Azərbaycan Milli Xalça Muzeyində Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə keçirilən Türk Dünyası Həftəsi çərçivəsində “Bir mədəniyyət xəzinəsi” seriyasından sərginin açılışı olub. Sərgidə Mahmud Kaşğarlının dünya şöhrətli nadir yazılı irs nümunəsi – “Divanü lüğat-it-türk” əsərinin müasir bədii yozumları təqdim olunub.
Mərasimdə Alyona Əliyeva iştirak edirdi. Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əminə Məlikova bildirdi ki, sərgi Azərbaycanın Mədəniyyət Nazirliyi, Türkiyənin Mədəniyyət və Turizm
Nazirliyi, Milli Təhsil Nazirliyi, Yunus Əmrə İnstitutu və digər qurumların dəstəyi ilə ərsəyə gəlib.
Sərginin açılışında mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Yunus Əmrə İnstitutunun Azərbaycan üzrə koordinatoru Gökhan Seyhan, türkiyəli professor Şükrü Haluk Akalın, Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin Həyatboyu Öyrənmə Baş İdarəsinin layihə üzrə mütəxəssisi Dilay Nakış, Milli Məclisin deputatı Hikmət Babaoğlu və başqaları ürək sözlərini söylədilər. Vurğulandı ki, minillik mədəni irsin müasir nəsillərə çatdırılmasını hədəfləyən sərgi Türkiyə Milli Təhsil Nazirliyinin Həyatboyu Öyrənmə Baş İdarəsi tərəfindən hazırlanıb. Ekspozisiya özündə “Divanü lüğat-it-türk”lə bağlı zəngin mənəvi dəyərlərə yeni özəl baxışları ehtiva edir. Təqdim olunan əsərlərin təməlində məhz “Divanü lüğat-it-türk”də yer alan fikir və anlayışlar, el məsəlləri dayanır.
Sonra qonaqlar sərgi ilə tanış oldular. Muzeyə gələn hər kəs əsrlərin sınağından çıxan əbədiyaşar sözün mahiyyətinə varmaq imkanı qazandı. Ekspozisiyada nümayiş etdirilən əsərlərin “Divanü lüğat-it-türk”də yer alan sözlərdən, anlayışlardan, atalar sözlərindən və zəngin mədəni irsdən ilhamlanaraq hazırlanması ona marağı daha da artırırdı. Ziyarətçilərdə bir daha belə bir qənaət hasil oldu ki, dil ilkin kodlarını yaşadan canlı, dinamik bir sistemdir və Azərbaycan dili də müasir türk dilləri ailəsində daha da dolğunlaşmaqda, zənginləşməkdədir. “Divanü lüğat-it-türk” isə türk dillərinin zənginliyini əks etdirən ən qiymətli mənbələrdən biridir.
Sərgi ilə bağlı təəssüratını soruşduğumuz Türk Dil Qurumunun keçmiş sədri, professor Şükrü Haluk Akalın dedi:
– Bir daha gördük ki, “Divanü lüğat-it-türk” bizim türk dünyamızın ortaq dil və mədəniyyət xəzinəsidir. Sərgidə yazı mədəniyyətini əks etdirən mürəkkəb qabları, kitab cildləri, eləcə də miniatür sənəti vasitəsilə canlandırılmış uşaq oyunları, toy mərasimləri, döyüş və ziyafət səhnələri dolğun şəkildə nümayiş etdirilir. Bütün eksponatlar türk xalqlarının tarixi-mədəni yaddaşını, ortaq dəyərlərini və sosial həyatını bədii ifadə vasitələri ilə ziyarətçilərə çatdırır. Azərbaycanda keçirilən bu layihədə iştirak etməkdən qürur duyuruq.
Sərgi ilə birlikdə tanış olduğumuz xalçaçı rəssam – Əməkdar mədəniyyət işçisi, Beynəlxalq Rəssamlar Fondunun üzvü Fazil Abbasquluzadə isə ekspozisiyaları bəzəyən nümunələrin ona möcüzəli təsir bağışladığını bildirdi:
– Bura mənim tez-tez gəlib, yaradıcı fantaziyamı zənginləşdirdiyim sevimli ünvandır. Bu dəfə də unudulmaz təəssürat əldə etdim. Demək olar ki, bütün əsərlər 840–1212-ci illərdə Mərkəzi Asiyada mövcud olmuş Qaraxanlılar dövlətinə aid memarlıq və digər sənət motivləri əsasında müasir bədii üslubda yenidən işlənib. Bunları yaratmaqdan ötrü nə qədər səbir, dözüm və bilgiyə sahib olmaq gərəkdir. Ayrı-ayrı guşələrdə yer alan ağac və metal işləmə, tikmə, keramika, toxuculuq sənətlərinə aid nümunələrdən göz çəkmək olmur...
Tədbir bədii hissə ilə davam etdi. Azərbaycan Milli Konservatoriyasının aşıqlar dəstəsi musiqi nömrəsi ilə mərasimə xüsusi rəng qatdı.
“Bir mədəniyyət xəzinəsi – “Divanü lüğat-it-türk” sərgisi iyulun 13-dək nümayiş olunacaq.
Əli DOSTƏLİ
XQ

