Müsahibimiz müstəqillik hərəkatında “91-lər” adı ilə tanınanlardan biri, akademik Sudeif İmamverdiyevdir
Keçən əsrin 90-cı illərin əvvəllərində müstəqilliyinə yenicə qovuşmuş Azərbaycan dövləti özünün ağır, təlatümlü dövrünü yaşayırdı. Saxta, populist şüarlarla siyasi hakimiyyətə gələn AXC-Müsavat cütlüyü qısa müddət ərzində xalqın inam və etibarını tamamilə itirmişdi. Nəticədə ölkəni xaos, hərcmərclik, ağır böhran bürümüşdü. O biri yandan da əzəli torpaqlarımız əldən gedirdi. Bəli, Azərbaycan xalqı çox çətin, çıxılmaz duruma düşmüş, milli dövlətçiliyimiz məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı.
Vətənin ağır taleyi hər bir vətənpərvər ziyalı kimi o dövrdə Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri işləyən, görkəmli alim, tibb elmləri doktoru, professor Sudeif İmamverdiyevi də dərindən narahat edirdi. O ağır, taleyüklü illərdən 33 il keçsə də, Sudeif müəllim baş vermiş hadisələri olduğu kimi yaddaşına köçürüb. Görkəmli uroloq-alim bizimlə söhbətinə bu sözlərlə başladı:
– Zaman ən böyük hakimdir. Dövrün, zamanın ağır, çətin sınaqlarından uğurla, alnıaçıq çıxmaq yalnız dahilərə nəsib olur. Xalqımızın böyük oğlu, dünyaşöhrətli dövlət xadimi, milli iftixarımız Heydər Əliyev belə qüdrətli, müdrik şəxsiyyətlərdəndir. Bu dahi siyasətçinin taleyinə tarixi xilaskarlıq missiyası yazılmışdı. Ulu öndər bu missiyasını ən yüksək səviyyədə, böyük qətiyyətlə, səriştə və peşəkarlıqla yerinə yetirmişdir.
1990-cı illərin əvvəlləri bu gün də kino lenti kimi gözümün önündən keçir. AXC – Müsavat hakimiyyəti ölkəni idarə etmək əvəzinə dağıdıcı istiqamətdə fəaliyyət göstərir, torpaqlarımız bədnam qonşularımız tərəfindən işğal olunur, məcburi köçkünlərin sayı günbəgün artırdı. Cənubda, şimalda separatçı qüvvələr baş qaldırmışdı. Ölkə dağılır, parçalanırdı. Biz bir qrup ziyalı dağıdıcı proseslərin davamlı olduğunu görüb hədsiz narahat olur, çıxış yolunu müdrik rəhbər, dünyaşöhrətli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdük.
Ən düzgün yol isə partiya yaratmaqla hakimiyyətə gəlmək idi. Ona görə də 1992-ci il oktyabr ayının 16-da 91 nəfər vətənpərvər ziyalı bir araya gələrək Heydər Əliyevə müraciət etdik. Ulu öndər müraciətimizə müsbət cavab verdi. Açığını deyim ki, o vaxta qədər ümummilli lider Azərbaycanda hakimiyyətə gəlmək düşüncəsini, rəhbər olmaq fikrini ortaya qoymamışdı. Əslində bu düşüncə xalqın qəlbində yaşayırdı, yaxşı bilirdik ki, ölkəni bu vəziyyətdə yalnız Heydər Əliyev dühası, müdrikliyi xilas edə bilər.
“91-lər” çox mühüm missiyanı yerinə yetirdilər. Çox sevinir, qürur duyuram ki, həmin müraciətdə mənim də imzam vardır. Bu müraciət respublikada böyük əks-səda yaratdı. Çoxlu təzyiqlərə, maneələrə baxmayaraq, 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və əbədiyaşar liderimiz Heydər Əliyev partiyanın sədri seçildi.
1993-cü ilin yayında xarici və daxili düşmənlərimiz Azərbaycanı parçalamaq, müstəqilliyimizi və dövlətçiliyimizi məhv etmək planlarını həyata keçirmək üçün daha da fəallaşdılar. İyunun 4-də Gəncə qiyamından sonra Azərbaycanın ovaxtkı rəhbərləri özləri də gördülər ki, respublikanı idarə edə bilmirlər. Anladılar ki, ölkəni vətəndaş müharibəsi, məhvolma həddinə gətirib çıxarıblar.
Müstəqilliyimizi, dövlətçiliyimizi itirmək təhlükəsi yarananda xalq öz xilaskarını, müdrik rəhbərini köməyə çağırdı. 1993-cü il iyun ayının 15-də xalqın təkidli tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldi. 15 iyun tarixə Milli Qurtuluş Günü kimi yazıldı.
Ulu öndər qısa vaxtda ölkədə qayda-qanun yaratdı, xalqı bəlalardan xilas etdi. Müstəqil Azərbaycan yeni inkişaf yoluna qədəm qoydu, insanlarda fərqli düşüncə tərzi formalaşdı.
Lakin düşmən yatmamışdı. Xarici havadarlarına arxalanan bədxah, nankor qüvvələr dəfələrlə terror aktı, dövlətçiliyimizə qarşı qəsdlər törətməyə çalışdılar. Xalqın dahi rəhbərə sonsuz inamı, məhəbbəti, böyük dəstəyi ilə dövlət çevrilişinə cəhdlərin qarşısı alındı. Bütün dünya gördü ki, xalq sevimli Prezidentinin arxasındadır, ölkəmizdə xalq-iqtidar birliyini heç bir qüvvə poza bilməz.
1994-cü ilin sentyabrında Ümummilli liderin rəhbərliyi ilə “Əsrin müqaviləsi” reallaşdı. Bütün sahələrdə uğurlu islahatlar aparıldı. Azərbaycan sürətlə inkişaf edərək beynəlxalq aləmdə nüfuzlu dövlət kimi tanındı.
O illərə nəzər salanda Ulu öndərlə unudulmaz görüşləri böyük məhəbbətlə, sayğı ilə xatırlayıram. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olduğuma görə şuranın iclaslarında görüşürdük. Hər birimizi diqqətlə, səbirlə dinləyir, mövqeyimizi soruşurdu. Onun hər sözü, çıxışı adamı valeh edirdi. Elə bilirdin ki, səni çoxdan tanıyır, qəlbindəkilərdən xəbərdardır. Əsl rəhbər, bütün varlığı ilə xalqa bağlı böyük şəxsiyyət idi.
Heç vaxt yadımdan çıxmır. 1997-ci il yanvar ayında xalq şairi Bəxtiyar Vahabzadəni işlədiyim Qədirli adına Mərkəzi hövzə xəstəxanasında əməliyyat eləmişdim. Ulu öndər yanvarın 19-da xəstəxanada müalicə olunan şairə baş çəkməyə gəlmişdi. Bəxtiyar müəllimin səhhəti, vəziyyəti ilə yaxından maraqlandı. Həmin görüşdə mənim də əməyimi yüksək qiymətləndirərək dedi: “Təşəkkür edirəm ki, cərrahımız belə yaxşı əməliyyat aparıbdır. O, Yeni Azərbaycan Partiyasının üzvüdür və həmin partiyanın siyahısı ilə Milli Məclisə deputat seçilib. Bax, Milli Məclisdə belə cərrahlarımız var. Biz bununla da fəxr etməliyik. Fəxr etməliyik ki, Milli Məclisimizdə bu cür mütəxəssislər, ziyalı adamlar var”.
Ümummilli liderin siyasi kursunun dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan tamamilə fərqli bir yola çıxdı. Cənab Prezidentin yüksək qayğısı sayəsində güclü, müasir, mobil ordu yaradıldı. Müzəffər Ali Baş Komandanın qətiyyətli sərkərdəliyi ilə 44 günlük Vətən müharibəsində parlaq qələbəyə, böyük zəfərə imza atdıq. Torpaqlarımız işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olundu. Şanlı, üçrəngli bayrağımız ən yüksək zirvələrdə əzəmətlə dalğalanmağa başladı. Qazandığımız möhtəşəm qələbə qürurumuzu yüksəltdi, Azərbaycanı qalib dövlət kimi dünyaya tanıtdırdı. Bu gün hər birimiz şanlı ölkənin vətəndaşı olmağımızla fəxr edir, qürur duyuruq.
Hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin bütün fəaliyyəti, titanik səyləri ölkəmizin inkişafı, insanların rifah halının yüksəldilməsi ilə bağlıdır. Bunun nəticəsidir ki, xalqımız böyük ümidlərlə yaşayır, hər gün inkişaf, tərəqqi və yeniliyin şahidi olur.
İndi Qarabağda, Şərqi Zəngəzurda, respublikamızın digər bölgələrində nəhəng tikinti, bərpa-quruculuq işləri görülür, irimiqyaslı layihələr həyata keçirilir. İşğaldan azad edilmiş rayonlarda “ağıllı” kəndlər, şəhərlər salınır, müasir infrastruktur qurulur, insanlar üçün yeni, yüksək yaşam imkanları yaradılır. Uzun illər Vətən həsrəti, yurd dərdi və yanğısı ilə yaşayan soydaşlarımız ata-baba ocaqlarına qayıdırlar. Bugünkü çiçəklənən Azərbaycan bütün dünyaya Heydər Əliyev siyasi kursunun reallıqlarını, xalq-rəhbər birliyini, Vətən, xalq sevgisini əyani nümayiş etdirir.
Nə qədər azad, müstəqil, suveren Azərbaycan var, Heydər Əliyevin müdrik dühası, parlaq nəzəri irsi, uğurlu siyasi kursu yaşayacaq və ölkəmizi daha xoşbəxt, işıqlı gələcəyə aparacaqdır.
Söhbəti yazdı:
Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

