Müstəqillik Azərbaycanla Belarusun dostluğunu və tərəfdaşlığını daha da möhkəmləndirmişdir

post-img

Müsahibimiz Belarus Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Dmitri Pineviçdir

– Cənab səfir, 11 iyun Azərbaycanla Belarus arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümü, 3 iyul isə Belarus Respublikasının Müstəqillik Günüdür. Bu reallıqlar fonunda ölkələrimiz arasında hazırkı əməkdaşlığı necə qiymətləndirirsiniz?

– Belarus ilə dost Azərbaycan arasında qarşılıqlı fəaliyyət dinamik şəkildə inkişaf edir, əməkdaşlığımız isə strateji tərəfdaşlıq xarakteri daşıyır. Bir-birinə qardaş olan xalqlarımızın çoxillik dostluğu və ümumi mənəvi dəyərlər bu münasibətlərin əsasında etibarlı təməl kimi dayanır.

Əldə olunmuş siyasi dialoqun səviyyəsi, konstruktiv yanaşma və qarşılıqlı hörmət müdrik liderlərimiz – Prezident Aleksandr Qriqoryeviç və Prezident İlham Heydər oğlunun böyük xidmətidir. Bizim ümumi “xəzinəmizdə” artıq ən yüksək səviyyədə 12 səfər var. Bunlara Belarus Prezidentinin Azərbaycana 7 səfəri, o cümlədən onun 2024-cü ildə baş tutmuş və yaxın dövr üçün ikitərəfli qarşılıqlı fəaliyyətin prioritet istiqamətlərini müəyyən etmiş dövlət səfəri daxildir.

Belarusun səfiri kimi sizin oxucularınız üçün məmnuniyyətlə vurğulamaq istərdim ki, A.Q.Lukaşenko türkdilli olmayan dövlətlərin prezidentləri arasında Qarabağın incisi olan Şuşa şəhərinə səfər edən ilk prezidentdir. Ölkələrimizin hökumətləri, nazirlik və idarələri fəal və səmərəli şəkildə qarşılıqlı fəaliyyət göstərirlər. Baş nazirlər, parlament sədrləri son illərdə rəsmi səfər mübadiləsi həyata keçirmişlər.

Fəal parlamentlərarası dialoq qurulmuşdur, Azərbaycanın Milli Məclisində və Belarusun Milli Məclisində dostluq üzrə işçi qrupları fəaliyyət göstərir. Belaruslu deputat və senatorlar müxtəlif forumlarda, habelə prezident və parlament seçkilərində müşahidəçi qismində iştirak etmək üçün Azərbaycana səfər etmişlər. Əlavə olaraq qeyd edim ki, dövlətlərimizin, hökumətlərimizin, parlamentlərimizin və Xarici İşlər nazirliklərimizin rəhbərləri müxtəlif beynəlxalq platformalarda da görüşürlər.

– Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət və bir-birinə dəstək barədə nə deyə bilərsiniz?

– Belarus nümayəndə heyəti qlobal iqlim sammitində, Azərbaycanın uğurlu sədrliyi dövründə Qoşulmama Hərəkatının forumlarında, habelə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 və Azərbaycan Konstitusiyasının 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Bakıya gəlmişlər.

Üç həftə əvvəl isə Belarus Milli Məclisinin Nümayəndələr Palatası Sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda BMT-nin Məskunlaşma Proqramının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak etdi. Ənənəvi olaraq konstruktiv məcrada iki ölkənin BMT, UNESCO, MAQATE, ECOSOC, Parlamentlərarası İttifaqı, Beynəlxalq Mülki Müdafiə Təşkilatı və digər qurumlar və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti, bir-birinə dəstəyi inkişaf edir.

Nümunə olaraq deyim ki, ötən il Azərbaycan Belarus Parlamentinin Asiya Parlament Assambleyasında müşahidəçi statusu almasına kömək göstərdi, Belarus isə Dünya Turizm Təşkilatının forumunda Azərbaycanın namizədliyini dəstəklədi. Həmçinin tərəflər Ümumdünya Poçt İttifaqının orqanlarına seçkilərdə qarşılıqlı dəstək göstərdilər. Artıq bu il Belarus İnsan Hüquqları Komitəsinə keçirilmiş seçkilərdə Azərbaycanın namizədinə səs verdi, Beynəlxalq Əmək Təşkilatının Konfransı çərçivəsində isə Azərbaycandan dəstək aldı.

– Cənab səfir, son dövrlər Azərbaycan–Belarus münasibətlərinin inkişafının əsas vektoru olan ticari-iqtisadi əməkdaşlıqda müsbət dinamika müşahidə edirik.

– Bəli, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticari-iqtisadi əlaqələr sürətlə və hərtərəfli inkişaf edir. Ən yüksək səviyyədə ikitərəfli təmasların güclü intensivliyi dövlət başçıları və hökumət rəhbərlərimiz tərəfindən qarşıya qoyulmuş genişmiqyaslı vəzifələrin praktik həyata keçirilməsi üzrə Belarus-Azərbaycan Hökumətlərarası Komissiyasının işinə uyğun temp vermiş olur.

Yeri gəlmişkən, ötən həftə Minskdə Hökumətlərarası Komissiyanın baş nazirlərin müavinləri səviyyəsində 16-cı iclası və nümayəndəli biznes-forum keçirildi, paytaxtımıza Azərbaycan nümayəndə heyəti gəlmişdi. Fürsətdən istifadə edərək, “BELAQRO” beynəlxalq sərgisində imkanlarımızı və təkliflərimizi də nümayiş etdirdik. Komissiyanın iclası zamanı iki ölkənin dövlət orqanları rəhbərlərinin iştirakı ilə ikitərəfli əməkdaşlığın geniş gündəliyini konstruktiv məcrada müzakirə etdik. Prezidentlərin və baş nazirlərin razılaşmalarının həyata keçirilməsi məsələlərinə xüsusi diqqət yetirildi.

Biz bərabərhüquqlu və qarşılıqlı faydalı şərtlər əsasında ikitərəfli ticarətin genişləndirilməsinə və şaxələndirilməsinə istiqamətlənmişik. İqtisadi tərəfdaşlığın prioritetləri maşınqayırma, kənd təsərrüfatı və ərzaq, ağac emalı, əczaçılıq və digər sahələrdə, eləcə də investisiya əməkdaşlığıdır. Biz müxtəlif sahələrdə - maşınqayırma, tikinti, kənd təsərrüfatı, kimya sənayesi və digər sahələrdə istehsal kooperasiyasının ciddi şəkildə genişləndirilməsi üzərində işləyirik.

Yaxın perspektivdə birgə layihələrimiz mal və xidmətlərin qarşılıqlı ticarətinin artımının əsas aparıcı qüvvəsinə çevriləcək. Birgə layihələrin ən böyüyü Gəncə Avtomobil Zavodunda Belarus texnikasının yığılmasıdır. 2007-ci ildən etibarən avtomobil zavodunun bazasında, təxminən, 14 min Belarus traktoru yığılmışdır. Həmçinin taxılyığan kombaynlar, yük avtomobilləri, elektrobuslar, yanğın-xilasetmə texnikası istehsal edilmişdir.

Bu yaxınlarda Bakıda “Vertus” şirkətinin bazasında Belarus-Azərbaycan liftlərinin istehsal sahəsi açılmışdır. Müxtəlif növ məişət texnikasının yığılmasının təşkili də daxil olmaqla bir sıra digər kooperasiya layihələri üzərində də iş gedir. Hazırda Azərbaycanda yığılan Belarus texnikasının nomenklaturasının daha da genişləndirilməsi imkanlarını nəzərdən keçiririk. Məsələn, yaxın vaxtlarda MAZ şassisi bazasında müxtəlif kommunal texnikanın birgə istehsalı üzrə layihəyə start veriləcək. Səyyar tibbi komplekslərin və kənd yaşayış məntəqələri, o cümlədən Azərbaycanın Qarabağ bölgəsində dirçəldilən yaşayış məntəqələri üçün ticarət pavilyonlarının birgə yığılmasının təşkili də perspektivlər vəd edir. Maşınqayırma sahəsində birgə istehsallarla yanaşı, kimya və əczaçılıq sahələrində də layihələr üzərində iş aparılır.

– Ölkələrimizin dayanıqlı inkişafı üçün möhkəm zəmin yaradan humanitar sahədə qarşılıqlı fəaliyyət barədə fikirləriniz də oxucular üçün maraqlı olar

– Humanitar sahədə ikitərəfli əməkdaşlıq yüksək səviyyədədir. Mədəniyyət, təhsil, elm, gənclər arasında əməkdaşlıq, idman və turizm, səhiyyə sahələrində müxtəlif formatlarda səfərlər, ikitərəfli forumlar təşkil olunur. Onların sırasında mədəniyyət günləri, sərgilər, konfranslar, film nümayişləri, dəyirmi masalar vardır.

Son dövrdə mədəniyyət müəssisələri – filarmoniyalar, muzeylər, teatrlar, musiqi akademiyaları, rəssamlar ittifaqları arasında əməkdaşlığa dair yeni sazişlər imzalanıb. İki il öncə Bakı tamaşaçıları Belarusun Azərbaycanda keçirilən Mədəniyyət Günlərinə gəlmiş Belarus yaradıcı kollektivlərini və ifaçılarını səmimi qarşıladılar. İndi isə artıq Minsk sakinləri Azərbaycan Mədəniyyət Günlərini gözləyirlər, onları Belarusda qəbul etməkdən məmnun olarıq.

Belarus və Azərbaycanın təhsil müəssisələri arasında 70-dən çox birbaşa əməkdaşlıq müqaviləsi qüvvədədir. Bakı və Minskdə Belarus və Azərbaycan dilləri, mədəniyyətləri üzrə universitet mərkəzləri yaradılmışdır. İlk belə mərkəz isə Belarus Prezidentinin Azərbaycana səfəri çərçivəsində 2010-cu ildə Bakı Slavyan Universitetinin nəzdində açılmışdır. Belarus Azərbaycanın peşə təhsili sisteminin modernləşdirilməsinə məsləhət dəstəyi göstərmiş, sistemli qarşılıqlı fəaliyyət qurulmuşdur.

Elmi-texniki əməkdaşlıq çərçivəsində ötən il 4 birgə layihə həyata keçirilmişdir. Əminəm ki, elm və texnologiyalar sahəsində sıx əməkdaşlıq iqtisadi artıma töhfə verəcək və elmi tərəqqini stimullaşdıracaq, ölkələrimizin dayanıqlı inkişafı üçün möhkəm əsas yaradacaqdır.

Gənclər forumları keçirilmiş, Belarusdakı Respublika Gənclər Mərkəzi ilə Bakı Gənclər Mərkəzi, eləcə də regionlardakı gənclər evləri arasında qarşılıqlı anlaşma memorandumu imzalanmışdır. Birgə layihə və təşəbbüslərin mübadiləsi artıq reallaşdırılır. Gənclər bizim gələcəyimizdir, buna görə də belə əməkdaşlığı mühüm və perspektivli hesab edirik.

İdman sahəsində milli komandalar və federasiyalar səviyyəsində ikitərəfli əlaqələr inkişaf edir. Gəncədə keçirilən MDB ölkələrinin III Oyunlarında Belarus 240 idmançı ilə təmsil olunmuşdur. İdmançılarımızın idman yarışlarında fəal iştirakı əməkdaşlıq üçün gözəl nümunədir. Belarus və Azərbaycan üçün turizm ən mühüm istiqamətlərdən biridir. Bu, həm ölkələrin vizit kartı, həm də iqtisadiyyatdır. Səhiyyə sahəsində də əməkdaşlığı gücləndiririk. Burada perspektivli istiqamətlərdən transplantologiya, travmatologiya və onkologiyanı qeyd etmək olar. Ümumilikdə, biz xalq diplomatiyasının roluna böyük əhəmiyyət veririk. Buna görə də mədəni əlaqələri, idman, turizm, elm və gənclər vasitəsilə təmasları bundan sonra daha da genişləndirməliyik.

Vurğulamaq istərdim ki, Belarus Respublikasında Belarus torpağının alman-faşist işğalçılarından azad edilməsində iştirak etmiş azərbaycanlı qəhrəmanların xatirəsi uca tutulur. Onların arasında, ilk növbədə, Həzi Aslanovun və Nəcəfqulu Rəfiyevin adlarını çəkmək istərdim. Onu da qeyd edim ki, Azərbaycan nümayəndələri Minskdə İkinci Dünya müharibəsində Qələbəmizin 80 illiyinə həsr olunmuş tədbirlərə qatılmışlar. İyunun 21-22-də Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Brestdə keçiriləcək “Böyük irs – ortaq gələcək” beynəlxalq forumunda da iştirak edəcək.

– Cənab səfir, Sizi qarşıdan gələn milli bayramlar münasibətilə təbrik edirik.

– Sağ olun.

Müsahibəni apardı:
Mehparə ƏLİYEVA
XQ

Müsahibə