Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Energetika naziri Pərviz Şahbazov “2-ci İstanbul Təbii Sərvətlər Zirvəsi” çərçivəsində keçirilən “Dəyişən Qlobal Mənzərədə Enerji Təhlükəsizliyi: Bağlantılar və Əməkdaşlıq” mövzusunda nazirlər sessiyasında çıxış edib.
Nazir çıxışında Azərbaycan və Türkiyə arasında həm enerji sektoruna böyük investisiyalar yatırılması, həm də neft-qaz kəmərləri və elektrik infrastrukturu üzrə müxtəlif layihələrin icrası ilə uğurlu əməkdaşlıq modelinin olduğunu vurğulayıb. Bildirilib ki, hər iki ölkə enerji sektorunun inkişaf strategiyasını mənbələrin və marşrutların şaxələndirilməsi, eləcə də daha geniş enerji bağlantılarının yaradılması üzərində qurub. Azərbaycan və Türkiyə arasında həyata keçirilən Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizinin hazırda etibarlı və proqnozlaşdırılan enerji marşrutları sırasında yer aldığı, bu layihələrin yalnız iştirakçı ölkələri deyil, bütövlükdə regionu Avrasiyanın enerji infrastrukturunun əsas sütunlarından birinə çevirdiyi diqqətə çatdırılıb.
Nazir Pərviz Şahbazov son dövrlərdə baş verən geosiyasi proseslərin enerji bazarlarına təsirləri fonunda XXI əsrdə enerji gücünün artıq yalnız hasilatla deyil, həm də təchizat təhlükəsizliyi, enerji bağlantıları və etibarlı tərəfdaşlıqla ölçüldüyünü qeyd edib. Bu aspektdə Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında elektrik interkonnektoru layihəsinin gündəmdə olduğu diqqətə çatdırılıb. Zəngəzur üzərindən keçəcək yeni elektrik bağlantısının isə Xəzər regionunun enerji resurslarını Ermənistan üzərindən Naxçıvan vasitəsilə Türkiyəyə çatdıracağı, bu layihələrin Türkiyənin regional enerji habı rolunu daha da gücləndirəcəyi bildirilib. Özbəkistanın Çinlə enerji əlaqələrini nəzərdə tutan layihələri fonunda gələcəkdə Türkiyə, Azərbaycan və Mərkəzi Asiya üzərindən Çinlə Avropa arasında yeni enerji bağlantılarının formalaşmasının Avrasiyanın enerji arxitekturasını dəyişdirəcəyi qeyd olunub.
Nazir elektromobillik, elektrikləşmə, data mərkəzləri, süni intellekt və digər texnoloji inkişafların enerji və elektrik enerjisinə tələbatı sürətlə artırdığını diqqətə çatdırıb. Bildirilib ki, artıq əsas məsələ enerjinin ən ucuz mənbədən əldə olunması deyil, onun əlçatanlığının və təhlükəsiz təchizatının təmin edilməsi, beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.
Sessiyada Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla yanaşı, Gürcüstan, Moldova, Liviya, Somali, Nigeriya və Sudanın da nazirləri iştirak edib.




