“Lənkəranın Göygölü” adlandırılan Xanbulançayda olmusunuzmu? Dağların günəşə açılan aynasıdır bu yerlər. Bir tərəfi Talış dağlarına söykənib, digər tərəfində Lənkərançay axır, şırhaşırla suyunu nəhəng dəryaçaya ötürür.
Günəşin ilıq şüaları ayna sular üzərinə səpələnib. Bir dəstə quş başımızın üstündə qanad açaraq üzüyuxarı qalxır. Yağışdan qabaq həmişə belə olur, quşlar aşağıdan dövrə vuranda yerli sakinlər bilirlər ki, bir azdan şır-şır başlayacaq. Belə də olur. Bir baxın, göyün üzü necə də tutulub?!.. Qəribədir, bir-birini qovan buludlar elə bil dəryaçanın üstündə asılı qalıb və həmin andaca özünü silkələyir. İldırım adəti üzrə “göz” vurur, beləcə ətrafın lal sükutu pozulur.
O ki, qaldı Xanbulanın Göygölə oxşadılmasına, onun tarixçəsi belədir:
Göygölü böyük Nizami Gəncəvi dünyaya göz açmamışdan 2 il əvvəl Kəpəz dağını parçalayan zəlzələ yaradıb. Xanbulan dəryaçasının Talış dağlarında ərsəyə gəlməsi isə bundan 837 il sonra ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ötən əsrin 50-ci illərindən sonra Lənkəranda su və kanalizasiya xətlərinin hansı vəziyyətdə olması heç kəs üçün sirr deyildi. Daşqınların sayı-hesabı olmurdu. Bir də baxıb görürdün ki, su haradansa özünə yol tapıb, dağların sinəsindən axan sel burula-burula qarşısına çıxan hər şeyi qabağına qatıb.
1976-cı ildə Xanbulançay dəryaçasının nəhəng bəndi istifadəyə veriləndə insanlar rahat nəfəs ala bildilər. Sututumu 52 milyon kubmetr, suvarma kanallarının uzunluğu 40 kilometr olan nəhəng dəryaça 22 min hektar sahəni suvarmağa imkan verirdi. İllər keçəndən sonra Xanbulançay su təsərrüfatının müasirləşdirilməsinə, əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təminatına yenidən ehtiyac yarandı. 2011-ci ildə yeni xəttin çəkilişinə start verildi, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti görülən işləri cədvələ uyğun 2014-cü ildə başa çatdıra bildi.
Xanbulançayda olmamısınızsa, onda tələsin, axı, özgə aləm var burda. Hər şey gözəldir Xanbulançayda. Ləpələr pıçıldaşa-pıçıldaşa, zümzümə edə-edə bir-birini qovur, quşlar yenə qanad açıb. Dağlar tərəfdən xəfif əsən meh, sanki, ona yeni həyat verənlər haqqında nəğmə oxuyur.
Bu gün dağların sinəsindən, Xanbulançaydan mənzillərə, idarə və müəssisələrə saf, təmiz su axır. Axdıqca da adamın qəlbi dağa dönür. Əhali ürəkdən gələn səmimiyyətlə su xətti çəkənləri - “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin işgüzar kollektivini minnətdarlıqla xatırlayıb deyirlər:
- Qurub-yaradan əlləriniz var olsun!
Xoş xatirələr yatır burada
Yalnız indi hiss etdi ki, bərk yorulub. Səhərdən ətrafı qarış-qarış gəzmişdi. İş meydanında qaynarlıq, işgüzarlıq vardı. Su xətti çəkənlərlə söhbət maraqlı idi. Aralarında Xanbulançayın tikintisində iştirak edənlərin övladları, nəvələri də vardı.
Nəzərlərini kabinetin yuxarı başında vurulmuş portretdən ayırmadı. Portretdə ümummilli lider Heydər Əliyevin Xanbulançayın açılışında iştirakı əks olunurdu. Ulu öndəri əhatə edənlər onunla şirin-şirin söhbət edirdilər.
1976-cı il idi. Xanbulançayın istifadəsinə az qalırdı. Deyirdilər ki, açılışına ümummilli lider Heydər Əliyev, o cümlədən Moskvadan rəsmi qonaqlar gələcək. O dövrdə respublikanın aparıcı qəzetlərindən sayılan “Kommunist”in (indiki “Xalq qəzeti”nin) Xanbulançay üzrə müxbir postunun rəhbəri idim. Qəzetin xüsusi müxbiri Ə.Əmirəliyevin rəhbərliyi ilə burada görülən işlərə nəzarət edir və hesabat xarakterli yazılarım dərc olunurdu.
Bir dəfə necə oldusa, traktor bəndin yuxarısında sönərək dayandı. Aşağı uçurum idi, olduqca çətin vəziyyət yaranmışdı. Artıq bir hərəkət mexanizatoru traktor qarışıq uçuruma aparacaqdı. Gənc traktorçunun ehtiyatsızlıq etdiyini bildiyindən həyəcan keçirdiyini başa düşmək çətin deyildi. Rayonun birinci katibini görüb özünü itirsə də, büruzə vermədi.
- Həyatda belə şeylər olur, - birinci katib İsa Məmmədov özünü o yerə qoymadı. - Bəndin üstündə işləmək elə özü bir qəhrəmanlıqdır.
Cavan oğlan yavaşca başını qaldırdı, əvvəlcə birinci katibə baxdı, sonra isə bir qədər aralıda, bəndin üstündəki traktora tərəf boylandı. Traktor qabaq hissədən bəndə tərəf çıxmış, küləyin təsirindən müvazinətini itirmək təhlükəsində qalmışdı. Elə bu an gənc mexanizator heç kəsin gözləmədiyi halda traktora tərəf addımladı. Ətrafdakılar ilk anda onun nə etmək istədiyini anlamadılar. Kabinənin qapısı açılanda iş icraçısı qışqırdı:
- Dayan!..
Torpaq gurultu ilə yerə çökdü, traktorçu cəld bir hərəkətlə dəstəyi özünə tərəf çəkərək maşını geri döndərdi. Ətrafdakılar təəccüb və heyrət içində donub qalmışdılar. Bu, bir an çəkdi, az sonra dağlar qoynunda alqış səsləri ucaldı.
Birinci katib mexanizatorun əlini sıxdı.
- Sağ ol, - dedi. - Sən əsl qəhrəmansan. Anadan qəhrəman doğulmurlar, qəhrəmanı həyat yetişdirir. – Katib nəsə fikirləşərək sözünə ara verdi və qızıl korpuslu saatını gəncin qoluna bağladı. - Qoy məndən yadigar qalsın!..
Anadan qəhrəman doğulmurlar
2003-cü ildə “Dəyərli ömrün Lənkəran səhifəsi” kitabımı hazırlayarkən gənc mexanizator haqqında hadisəni xatırladanda İsa Məmmədov gülümsündü, qeyri-ixtiyari dedi:
- Yadımdadır, - dedi. – Qəhrəmanlar gözə girməyi xoşlamırlar. Yaxşı deyiblər, əgər insan təkcə yaşamaq üçün dünyaya gəlsə idi, yəqin ki, onda həyat belələri üçün maraqsız və mənasız olardı. Əsl həyat odur ki, kimin üçün, nə üçün yaşadığını biləsən. Vətən, insan, el-oba üçün yaşamaqdan gözəl şey yoxdur. Əgər həmin gənc özünü fikirləşsəydi, yəqin ki, ölümün pəncəsinə atılmazdı. Amma tale üzünə güldü, cəsarət, öz gücünə, qüvvəsinə inam qələbə üçün əsas oldu. Belə oğulların əli ilə dağı dağ üstünə qoymaq olar.
İsa Məmmədov sözünə ara verdi, birdən-birə üzü tutuldu, ayağa qalxıb asta addımlarla pəncərəyə yaxınlaşdı. Hiss olunurdu ki, gəncin siması bu gün də gözlərindən çəkilmir.
- Heyif ondan, sonralar eşitdim ki, o, Qarabağ döyüşlərində həlak olub.
***
Ulu öndər Heydər Əliyev qülləli suburaxıcının idarəetmə pultunun qapısı qarşısında qırmızı lenti kəsdi. O, pultun işəsalma düyməsini basdı, su sol və sağ sahili magistral kanallara doldu. Yuxarı Xanbulançay su təsərrüfatı kompleksinin birinci əsas hissəsi işə düşdü.
29 dekabr 1976-cı il idi. Budur, aradan 50 il keçir. İnanmaq olmur. İllər necə də sürətlə keçirmiş!...
Yuxarı Xanbulançay kompleksi iri qurğu olub 10 milyonlarla kubmetr su tutan dəryaçadan, 40 kubmetr uzunluğunda kanallardan ibarətdir. Həmin kanallar Lənkəran bölgəsində suvarılan torpaqların sahəsini 22 min hektara çatdırmağa imkan verib.
…Qoca qartal dağlar üzərində süzürdü. O, qanadlarını geniş açaraq ucalığa, daha geniş ənginliklərə doğru şığıyırdı.
Hacı Etibar ƏHƏDOV,
Lənkəranda çıxan “Aşkarlıq” qəzetinin baş redaktoru

