“ING Group” xarici bank qrupu ölkəmizdə bu il 2, gələn il isə 3 faiz artım olacağını gözləyir
Niderlandın ən böyük bank qrupu olan “ING Group” Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 2 faiz, 2027-ci ildə 3 faiz, 2028-ci ildə isə 2,3 faiz səviyyəsində artacağını proqnozlaşdırır. Qurum əvvəlki proqnozları ilə müqayisədə cari və növbəti il üçün ümumi daxili məhsulun (ÜDM) artım templərini isə dəyişməz saxlayıb.
Bununla yanaşı, bank ilk dəfə olaraq 2028-ci il üzrə proqnozu da qiymətləndirmələrinə daxil edib. Beləliklə, “ING Group” ölkəmizdə ÜDM-in 2026-2028-ci illərdə orta illik artımını 2,43 faiz səviyyəsində proqnozlaşdırıb. Bankın qiymətləndirmələrinə görə, Azərbaycanın 2026-cı ilin II rübü üçün iqtisadi artım proqnozu 2 faiz, III rübü üçün 3 faiz, IV rübü üçün isə 3,3 faiz təşkil edir. Bundan əlavə, ölkəmizdə gələn ilin I rübündə 3 faiz, II rübündə 3,5 faiz, III rübündə 2 faiz və IV rübündə 3,5 faiz səviyyəsində iqtisadi artım proqnozlaşdırılır.
Niderland bankının hesabatında Azərbaycanda illik inflyasiya ilə bağlı məqamlar da yer alıb. Qurum ölkəmizdə bu il inflyasiyanın 5,8 faiz, 2027-ci ildə isə 5,6 faiz səviyyəsində olacağını proqnozlaşdırır. “ING Group” əvvəlki proqnozla müqayisədə cari il üzrə inflyasiya gözləntilərini 0,3 faiz bəndi, gələn il il üzrə isə 0,1 faiz bəndi artırıb. Bundan əlavə, bank qrupu ilk dəfə olaraq Azərbaycanın 2028-ci il üzrə inflyasiya proqnozunu da açıqlayıb. Belə ki, qurumun hesablamalarına görə, həmin il ölkəmizdə inflyasiyanın səviyyəsi 5,3 faizə çatacaq.
Qeyd edək ki, BMT 2026-cı ildə Azərbaycanda orta illik inflyasiyanın 3,1 faiz, Dünya Bankı 2,3 faiz, Asiya İnkişaf Bankı isə 3,5 faiz səviyyəsində proqnozlaşdırırlar. Bununla yanaşı, nüfuzlu beynəlxalq reytinq agentliklərindən sayılan “Moody's”, “Fitch Ratings” və “Fitch Solutions” kimi nüfuzlu beynəlxalq reytinq agentlikləri bu il ölkəmizdə inflyasiyanın səviyyəsini müvafiq olaraq 3 faiz, 4,6 faiz və 5,5 faiz səviyəsində olacağını ehtimal edirlər.
XQ

