Şeybanilərin Buxara xanlığı – Mavəraünnəhrdə türk xanədanı

post-img

Teymurilərin böyük imperiyasının süqutu ilə Türküstanın ürəyində siyasi boşluq yaranmışdı. Bu boşluq uzun müddət belə qala bilməzdi. Mavəraünnəhrin dağınıq şəhərləri, parçalanmış hakimiyyətləri və zəifləmiş dövlət strukturları yeni bir gücün yolunu gözləyirdi. Elə bu tarixi məqamda Şeybani xanın rəhbərlik etdiyi özbək qüvvələri səhnəyə çıxdı və Buxara xanlığının yaranması ilə bölgənin siyasi xəritəsi yenidən çəkildi. Bu hadisə təkcə bir dövlətin qurulması deyil, həm də dağınıqlıqdan nizama, anarxiyadan mərkəzləşməyə doğru tarixi dönüş idi.

Tarixin dağılan imperiya külündən yeni bir siyasi iradə doğdu. Şeybani xanın qılıncı yalnız fəth deyil, həm də yeni bir dövlət ideyasının rəmzinə çevrildi. Buxara xanlığının doğuluşu güc boşluğuna, tarixi xaosa verilmiş sərt, lakin qaçılmaz bir cavab idi.

XV–XVI əsrlərin sərhədində Mavəraünnəhrdə hökm sürən siyasi böhran yeni bir gücün yüksəlişinə şərait yaratdı. Teymurilərin zəifləməsi ilə bölgədə idarəçilik sistemi iflic vəziyyətinə düşmüş, şəhərlər və ərazilər ayrı-ayrı güc mərkəzlərinə parçalanmışdı. Belə bir şəraitdə Şeybani xanın hərbi-siyasi fəaliyyəti nəticəsində Buxara xanlığı yarandı. Bu hadisə bölgədə güc balansını dəyişdirərək yeni bir dövlətçilik mərhələsinin başlanğıcını qoydu.

Buxara (Şeybani) xanlığının yaranması XV əsrin sonu – XVI əsrin əvvəllərində Türküstanda baş verən dərin siyasi parçalanma və güc boşluğu ilə birbaşa bağlı olub. Əsas zərurət Teymurilər dövlətinin zəifləməsi və dağılması nəticəsində bölgədə vahid mərkəzi hakimiyyətin olmaması idi.

Teymurilər imperiyasının süqutundan sonra Mavəraünnəhr ərazisində sabit idarəçilik sistemi qalmamışdı. Yerli hakimlər və əmirliklər arasında daimi mübarizə gedirdi.

Şeybani xanın başçılıq etdiyi özbək (Şeybani) tayfaları şimaldan cənuba doğru hərəkət edərək bölgədə yeni siyasi güc kimi ortaya çıxdılar.

Ticarət yollarının (xüsusilə İpək Yolunun Türküstan qolu) təhlükəsizliyi və iqtisadi sabitlik üçün vahid idarəetmə zəruri idi.

Köçəri özbəklərlə yerli oturaq türk-tacik mənşəli əhali və hakim elita arasında hakimiyyət uğrunda mübarizə yeni dövlətin yaranmasını sürətləndirdi.

Nəticədə 1500–cü illərdə Şeybani xan Buxaranı ələ keçirərək Buxara xanlığının əsasını qoydu və Mavəraünnəhrdə yeni siyasi mərhələ başlandı.

Buxara xanlığının yaranması

1428-ci ildə Dəşti-Qıpcaqda Əbülxeyr xan tərəfindən yaranan, 40 il yaşayan Özbək xanlığı dağıldıqdan 29 il sonra 1500-cü ildə Əbülxeyr xanın nəvəsi Məhəmməd Şeybani xan Türküstanda Buxara (Şeybani) xanlığını yaradır və bu sülalə 1599-cu ilədək xanlığı idarə edir. Məhəmməd Şeybani xan Səmərqənd, Buxara, Herat, Bəlx, Qunduz, Məşhəd, Astarabad, Daşkənd, Əndican və digər şəhərləri fəth edən özbək dövlətçilik tarixində ən mühüm fiqurlardan biri kimi tarixə düşüb. Əslində bu dövlət Özbək xanlığının davamı idi.

Xanlığın paytaxtları 1506–1533, 1540–1556-cı illərdə Səmərqənd, 1433–1785-ci illərdə Buxara, dini İslam, nəqşbəndilik, sufizm olub.

Onu da demək lazımdır ki, 1500-cü ildə Şeybani xan Dəşti-Qıpçaqdakı bütün Qazax torpaqlarını rəsmi olaraq Qazax xanlığına verib.

Məhəmməd Şeybani 1501-ci ildə atası Şeyx Heydərin yerinə taxta çıxan zaman Şeybaninin əsas rəqibləri Teymurilərdən olan Babur şah və Şah I İsmayıl idi.

Məhəmməd Şeybaninin ən qorxunc düşmənlərindən biri Teymuri şahzadəsi Zahirəddin Məhəmməd Babur idi və Babur Səmərqəndi Məhəmməd Şeybanidən qısa müddətə geri alsa da, 1501-ci ilin yazında Sari Pul adlanan döyüş Şeybanilərin qələbəsi ilə başa çatır. Zahirəddin Məhəmməd Baburun məğlubiyyəti onu cənuba, Hindistana doğru yönəldir, nəticədə Panipat döyüşündə Dehli Türk Sultanlığının qüvvələrini məğlub edir və Böyük Moğol-Baburilər İmperiyasını qurur.

1505-ci ildə Məhəmməd Şeybani 10 aylıq mühasirədən sonra Urgənci tutur və bu da Xarəzmin ilhaqına səbəb olur. 1506-cı ilə qədər Məhəmməd Şeybani Mavəraünnəhrdə hakimiyyətini tam möhkəmləndirib.

Herat hökmdarı Sultan Hüseyn Bayqara Mavəraünnəhrə yürüşə hazırlaşsa da, 1506-cı ildə vəfat edir və onun yerinə iki oğlu – Bədi Əzzaman Mirzə və Müzəffər Hüseyn Mirzə keçir. Aralarındakı fikir ayrılıqlarına baxmayaraq, onlar Məhəmməd Şeybaniyə qarşı birgə ordu yaratmaq barədə razılığa gəlir, Məhəmməd Şeybani ilə vuruşmaq üçün Baburla ittifaqa girirlər. Həmin il Şeybani Bəlxi ələ keçirir və bir müddət sonra orada Bəlx xanlığı yaradır ki, bu da Özbək xanlığı idi (Bu haqda ayrıca danışılacaq). Şeybani Bəlxi aldıqdan sonra Teymurilərin müttəfiq qüvvələri parçalanır, 1507-ci ildə Heratı və Teymuri torpaqlarının qalan hissəsini ələ keçirə bilir. Bu vaxta qədər Şeybani Teymuriləri Kunduz, Xorasan, Xarəzm və digər bölgələrdən qovaraq bu əraziləri öz imperiyasına daxil etmişdi.

Şeybani öldürülur, torpaqları bölüşdürülür

Bununla belə, yeni qurulan Səfəvi İmperiyasının Şahı I İsmayıl Teymuri torpaqlarını almaq üçün Xorasana hücum edir və 1510-cu ildə Mərv şəhərinin kənarında Məhəmməd Şeybani Şah İsmayılın rəhbərliyi ilə Səfəvilər tərəfindən öldürülür, Xorasan və Xarəzm Şah İsmayılın torpaqlarına qatılır.

Məhəmməd Şeybaninin ölümündən sonra qurultay Şeybaninin əmisinin dəstəyi ilə Əbülxeyrin səkkizinci oğlu Qöçkuncunü yeni xan seçir. Qurultay, həmçinin Şeybaninin fəth etdiyi torpaqları regional ərazilərə bölür və Əbülxeyr sülaləsinin müxtəlif qəbilələri arasında paylayır. Quçqoncu Səmərqəndi öz iqamətgahı edir, Buxara Şeybaninin qardaşı oğlu Übeydullaha verilir, Miyonkol (Buxara ilə Səmərqənd arasındakı, müasir Nəvai ətrafındakı bölgə) Əbülxeyrin ikinci oğlu Xoca Məhəmmədin nəvəsi Canıbəyə, Daşkənd isə Əbülxeyrin doqquzuncu oğlu Suyuncuka (Sevinc Məhəmməd kimi də tanınır) keçir.

Bundan sonra 1599–1785-ci illərdə fəaliyyət göstərən Buxara xanlığı, 1512-ci ildən 1920-ci ilədək yaşayan Xivə xanlığı, 1710–1876-cı illərdə hakimiyyətdə olan Kokand xanlığı və XV əsrin əvvəllərindən 1877-ci ilə qədər ömür sürən müstəqil Qaşqar-Turfan xanlığı yaranır (Bu xanlıqlar haqqında da ayrıca danışılacaq).

Məhəmməd Şeybani şair kimi də tanınıb

Məhəmməd Şeybani xan poeziyanı sevib, Şibani təxəllüsü ilə şeirlər yazıb, onun türk və fars dillərində yazdığı əsərləri bu günə qədər gəlib çatıb. Məhəmməd Şeybaninin türk dilində yazdığı “Divan”ı hazırda İstanbuldakı Topqapı sarayının kolleksiyasında saxlanılır. Onun 1508-ci ildə türk ədəbi dilində yazdığı fəlsəfi və dini əsərinin əlyazması olan “Bəhr ül-Xudo” Londonda qorunur. Məhəmməd Şeybani “Risale-yi maarif-i Şibani” nəsr əsərini oğlu Məhəmməd Teymur Sultana həsr edib və əlyazma İstanbulda saxlanılır, onun “Şibani-namə”, “Təvarix-i Quzid-yi Nüsrət-namə” əsərlərinin olduğu da məlumdur. Məhəmməd Şeybaninin qardaşı oğlu Übeydullah xan yüksək təhsilli bir insan idi. O, Quranı məharətlə oxumuş, ona türk dilində təfsir yazmışdı, istedadlı müğənni və musiqiçi idi. XVI əsrin birinci yarısında Mavəraünnəhrdə saray ədəbi mühitinin formalaşması Übeydullah xanla əlaqələndirilir. O, türk, fars və ərəb dillərində Übeydi təxəllüsü ilə şeirlər yazıb və onun şeirlərindən ibarət toplu bu günə qədər gəlib çatıb.

Buxara hakimiyyəti Şeybani, Həştərxan (Canı) və Mangit hakimiyyəti olmaqla 3 dövrü əhatə edir.

Şeybani xanları

Məhəmməd Şeybani xan, 1500–1510-cu illərdə hakimiyyətdə olub.

Qöçküncü (1510–1531)

Müzaffərrəddin Əbu Səid xan, 1531–1534...

Əbul Qazi Übeydulla xan, 1534–1539...

I Abdulla xan, 1539–1540…

Əbdüllətif xan, 1540–1552…

Novruz Əhməd xan, 1552–1556…

I Pir Məhəmməd xan, 1556–1561…

İsgəndər xan, 1561–1583…

II Abdulla xan, 1583–1598…

Əbdülmömin xan, 1598…

II Pir Məhəmməd xan, 1598–1599…

Şeybani və ya Özbək xanlığı 1599-cu ildə Həştərxan xanlığından böyük bir qoşunla Buxaraya gələn Din Məhəmməd, Baqi Məhəmməd və Qubernator Məhəmməd qardaşları tərəfindən yıxılıb, bununla da Buxara xanlığı Həştərxan hakimiyyətinin təsir dairəsinə düşüb.

Buxara xanlığının Həştərxan hakimiyyəti

Buxara xanlığının Həştərxan (Canı hakimiyyəti) 1599-cu ildə Canıbəyin oğlu Din Məhəmməd (Baqi Məhəmməd) tərəfindən qurulub, 1785-ci ilədək fəaliyyət göstərib və onun hakimiyyəti 1804-cü ildə tam olaraq süqut edib.

Baqi Məhəmməd xanın hakimiyyəti dövründə ölkədə inzibati, vergi və hərbi islahatlar aparılıb ki, bu da xanlığın inkişaf etməsinə səbəb olub. O, üzərində “Baqi Məhəmməd Bahadurxan” yazısı həkk olunan və ilk dörd xəlifənin adları olan sikkələr də buraxdırıb.

Bu dövrdə özbək şairi Turdi Fəraqi tənqidi şeirlər yazıb və 92 özbək tayfasının birliyinə çağırıb. Digər məşhur özbək şairi, həm çağatay, həm də fars dillərində şeirlər yazan Məşrəb 17-ci və 18-ci əsrlərin əvvəllərində tarixi əsərlər yazııb. O dövrdə Buxaranın məşhur tarixçiləri arasında Əbdürrəhman Tole, Məhəmməd Əmin Buxari və Mütribi də olub.

1740-cı ildə Əfşarlar dövlətini yaradan Nadir Şah Əfşar əvvəl Mavəraünnəhri, sonra Bəlxi işğal edib. Buna görə də Buxara xanı Əbulqazi xan 7 il Nadir Şah Əfşarın hakimiyyətini tanımaq məcburiyyətində qalıb. Həştərxan hakimiyyətinin son xanı olan Əbulqazi zamanında monqol mənşəli, ancaq Çingiz Xan soyundan olmayan Mangitlər 1747-ci ildə Buxaranı işğal edərək 1753-cü ildə Əmrliklərini yaradıblar.

Buxara xanlığı Həştərxanilər dövrünün hökmdarları:

Baqi Məhəmməd xan, 1601–1605-ci illərdə xan olub.

Vəli Məhəmməd xan, 1605–1611...

İmamqulu xan, 1611–1642...

Nadir Məhəmməd xan, 1642–1645...

Əbdüləziz xan, 1645–1680...

Subhangulu xan, 1680–1702...

Ubaydulla xan, 1702–1711...

Əbülfeyz xan, 1711–1747...

Əbdülmümin xan, 1747–1748...

Ubeydulla xan III, 1748–1753…

Əbülqazi xan, 1753–1756...

Buxara xanlığının Mangitlər dövrü

18-ci əsrdə əmirlər Ataliq mövqelərindən istifadə edərək tədricən Buxara xanlığı üzərində səmərəli nəzarət qururlar. 1737-cı ildə Buxara xanlığı Nadir şah tərəfindən işğal edilir, xanlıq vassal dövlətə çevrilir. 1747-ci ildə Nadir Şahın ölümündən sonra Çingiz xanın soyundan olmayan monqol mənşəli Ataliq (baş nazir) Məhəmməd Rəhim bəy Əbülfəz xanı və oğlunu öldürərək Canı sülaləsinə son qoyur və 1747-ci ildə Buxarada hakimiyyəti ələ keçirir.

1747–1753-cü illərdə o, hakimiyyəti öz əlində cəmləşdirsə də, formal olaraq Həştərxan şahzadələrini “kukla xan” kimi taxtda saxlayıb, dövlət işlərini isə özü atalıq (baş vəzir) kimi idarə edib.

Məhəmməd Rəhim bəy 1753-cü ildə artıq əyanların və ruhani dairələrin dəstəyini qazanmışdı deyə Mangit sülaləsinin hakimiyyətini elan edərək rəsmi olaraq taxta çıxıb.

O dövrdə Çingiz xanın soyundan olmayan bir şəxs xan ola bilməzdi, odur ki, Mangitlər 1756-cı ildə Əmir əl-Möminin adından istifadə edərək hakimiyyətə gəlmişdilər.

Bir zamanlar dövrün siyasi dayağı sayılan Buxara xanlığı parçalanmanın ağır yükünə tab gətirə bilmədi, daxili çəkişmələr və siyasi parçalanma nəticəsində bu dövlət tədricən zəifləyərək tarixi səhnədən çəkildi.

Əbülxeyr xanın ölümündən sonra mərkəzi hakimiyyətin zəifləməsi və tayfalararası qarşıdurmalar Buxara xanlığının dağılmasını sürətləndirdi, nəticədə dövlət öz əvvəlki nüfuzunu itirdi.

Vaxtilə geniş çöllərə hökm edən Dəşti-Qöpcaqdakı Özbək xanlığı, sonra isə Türküstanda qurulan Buxara xanlığı məhz daxili ixtilafların və hakimiyyət uğrunda mübarizələrin təsiri altında öz gücünü itirmiş və hər iki xanlıq tarix səhnəsindən silinmişdi.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Daşkənd





Sosial həyat