Nazirlər Kabineti Dövlət Neft Şirkəti və “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti arasında “Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü sazişi”nə Azərbaycan hökumətinin təminatı və öhdəliklərini təsdiq edib. Bu barədə Baş nazir Əli Əsədov 2026-cı il iyunun 10-da qərar imzalayıb.
Qeyd edək ki, “Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü sazişi” 2026-cı il fevralın 18-də imzalanıb. Sənədə əsasən, layihənin operatoru qismində “Gran Tierra Energy (Azerbaijan) GmbH” (və ya ana şirkət olan “Gran Tierra Energy Inc.”) çıxış edəcək. Şirkət layihədə 65 faiz iş payına sahib olacaq.
Saziş çərçivəsində həyata keçiriləcək tədbirlər də artıq bəllidir. Sənədə əsasən, işlərin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. 5 illik ilkin mərhələdə ərazidə geoloji-kəşfiyyat və qiymətləndirmə işləri aparılacaq. Belə ki, müqavilə sahəsinin karbohidrogen potensialının üzə çıxarılması üçün qravimetrik məlumatların (aeroqravimetrik tədqiqat) toplanması, 3D seysmik tədqiqatların aparılması və ərazidə kəşfiyyat quyularının qazılması planlaşdırılır. Layihənin kəşfiyyat dövründə, ümumilikdə, 500 kvadratkilometr sahədə modern 3D seysmik məlumatların toplanması nəzərdə tutulur. Bununla yanaşı, müqavilə sahəsində 2 qiymətləndirmə quyusunun qazılması öhdəliyi götürülüb.
Seysmik dalğaların ötürülməsindən əvvəl, geoloji strukturların sıxlıq xəritəsini çıxarmaq üçün hava nəqliyyatı vasitəsilə qravimetrik ölçmələr aparılacaq. Bu metod seysmik hədəflərin daha dəqiq seçilməsinə kömək edəcək. Ümumilikdə, Quba-Xəzəryanı (Quba, Qusar, Şabran, Siyəzən və Xızı) regionunda “Gran Tierra Energy” tərəfindən aparılacaq seysmik tədqiqatların texniki xüsusiyyətləri layihənin kəşfiyyat proqramına əsasən müəyyən edilib. Müqavilə sahəsində kommersiya baxımından əhəmiyyətli kəşf olarsa, işlənmə müddəti 25 il və əlavə olaraq daha 5 il uzadıla bilər.
Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının (Quba-Xəzəryanı regionu) daxil olduğu müqavilə sahəsi üzrə dəqiq proqnozlaşdırılan (sübut olunmuş) neft ehtiyatlarının həcminə gəldikdə isə, bu barədə rəsmi məlumatlar mövcud deyil. Elə SOCAR və “Gran Tierra Energy” arasında imzalanmış sazişin də əsas məqsədi məhz sözügedən regionun dəqiq karbohidrogen potensialını və proqnoz ehtiyatlarını üzə çıxarmaqdan ibarətdir. 5 illik kəşfiyyat dövründə toplanacaq 3D seysmik məlumatlar və qazılacaq kəşfiyyat quyularından sonra yataqların dəqiq həcmi (barel və ya ton olaraq) müəyyən ediləcək.
Bununla belə, Quba-Xəzəryanı regionunda çıxarıla bilən neft ehtiyatlarının mövcudluğu öz təsdiqini çoxdan tapıb. Regiona daxil olan Siyəzən və Şabran rayonlarının ərazisində (“Siyəzən-Nardaran” və “Çandahar-Zarat” yataqları) onilliklərdir ki, neft hasilatının həyata keçirilməsi də bunu sübut edir. 1939-cu ildə kəşf edilmiş “Siyəzən-Nardaran” yatağı ölkəmizin neft hasilatı tarixində əhəmiyyətli yer tutan mürəkkəb geoloji quruluşlu Siyəzən monoklinalının əsas neftli-qazlı sahələrindən biridir.
Siyəzən rayonu ərazisində yerləşən yataq tektonik cəhətdən ekranlaşmış strukturlara daxildir. Bu monoklinal Zarat, Siyəzən-Nardaran, Səadan, Əmirxanlı və Zağlı-Zeyvə kimi sahələrə bölünür. Burada hasilat işləri “Azneft” İB-nin “Siyəzənneft” Neft və Qaz Çıxarma İdarəsi tərəfindən həyata keçirilir. Ərazinin neft ehtiyatları tükənmək üzrə olsa da, mütəxəssislər hesab edirlər ki, ən müasir texnologiyaların tətbiqi ilə bu yataqlara yeni nəfəs vermək mümkündür. Məsələn, “Gran Tierra Energy” şirkətinin rəhbərliyi bu yaxınlarda bəyan edib ki, şimal regionunun qurudakı strukturlarında hələ də istifadə olunmamış neft potensialı var. Şirkət köhnə quyularda hasilatı artırmaq üçün layların zavodlaşdırılması və müasir neftvermənin yüksəldilməsi texnologiyalarını tətbiq edərək yatmış və ya çətin çıxarılan ehtiyatları aktivləşdirməyi planlaşdırır.
Yeri gəlmişkən, ölkəmizdə neftin sənaye üsulu ilə çıxarılmasına başlandığı ötən 178 ildə quruda və Xəzər akvatoriyasında çoxsaylı axtarış-geofiziki tədqiqat işləri aparılıb. Bunun nəticəsində 150-yə yaxın perspektivli struktur aşkar edilib. Hazırda ölkə üzrə istismarda olan yataqların 39-u quruda yerləşir. Həmin yataqlar uzun illərdir istismar olunmasına baxmayaraq, buradakı neft-qaz ehtiyatları hələ tükənməyib. Belə olan təqdirdə, quruda yerləşən yataqların işlənilməsinin davam etdirilməsi ölkəmizdə neft hasilatının artırılmasına əlavə imkanlar yarada bilər. Mütəxəssislər həmin yataqları hasilatın artırılması üçün sabit və etibarlı mənbə hesab edirlər.
Dövlət Neft Şirkətinin vitse-prezidenti Arzu Cavadova da iyunun 2-də, “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilmiş forumda çıxışı zamanı ölkənin qurudakı perspektiv neft-qaz rayonlarında kəşfiyyat işlərinin genişləndirilməsinin planlaşdırıldığını bildirib. Bu sahədə əsas prioritet istiqamətlərin Quba-Xəzəryanı, Şamaxı-Qobustan, Yevlax-Ağcabədi və Aşağı Kür hövzələri ilə bağlı olduğunu deyən şirkət rəsmisi bildirib ki, Azərbaycanın qurudakı yataqları kifayət qədər araşdırılmayıb və bu sahədə yeni keyfiyyətli seysmik məlumatların toplanmasına ehtiyac var.
Qurudakı geoloji quruluşun dənizlə müqayisədə daha mürəkkəb olduğunu diqqətə çatdıran A.Cavadovanın sözlərinə görə, gələcək fəaliyyət planlarının hazırlanması üçün yüksək keyfiyyətli seysmik məlumatların əldə olunması əsas prioritetdir. O bildirib ki, qeyd olunan ərazilərdə müəyyən həcmdə məlumatlar toplanıb və layihələr tərəfdaşlarla birgə işlənməsi üçün hazırlıq mərhələsinə çatdırılıb.
Mirbağır YAQUBZADƏ
XQ

