İstifadəsiz sosial media hesablarının aqibəti necə olacaq?

post-img

Keçmişdə insanlar dünyadan köçəndə sandıqdakı məktubları, xatirələri ya ailələrinə qalır, ya arxivlərə verilir, ya da atılırdı. Bu gün isə həyatı sona çatanlardan idarə olunması müşkülə çevrilən nəhəng bir virtual yük toplanıb qalır. Hər gün sosial şəbəkə istifadəçiləri şəkillər paylaşır, statuslar yazır, nələrisə bəyənirlər. Bütün bunlar rəqəmsal məkanda silinməz izlər qoyur. Bəs insan dünyadan köçəndən sonra bütün bunların, şəxsi profillərin aqibəti necə olur? Bu sualın cavabı, sadəcə, maraq doğurmur, həm də ən ciddi sosioloji, hüquqi və ekoloji problemləri gündəmə gətirir…

İnsan dünyadan köçəndə onun əmlakı və mülkü qanuni olaraq ailəsinə keçir. Amma virtual dünyada qaydalar tamamilə fərqlidir. Texnologiya nəhəngləri gizlilik siyasətini əsas gətirərək, hesabların şifrəsini və şəxsi yazışmaları ailə üzvlərinə verməkdən imtina edirlər. Hazırda bu problem, əsasən, iki yolla tənzimlənir: ya profil tamamilə silinir, ya da "xatirə statusu" alaraq bir növ “virtual başdaşına” çevrilir.

Lakin bu müvəqqəti həll yolları gələcəkdə qarşılaşacağımız böyük rəqəmsal dalğanın qarşısını almağa yetmir. Statistik təhlillər göstərir ki, hər gün dünyada on minlərlə sosial media istifadəçisi dünyasını dəyişir. Ekspertlərin proqnozlarına görə, mövcud tendensiya bu sürətlə davam edərsə, gələcəkdə platformalarda ölü insanların sayı diri istifadəçiləri üstələyəcək. Bu isə virtual məkanın nəhəng “rəqəmsal qəbiristanlığa” çevrilməsi deməkdir.

Bu keçid bəşəriyyət üçün tamamilə yeni çağırışlar formalaşdırır. Məsələnin görünməyən tərəfi həm də ciddi ekoloji və iqtisadi təhdidlərlə bağlıdır. Sosial şəbəkələrdə paylaşdığımız hər bir yüksək keyfiyyətli video, foto və ya rəy dünyanın fərqli nöqtələrində yerləşən nəhəng server mərkəzlərində (data mərkəzlərində) qorunur. Bu bazalar isə dayanmadan, kosmik həcmdə elektrik enerjisi istehlak edir və atmosferə karbon qazı buraxaraq qlobal istiləşməni sürətləndirir.

Milyonlarla, yaxın gələcəkdə isə milyardlarla dünyasını dəyişmiş insanın rəqəmsal məlumatlarını nəsillər boyu serverlərdə saxlamaq çox böyük iqtisadi xərc və enerji tələb edəcək. Məhz bu səbəbdən, texnologiya şirkətlərinin gələcəkdə “ölü” profilləri arxivdə saxlamaq üçün ailələrdən illik abunə haqqı, yəni bir növ “rəqəmsal qəbir haqqı” tələb edəcəyi ssenarisi heç də uzaq görünmür.

Digər tərəfdən, mütəxəssislər xəbərdarlıq edirlər ki, bu sahibsiz hesablar kiber-fırıldaqçılar üçün imkandır. Hakerlərin ələ keçirdiyi ölü profillərdən dələduzluq məqsədilə istifadə etməsi, dünyasını dəyişmiş şəxsin adından yaxınlarına saxta mesajlar yazması təhlükəsi hər keçən gün artır. Lakin gələcəyin ən dramatik və fəlsəfi ssenarisi süni intellekt və “rəqəmsal ölümsüzlük” konsepti ilə bağlıdır. Biz virtual məkanda fərqində olmadan geridə minlərlə yazışma, səs yazısı, mimika və video material qoyuruq. İntellektual alqoritmlər bu dataları analiz edərək artıq insanın rəqəmsal klonunu yarada bilir. Bu texnoloji sıçrayış gələcəkdə dünyasını dəyişmiş bir valideynin övladına onun virtual surəti ilə yazışmaq, canlı səsi ilə məsləhətlər almaq imkanı vəd edir. Yaradılan virtual klonlar bir tərəfdən insanın acısını yüngülləşdirsə də, digər tərəfdən onun psixologiyasını alt-üst edərək bütöv bir cəmiyyəti keçmişə zəncirləyə bilər. Göründüyü kimi, məsələ texniki, mənəvi və hüquqi baxımdan kifayət qədər qəliz və çoxşaxəlidir. Bəs mütəxəssislər bu barədə nə düşünürlər?

Mövzu ilə bağlı İT mütəxəssisi Fərid Kazımov XQ-yə bildirdi ki, real həyatda miras məsələləri notarial qaydada rahat həll olunsa da, rəqəmsal məkanda informasiyanın varisliyi hələ də qlobal problem olaraq qalır:

– Bu gün bizim bütün şəxsi məlumatlarımız, şəkillərimiz və işgüzar sənədlərimiz xarici korporasiyaların — “Google”, “Meta” (Facebook, Instagram) və ya “Dropbox” kimi platformaların serverlərində saxlanılır. İnsan vəfat etdikdə onun yerli qanunvericiliklə qorunan hüquqları ilə transmilli şirkətlərin daxili gizlilik prinsipləri üst-üstə düşmür. Real həyatdakı vərəsəlik prosedurları notarius vasitəsilə asanlıqla həll edildiyi halda, virtual dünyada bu mexanizm işləmir. Nəticədə, dünyasını dəyişmiş şəxsin rəqəmsal hesablarının sonrakı taleyi böyük sual doğurur.

Problemin ən praktiki həlli üçün gələcəkdə sosial şəbəkələrdə qeydiyyatdan keçərkən profil daxilində mütləq 1 və ya 2 rəsmi varis təyin etmə funksiyası olmalıdır. Sistem istifadəçinin uzun müddət aktiv olmadığını təsbit edən kimi, rəqəmsal arxivə çıxış və idarəetmə hüququnu avtomatik olaraq həmin varislərə ötürməlidir. Digər bir çıxış yolu isə artıq dünyada müzakirə edilən rəqəmsal sığorta paketləridir. Xüsusilə ödənişli və biznes xarakterli hesabların sığortalanması şəxsin qəfil ölümü zamanı həmin məlumatların silinməsinin və ya serverlərin qapanmasının qarşısını ala bilər.

Mütəxəssis rəqəmsal ölümsüzlük konseptinin gələcəkdə ciddi psixoloji asılılıq yaradacağını da vurğuladı. Onun proqnozlarına görə, sahibsiz qalan profillərin kiber-fırıldaqçılar tərəfindən şantaj alətinə çevrilməsi qaçılmaz olacaq və məhz bu təhlükələr fonunda yaxın gələcəkdə yeni bir "rəqəmsal sığorta" bazarı formalaşacaq:

– Süni intellektin insanı tam mənada simulyasiya edə bilməsi, onun dünyagörüşünü və fəlsəfi baxışlarını klonlaması üçün bir neçə milyon sözdən ibarət mətn bazası (yazışmalar, səs yazıları, videolar) lazımdır. İlkin hesablamalara görə, insanın daxili dünyasını tam əks etdirən minimum 500 səhifəlik material olarsa, ona çox yaxın virtual surət (klon) yaratmaq mümkündür. Müasir texnologiyalar gələcəkdə evlərə monitorlar qoyaraq rəhmətə getmiş şəxsin vizual və səsli klonu ilə canlı şəkildə danışmaq imkanı vəd edir. Hazırda bu cür vizual layihələr təxminən 10 min dollar civarında büdcə tələb etsə də, sadəcə, yazı əsaslı çat-bot formatında klonlar daha ucuz başa gəlir.

Amma unudulmamalıdır ki, bu, sadəcə, bir simulyasiyadır, real şüur deyil. Burada ən böyük təhlükə insanların virtual klonlara qarşı yaranacaq psixoloji asılılığıdır. Üstəlik, bu sahibsiz profillər kiber-fırıldaqçılar üçün də əsl hədəfdir. Hakerlər ölü profilləri ələ keçirərək oradakı dəyərli xatirələri, foto və videoları ailə üzvlərinə satmaq üçün şantaj yolu ilə pul tələb edirlər. İstər sağ, istərsə də dünyasını dəyişmiş şəxslərin rəqəmsal miraslarının bu cür kiber-təhdidlərdən qorunmasının yeganə yolu isə hesablarda ikiaddımlı doğrulama (verifikasiya) sistemlərinin aktiv edilməsidir.

Məsələnin hüquqi tərəflərini şərh edən Müvəkkil Hüquq Mərkəzinin sədri, tədqiqatçı-hüquqşünas Səməd Vəkilov isə söylədi ki, bu sahədə transformasiya sürətlənsə də, hazırda milli qanunvericiliyimizdə “rəqəmsal miras” anlayışını ehtiva edən heç bir hüquqi norma yoxdur:

– Bu gün mülki qanunvericilikdə miras dedikdə yalnız maddi obyektlər – daşınar və daşınmaz əmlaklar nəzərdə tutulur. Sosial şəbəkə hesabları isə mahiyyət etibarilə şəxsin qeyri-əmlak hüquqlarına aiddir. Bu növ hüquqlar insanın şəxsiyyəti ilə sıx bağlıdır və mülki qanunvericiliyin müddəalarına əsasən, ölüm faktı ilə birlikdə qüvvəsini itirir, yəni başqasına ötürülə bilməz.

Lakin bu məsələdə ciddi bir təzad meydana çıxır. Belə ki, “YouTube”, “TikTok” kimi platformalarda fəaliyyət göstərən, gəlir funksiyası aktivləşdirilmiş elə səhifələr var ki, onlar sahibinə böyük məbləğdə qazanc gətirir. Bu halda, həmin hesab sadəcə şəxsi profil olmaqdan çıxır, həm də gəlir gətirən bir mülkə çevrilir. Əsas problem ondadır ki, bu səhifələrin serverləri və domenləri xarici ölkələrdə, beynəlxalq böyük şirkətlərin hüquqi nəzarəti altındadır. Ona görə də internet üzərindən qurulan bu münasibətləri ölkədaxili milli qanunvericiliklə tənzimləmək qeyri-mümkündür. Çünki yerli məhkəmənin qərarı ABŞ və ya Avropa mərkəzli həmin nəhəng platformalar üçün heç bir hüquqi əhəmiyyət daşımır.

Hazırda rəqəmsal miras anlayışı mülki qanunvericiliyimizdə olmasa da, yaxın gələcəkdə qlobal miqyasda genişlənməsi qaçılmazdır. Çox güman ki, bu problem zamanla beynəlxalq konvensiyalarda öz əksini tapacaq və dövlətlərarası vahid hüquqi mexanizmlər işlənib hazırlanacaq. Ancaq beynəlxalq qanunlar qəbul edilsə belə, praktiki müstəvidə çətinliklər kifayət qədər çoxdur. Ən böyük əngəllərdən biri virtual məkandakı anonimlikdir.

Sosial şəbəkələrdə milyonlarla insan öz real ad-soyadı ilə deyil, müxtəlif təxəllüslərlə qeydiyyatdan keçir. Heç bir rəsmi şəxsiyyət vəsiqəsi və ya imza tələb olunmadan açılan bu cür profillərin hüquqi baxımdan konkret olaraq kimə məxsus olduğunu müəyyənləşdirmək bəzi hallarda ciddi hüquqi və texniki ekspertiza tələb edir ki, bu da vərəsəlik prosesini çıxılmaza salır.

Ekspertlərin rəylərindən də göründüyü kimi, yaxın gələcəkdə notariuslarda yalnız ev, maşın və ya digər daşınmaz mülklərimizi deyil, həm də sosial media hesablarımızın şifrələrini kiməsə “vəsiyyət” etmək qaçılmaz olacaq. Hesablarımızın kiber-fırıldaqçıların əlində oyuncaq olmasını və internetdə əbədi “kabus” kimi qalmasını istəmiriksə, onları idarə etməyi indidən öyrənməliyik. Görünən odur ki, keçmişdə sandıqlarda qalan məktublar zamanla saralıb yox olsa da, bu gün internet məkanındakı yazışmalarımız, mesajlarımız daha uzunömürlüdür.

Elenora HƏSƏNOVA
XQ





Sosial həyat