Xilaskarın qayıdışı

post-img

Dünya tarixi hər hansı bir xalqın, ölkənin, etnik qrupun və bütövlükdə, bəşəriyyətin taleyində şərəfli yer tutan şəxsiyyətlərlə sıx bağlıdır. Bəzən uzun illər hakimiyyətdə qalmış belə şəxsiyyətlərin həyat tarixçələri ölkələrinin mürəkkəb siyasi, sosial-iqtisadi problemlərinin həllinə və sabit inkişafına həsr etdikləri gərgin zəhmətləri gələcək nəsillərə çatdırır və dövlətçiliyə xidmət örnəyinə çevrilir.

Heç şübhəsiz, Heydər Əliyev bu şəxsiyyətlərin ön sırasında yer alan möhtəşəm simalardandır. Onun gözlənilməz siyasi gedişlərlə, ağlasığmaz dönüşlərlə və səs-küylü çətinliklərlə dolu zəngin həyatı, yer üzündə qoyduğu unikal və təkrarolunmaz izi bütün dünya üçün bir xəzinədir. Heydər Əliyevin adı eşidiləndə, hər bir azərbaycanlı bütün həyatını vətəninin çiçəklənməsinə həsr etmiş bir insanla təsəvvürolunmaz bir qürur hissi keçirir. Ulu öndər xalqının sonsuz sevgisini öz böyük əməlləri və möhtəşəm ictimai-siyasi fəaliyyətilə qazanmış, onların yaddaşında azad və çiçəklənən bugünkü müstəqil Azərbaycanın yaradıcılarından biri kimi əbədi qalmışdır.

Belə bir sual yaranır ki, idarəetmə təcrübəsi, sarsılmaz, mətin xarakteri və çıxdığı yola güclü inamı Heydər Əliyevə 1990-cı illərin əvvəllərindəki xaotik idarəetmənin yaratdığı dağıntıların öhdəsindən gəlməyə, Azərbaycanı müstəqil dövlətçilik yoluna çıxarmağa və onu regionun aparıcı iqtisadiyyatına çevirməyə necə kömək etdi?

1960-cı illərdə əsası qoyulan Heydər Əliyevin idarəetmə fəlsəfəsinin əsas ideoloji və siyasi istiqaməti milli özünüifadənin bütün forma və vasitələrinin geniş əhatə dairəsi, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə töhfə verən sürətli inkişaf strategiyasının həyata keçirilməsi ilə xarakterizə olunur. Milli dövlətçiliyin ideoloji təməlinə çevrilən Heydər Əliyevin “azərbaycançılıq” ideologiyası onun müasir dünyada yerini müəyyən etmiş və dünyanın hər yerində yaşayan azərbaycanlılar üçün birləşdirici amilə çevrilmişdir. Heydər Əliyev bütün həyatını xalqına sədaqətlə xidmət etməyə həsr etmiş, həmişə ona güvənmiş, ən çətin anlarda ona üz tutmuşdur. Xalqın, həmvətənlərin isə ona etimadı, inamı daimi olmuş və heç vaxt ondan dəstəklərini əsirgəməmişlər.

Sevimli vətəni olan Azərbaycan, yalnız doğma torpağını öz həyatından daha çox sevən, taleyin qəddar və bəzən ədalətsiz zərbələrinə qarşı mətanətlə duruş gətirən sadiq oğlunun səyləri sayəsində bütöv və bölünməz qalmışdır. Heydər Əliyev xain və namərd düşmənin zərbəsindən sonra hər dəfə ayağa qalxmış, ölkəsini ən firavan, ən xoşbəxt və çiçəklənən ölkə etmək kimi ülvi məqsədinə doğru irəliləməyə davam etmişdir. Ulu öndər əmin idi ki, hər bir azərbaycanlının qürurla “Vətənim, Azərbaycan” deyəcəyi vaxt gələcək və o zaman “Azərbaycan dünyaya Günəş kimi doğacaq!”

Hələ Sovet hakimiyyəti illərində həm Azərbaycanın, həm də SSRİ kimi nəhəng dövlətin əsas dövlət rəhbərlərindən biri kimi sovet vətəndaşları arasında Heydər Əliyevə populyarlıq qazandıran onun fərqli və fenomenal xüsusiyyətləri, şəxsi ünsiyyət üslubu və hadisə yerinə gedərək problemi şəxsən həll etməyə hazır olması idi. Bununla bağlı sovet dövründən də, müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdən də kifayət qədər faktlar var.

Dünyanın tarixçi alimləri və politoloqları Heydər Əliyevin böyük siyasətə qayıdışını Sovet qoşunlarının 1990-cı il yanvarın 20-də törətdiyi qanlı Yanvardan sonra ilə bağlayırlar. Həqiqətən də, 1990-cı il Heydər Əliyev üçün fərqli bir karyeranın – ümummilli lider kimi siyasi fəaliyyətinin başlanğıcı oldu. 1991-ci ildən 1993-cü ilə qədər o, sahib olduğu zəngin siyasi və dövlət idarəçilik təcrübəsini, istedadını Naxçıvanda sınadı. 1991-ci ilin iyul ayında, Moskvada baş vermiş hakimiyyət çevrilişindən bir ay əvvəl Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyasından ayrıldı və 1991-ci il sentyabrın 3-də Naxçıvan parlamentinin sədri seçildi. Həmin dövrdən başlayaraq 1993-cü ilin yazına qədər onun şöhrətinin qayıdış dövrü oldu. O, Naxçıvanın sərhədlərində sülh və sabitliyin qorunması barədə Ermənistanla razılığa gəlməyi, eləcə də Türkiyə və İranla konstruktiv, balanslı münasibətlər qurmağı bacardı.

Hələ 1990-1991-ci illərdə müxtəlif respublikalarda baş vermiş qanlı dövlət terrorları SSRİ-nin dağılması ilə nəticələndi və bu amil yenidən Heydər Əliyevi kəskin siyasi dalğaların zirvəsinə qaldırdı. Bu, təəccüblü deyildi - postsovet Azərbaycanın məhz belə qətiyyətli və bacarıqlı bir liderə ehtiyacı var idi. 1993-cü ilin oktyabrında respublika daxili iğtişaşlardan və Dağlıq Qarabağdakı münaqişədən sarsıntı keçirərkən, Vətəninə son dərəcə bağlı olan və hələ Sovet rejiminin repressiv metodlarının hökm sürdüyü bir dövrdə Azərbaycan üçün misilsiz işlər görən Heydər Əliyev kənarda qala bilməzdi. Əslində xalq da onun kənarda qalmasını deyil, hakimiyyətə gəlib “xəstə” Azərbaycanı ayağa qaldırmasını istəyirdi.

1992-1993-cü illərdə Heydər Əliyev özünün razılığı ilə yaradılmış Yeni Azərbaycan Partiyasına rəhbərlik etdi. Bu dönəmdə Heydər Əliyev onun yenidən hakimiyyətə gəlməsini istəməyən ovaxtkı respublika hakimiyyətinin inamsızlığını və tez-tez açıq düşmənçiliyini aradan qaldırmaq üçün mətin iradə nümayiş etdirdi.

Azərbaycan tarixinin diqqətçəkən məqamlarından biri ondadır ki, qısa bir zamanda Azərbaycanda bir neçə dövlət çevrilişi baş verdi: 1992-ci ilin fevralında Qarabağ müharibəsindəki uğursuzluqlar səbəbindən Rusiyapərəst Ayaz Mütəllibov hakimiyyəti devrildi. Həmin il mayın 15-də Mütəllibovun tərəfdarları onu hakimiyyətə qaytardılar, lakin heç bir gün keçməmiş o, ölkədən qaçdı və Əbülfəz Elçibəy prezident seçildi. Amma onun hakimiyyəti də 1 ildən çox çəkmədi. Ölkə sürətlə xaosa və vətəndaş müharibəsinə sürüklənirdi.

...1993-cü ilin may ayında Surət Hüseynov özünə tabe olan silahlı dəstələrin dəstəyi ilə hökumət əleyhinə üsyana başladı. Hüseynovun tərəfdarları ilə hökumət qüvvələri arasında toqquşmalar insan ölümü ilə nəticələndi. Qarabağdakı uğursuzluqlar fonunda Surət Hüseynovun üsyanı yeni kütləvi etiraz dalğasına səbəb oldu. Bu dəfə bu dalğa sələfi Ayaz Mütəllibovun siyasətindən narazılıq dalğası ilə hakimiyyətə gələn Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyə qarşı yönəlmişdi. Böhranın qorxulu vətəndaş müharibəsinə çevriləcəyi məqamda Heydər Əliyev respublikaya gəldi və birbaşa hadisələrin sürətlə cərəyan etdiyi, milli qarşıdurmanın kəskin xarakter aldığı Gəncəyə yola düşdü. Bədxahlarının ağlına belə gəlməzdi ki, xalqın çağırışına səs verib paytaxta dönmüş Heydər Əliyev artıq milli lider kimi Azərbaycanın daxilindəki parçalanmanı həll etməyə nail olacaq. Amma Ulu öndər bunu ən usta şəkildə bacardı.

15 iyun 1993-cü ildə Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. 17 iyundan 18 iyuna keçən gecə Elçibəy Bakıdan qaçdı və 25 iyunda onun səlahiyyətləri Heydər Əliyevə keçdi. 29 avqust 1993-cü ildə Əbülfəz Elçibəyə etimadla bağlı referendum keçirildi. Xalqın 92 faizinin ikinci Azərbaycan Prezidentinə etimadsızlığı Xalq Cəbhəsi Partiyasının (AXP) lideri üçün siyasi məğlubiyyət idi. Digər birinci dalğa milli demokratları kimi, Elçibəy də mitinqlərin hüdudlarından kənarda real siyasi fəaliyyət göstərə bilmədiyini sübut etdi və onun hakimiyyəti iflasa uğradı.

Ona görə də Heydər Əliyev xalqın təkidi ilə elə həmin ilin oktyabrında keçirilən seçkilərdə prezidentliyə namizədliyini irəli sürməyə razı oldu. Seçki məntəqələrinə gələn demək olar ki, hər kəs məhz ona səs verirdi. 1993-cü il oktyabrın 3-də Heydər Əliyev seçkilərdə 98,8 faizi səslə Azərbaycan Prezidenti seçildi və eyni zamanda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı oldu. Təbii ki, Heydər Əliyev Dağlıq Qarabağ Azərbaycana qaytarmaq niyyətini gizlətmirdi və dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən uzaq siyasi hədəfdə buna yönələn ciddi addımlara hazırlıq gedirdi. Hadisələrin çox gərgin məqamında Heydər Əliyevin siyasi dühasının gücü onda idi ki, o, xaotik inqilabi hərəkatı dövlətçiliyin və milli maraqların müdafiəsi çağırışları ilə əsas qayəyə tərəf döndərə bildi və bu qüvvənin aparıcı lideri oldu. Dövlətçilik instinkti yeniləşməni hərəkətə gətirdi və milli azadlıq hərəkatını dövlətçiliyin xilası trekinə çıxartdı. Bir neçə strateji araşdırmalar inistutunun görməli olduğu işləri Heydər Əliyev zəkası təkbaşına gördü. Amma bu bir gündə baş verə bilməzdi.

Düşmən bilirdi ki, artıq Azərbaycana yüksək siyasi zəkaya və beynəlxalq nüfuza malik bir şəxsiyyət rəhbərlik etməyə başlayıb. Bu amilin özü daxili sabitliyin tənzimlənməsi üçün bir vasitə olsa da, xarici qüvvələrin öz planlarını həyata keçirməsi yolunda çox güclü bir maneə idi. Ona görə də onlar bütün vasitələrlə Heydər Əliyevin nüfuzuna elə ilk gündən sarsıdıcı zərbə vurmaq niyyəti ilə cəbhədə vəziyyəti daha da gərginləşdirdilər.

1993-cü il dekabrın 11-də Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın əhəmiyyətli bir hissəsini işğal edərək bölgəyə bitişik Azərbaycan ərazisində bir neçə yaşayış məntəqəsini ələ keçirməyə müvəffəq oldular. Buna cavab olaraq Heydər Əliyevin çağırışı ilə səfərbər olan Azərbaycan silahlı qüvvələri dekabrın 22-də bütün cəbhə boyu Ermənistan silahlı qüvvələrinə ağır zərbələr endirib bir neçə məntəqəni geri qaytardılar. Döyüşlər zamanı düşmən ağır itkilər verdi və 1994-cü il may ayının əvvəlində Bişkekdə başlayan danışıqlar nəticəsində 12 may 1994-cü ildə Bişkek atəşkəs protokolu qüvvəyə mindi.

Heydər Əliyevin Dağlıq Qarabağda müharibənin dayandırılmasında əsas məramı xalqın və ölkənin üzücü gərginliklərdən xilas olub rahat nəfəs almasını, daxili sabitliyi təmin etmək və dövlət təsisatlarında nizam-intizam yaratmaq idi. Bundan keçən qısa bir vaxtda Heydər Əliyev Azərbaycanın daxilində qarışıqlığa səbəb ola biləcək hər şeyə böyük uzaqgörənliklə və qətiyyətlə son qoydu. Məhz bu xidmətinə görə də Heydər Əliyev postsovet Azərbaycanını vətəndaş müharibəsindən və dövlətçiliyin məhvindən xilas edib, müstəqillik yoluna çıxaran müstəsna siyasətçi hesab olunur.

Prezident Heydər Əliyevin həmin dövr üçün əsas narahatlıqları təkcə ölkəni xaosdan xilas etmək və təcavüzü dayandırmaq deyildi. O, tarix qarşısında üzərinə düşən vəzifənin nə qədər mühüm olduğunu heç kimin, görə bilmədiyi bir uzaqgörənliklə görürdü. Bilirdi ki, onun missiyası yeni, müstəqil və azad bir Azərbaycan dövləti qurmaqdır. Məhz 1993-cü ildə hakimiyyətə qayıdışından, Azərbaycanı xaosdan və dağılmaqdan xilas etdikdən sonra Heydər Əliyev ölkənin iqtisadi və siyasi sisteminin təməl daşlarını qoydu, dövlətinin, sonradan məlum olduğu kimi, əslində qonşu dövlətlərin əksəriyyətinin - gələcək illər üçün gedişatını müəyyən etdi. Heydər Əliyevin ona miras qalan ağır problemləri həll etmək üçün böyük dövlətçilik və iqtisadi-idarəetmə təcrübəsi var idi. Düşünülmüş maliyyə islahatları, təkcə sənaye nəhənglərinin deyil, həm də kiçik biznesin və orta təbəqənin maraqlarını nəzərə alan vergi siyasəti ona xarici yardımı və daxili resursları səmərəli şəkildə idarə etməyə kömək etdi.

Heydər Əliyev Rusiyanın imperiya boyunduruğundan buraxmaq istəmədiyi və bunun üzündən ağır zərbələr alaraq torpaqlarının bir hissəsi böyük qonşularının hərbi dəstəyini alan Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib dağıdılmış, evlərinin yağmalanıb viran qoyulduğu 1 milyona yaxın vətəndaşının qaçqın kimi küçələrə töküldüyü Azərbaycanı dirçəltdi və bütün regionun gələcəyini formalaşdıran bir inkişaf xətti formalaşdırdı. Bu yerdə son illərdə mətbuatda oxuduğum, ulu öndər Heydər Əliyevin Azərbaycan hüdudlarından kənara işıq saçan dühasindan bəhs edən çox maraqlı bir fakt yadıma düşür:

Gürcüstanın ictimai-siyasi xadimi, 1990-cı illərdə Tbilisinin meri olmuş Niko Lekişvili medaya verdiyi müsahibədə Astanadakı görüşləri zamanı Heydər Əliyevin Eduard Şevardnadzenin siyasi karyerasını necə xilas etməyə çalışdığını xatırlayaraq deyir: “Şevardnadzeni tək qoymamağı məsləhət gördükdən sonra, Heydər Əliyev mənə vacib bir qovluq uzatdı və bunu Gürcüstan dövlət başçısına təhvil verməyi tapşırdı. Heydər Əliyev qovluğu təhvil verməklə və içindəkiləri izah etməklə mənə böyük etimad göstərdi. Heydər Əliyev heç bir siyasi məktəbdə öyrənilə bilməyən keyfiyyətlərə malik idi”.

...Heydər Əliyevin qısa dövrdə atdığı addımlar, qəbul etdiyi siyasi qərarlar bir daha ulu öndərin bütün ömrü boyu sahib olduğu cəsarətdən, əzmkarlıqdan, dərin zəkasından xəbər verirdi. Kremlin rus şovinizmi və Mixail Qorbaçovun çirkin xisləti üzündən hakimiyyətdən uzaqlaşdırılan Heydər Əliyevin uzun müddət fəxri sovet təqaüdçüsü vəzifəsində qalmayaraq, az bir vaxtda yenidən siyasi səhnəyə qayıtması fenomenal bir hadisə idi. Çünki Naxçıvana “sürgün edildikdən” sonra hər siyasətçi 70 yaşında münaqişələrlə dolu gənc, müstəqil bir respublikaya rəhbərlik etməyə cəsarət etməzdi. Onun siyasi karyerasını araşdıran tədqiqatçılara görə, çoxları üçün aydın olmayan bu seçimdə həlledici amil Heydər Əliyevin doğma torpağına və xalqına olan həqiqi və sarsılmaz sevgisi idi.

Heydər Əliyevin adının Azərbaycanın çiçəklənməsi və inkişafı ilə əlaqələndirilməsi onun 34 il bu respublikaya rəhbərlik etməsi, bu illər ərzində onun inkişafında, ikinci dönəm hakimiyyətə qayıdışı ilə müstəqilliyinin bərqərar olmasında müstəsna xidmətlər göstərməsində idi. 1993-cü ildə prezident səlahiyyətlərinin icrasına başlayan Heydər Əliyev, demək olar ki, dərhal Xəzər dənizində karbohidrogen hasilatına böyük beynəlxalq investisiyalar cəlb etməyə nail oldu. Bu cəhətdən bilavasitə onun rəhbərliyi altında 1994-cü ildə dünyanın aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi” adını alan neft layihəsinin hazırlanması və imzalanması xüsusi rol oynayır. Bu müqavilə təkcə Azərbaycanın zəngin təbii sərvətlərini qlobal bazarlara çıxarmadı, həm də onu beynəlxalq siyasətdə mövqey sahibinə çevirdi.

1994-cü il sentyabrın 20-də imzalanan bu müqavilə Qərb şirkətlərinə Azərbaycanın Xəzər dənizinin neft yataqlarının işlənməsində 70 faiz pay verdi. Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi” ilə Azərbaycan növbəti 30 il ərzində 180 milyard dollar mənfəət əldə etməyə ümid edirdi. Rusiya və digər Xəzəryanı dövlətlər bu addımı qəbuledilməz hesab edirdilər. Onlar Xəzərin neft ehtiyatlarının istismarı ilə bağlı hər hansı bir böyük layihənin kollektiv şəkildə əlaqələndirilməsində israr edirdilər. Bu səbəbdən Rusiya-Azərbaycan münasibətləri xeyli gərginləşdi, Türkmənistanla mübahisələr yaşandı. Lakin Heydər Əliyevin iradəsi və siyasi gedişləri sayəsində Azərbaycan özünə faydalı olan nəticəyə nail oldu.

Bu sırada Prezident Heydər Əliyevin ən böyük nailiyyətlərindən biri də Xəzər neftinin birbaşa Aralıq dənizi limanına ixracı üçün Avropanın ən böyük neft kəməri olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi hesab olunur. Bunlar Azərbaycanın həm siyasi, həm də sosial-iqtisadi uzunmüddətli uğurlu inkişafının təməlini qoydu. Məhz Heydər Əliyevin 10 illik rəhbərliyi dövründə Azərbaycan beynəlxalq arenada hörmət edilən və söz sahibi olan bir ölkəyə çevrildi.

Bütün bunlar hələ ermənipərəst qüvvələrin Azərbaycana təzyiqinin qarşısının alınması və ölkədə sabitliyin tam bərqərar olması anlamına gəlmirdi. Həmin vaxta qədər Qarabağ münaqişəsi səbəbindən ABŞ Konqresi Azadlığa Dəstək Aktına ABŞ hökumətinin Azərbaycana yardımını qadağan edən düzəliş qəbul etdi. Eyni zamanda Prezident Heydər Əliyev 1994-cü il oktyabr ayının əvvəllərində respublikadakı daxili münaqişələrlə də məşğul olurdu. Həmin ərəfədə Baş nazir Sürət Hüseynov daha bir dövlət çevrilişinə cəhd etdi. Heydər Əliyev çevriliş cəhdinə imkan vermədi. Azərbaycanın hüquq-mühafizə orqanları planlaşdırılan üsyandan xəbər tutub, üsyançıları vaxtından əvvəl hərəkətə keçməyə məcbur etdilər. Çevriliş iştirakçılarının bəziləri həbs edildi, Sürət Hüseynov isə ölkədən qaçdı. Lakin 1997-ci ildə o da Rusiyada həbs olunaraq Bakıya ekstradisiya edildi və 1999-cu ildə ömürlük həbs cəzasına məhkum edildi.

Lakin bunlar Prezident Heydər Əliyev hakimiyyətinə qarşı olan radikal müxalifət və xarici irticaçı qüvvələrin revanşızmini sona vermədi. 1990-cı illərin ortalarında, daha iki dövlət çevrilişi cəhdindən – 1995-ci il 13-17 mart və 1996-cı ilin oktyabr hadisələrindən sonra respublikada siyasi sabitlik demək olar ki, tam bərqərar oldu.

Həmin illərdə artıq müstəqil Azərbaycanın yeni Konstitusiyasının hazırlanması zərurəti yarandı. Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradıldı və hazırlanan yeni Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildikdən sonra – 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlət quruculuğunun əsaslarını qoydu və eyni zamanda, prezidentin səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirdi.

Bu mənada, əlbəttə, Heydər Əliyev təkcə bu gün qüvvədə olan müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının deyil, həm də yeni Azərbaycan Respublikasının hüquqi dövlət strukturunun müəllifi oldu. Bu gün Prezident İlham Əliyev dövrünə xas olan müstəqil dövlətin demokratik idarə olunmasında görkəmli rolu məhz xaosdan və dağıntılardan sonra bərqərar olan Heydər Əliyev hakimiyyəti müəyyən etdi.

1990-cı illərin sonlarında Heydər Əliyev Azərbaycanın beynəlxalq aləmdə tanınması sahəsində çox ciddi addımlar atdı. 1997-ci ildə Azərbaycan GUÖAM assosiasiyasının fəal üzvü oldu. 1999-cu ilin fevralında Azərbaycan MDB Kollektiv Təhlükəsizlik Müqaviləsindən (KTM) çıxdı və həmin ilin noyabr ayında ATƏT-in İstanbul sammitində bölgədə Rusiya neft tranzit marşrutlarına alternativ olan strateji Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi ilə bağlı bir sıra sazişlər imzaladı. Beynəlxalq siyasi dairələrdə kifayət qədər yaxşı tanınan və böyük nüfuza malik olan Heydər Əliyev Azərbaycanın dünya siyasətində öz yerini tutması üçün müntəzəm xarici səfərlərə gedir, danışıqlar aparır, ikitərəfli əməkdaşlıq və tərəfdaşlıq müqavilələri, sazişlər imzalayırdı.

Cəmi bir onillikdə daxili siyasi çəkişmələrə son verərək ölkənin inkişafının təməlini qoymağa müvəffəq olan Ulu öndər çətinliklər olmadan deyil, inamla və aydın şəkildə Azərbaycan sosial-iqtisadi və siyasi sisteminin əsas prinsipini - sosialyönümlü bazar iqtisadiyyatını - rifah dövlətini qurdu.

Ölkə bütün bunları həyatını Azərbaycan xalqının rifahı naminə ictimai-siyasi xidmətə həsr edən Heydər Əliyevə borclu idi. O, uzaqgörən, son dərəcə işgüzar, dünya siyasətini dərindən bilən, beynəlxalq aləmdə nüfuzu olan, polad iradə və möhkəm əqidə sahibi idi. Bütün bu keyfiyyətlər ona Azərbaycnın müstəqilliyini təməldən qurmağa, sabit siyasi sistem formalaşdırmağa və Cənubi Qafqazın ən güclü iqtisadiyyatının bünövrəsini qoymağa kömək etdi.

Onun Azərbaycanda qurduğu demokratik dövlət idarəçiliyi sistemi bu günə qədər fəaliyyət göstərir: güclü və demokratik dövlət quruluşuna, sosial yönümlü iqtisadiyyata və dünya ölkələrinə inteqrasiyaya malik azad və müstəqil respublika.

Ümummilli lider Heydər Əliyev Azərbaycanın geosiyasəti üçün uzun illərə hesablanmış yeni bir vektor müəyyən etdi. Başda Prezident İlham Əliyev olmaqla onun dövlət idarəçilik məktəbinin yeni nəsli yetişdi və bu gün onlar inqilabı idarəçilikdən çox dəqiq ayırırlar.

2003-cü ildə ümummilli liderin vəfatı onun bədxahlarının, xarici və daxili düşmənlərinin gözlədiyi kimi Heydər Əliyevin yaratdığı sistemi çökdürmədi, əksinə yeni nəsil liderlərə hərəkət üçün strateji bir vektor və aydın bir məqsəd verdi. Demokratik seçki yolu ilə hakimiyyət kürsüsündə Ulu öndəri əvəzləyən Prezident İlham Əliyev az bir zamanda ümummilli liderin müəyyənləşdirdiyi bu siyasi vektor ətrafında öz komandasını səfərbər edib Azərbaycanı regionun lider dövləti və beynəlxalq siyasətdə söz sahibi edən bir dövlətə çevirməyə müvəffəq oldu. Prezident İlham Əliyevin yeni və müasir bir lider kimi yüksəlişi nəsillərin əvəzlənməsini möhkəmləndirdi və sürətləndirdi. Onun 23 il ərzində həyata keçirdiyi xarici və daxili siyasət, elan etdiyi hərbi doktrina bütün mənalarda varisi olduğu Heydər Əliyevin arzu və istəklərinin, xüsusilə də Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsində müstəsna rol oynadı. Prezident İlham Əliyev 2020-ci ildə 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistan üzərində misilsiz qələbəyə imza ataraq ümummilli lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın tarixinə adını Müzəffər Ali Baş Komandan kimi yazdırdı. Bu gün o Komandanın strateji siyasəti Azərbaycanı azad, demokratik, təhlükəsiz rifah ölkəsi kimi növbəti uğurlara doğru aparır.

Məhərrəm SƏFƏRLİ,
Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü, Həsən bəy Zərdabi mükafatı laureatı

Siyasət