideyn münasibətlərində emosional gərginliyi 60 faiz azaldır.

Ləman TƏHMƏZ
XQ



Təhsil