Meksikanın şərqində tapılan qədim abidə regionun mədəniyyət tarixini dəyişə bilər

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Meksikanın Verakrus ştatındakı Koatepek şəhərində yerləşən "San-Lukas" yaşayış kompleksinin ərazisində aparılan xilasetmə qazıntıları zamanı arxeoloqlar unikal təsvirlərlə bəzədilmiş, hündürlüyü təxminən iki metr olan qədim daş monolit aşkarlayıblar. İlkin dövrləşdirməyə əsasən, bu tapıntı eramızın 200-600-cü illərinə aid edilir. Ərazidə tikinti işlərinin planlaşdırılması səbəbindən ötən ilin sonunda başlayan çöl tədqiqatlarının cari ilin avqust ayına qədər tamamlanması nəzərdə tutulur.

Monolitin üzərində nadir bir ritual səhnəsi həkk olunub: zəngin geyimli iki əsilzadə obrazı oturaraq, yuxarıda təsvir edilmiş ilahi varlığın xüsusi qabdan süzdüyü sirli mayeni qəbul edir. Alimlər hələlik bu mayenin dəqiq növünü müəyyən edə bilmirlər. Çünki qədim Mezoamerika incəsənətində bu cür simvollar suyu, qanı, qarğıdalıdan hazırlanan xüsusi içkiləri və bir çox digər ayin elementlərini ifadə edə bilərdi. Kompozisiyanın özü isə hakimiyyətin və elitanın fövqəltəbii qüvvələrlə əlaqəsini — ehtimal ki, bərəkət, qurbanvermə və ya tanrılarla ünsiyyəti ehtiva edən müqəddəs bir ritualı nümayiş etdirir.

Monolitin yaxınlığında gipsə bənzər ağ əhəngdaşı ilə üzlənmiş, uzunluğu təxminən 30 metr olan xüsusi platforma da tapılıb. Platformanın xətlər, kvadratlar və dairəvi daşlarla bəzədilməsi diqqət çəkir. Bu cür memarlıq detallarına əvvəllər sözügedən regionda rast gəlinmədiyindən, mütəxəssislər bu məkanın sadəcə təsərrüfat deyil, mühüm ictimai-ictimai və dini mərasim mərkəzi olduğu qənaətinə gəliblər.

Qazıntılar zamanı aşkar edilən digər tapıntılar arasında qarğıdalının kömürləşmiş qalıqları (ehtimal ki, tanrılara qurban edilib), müxtəlif qablar və sındırılmış nefret muncuq yer alır. Qədim Mezoamerikada qarğıdalı təkcə qida vasitəsi deyil, həm də dərin simvolik mənaya malik olduğu üçün onun mövcudluğu meydançanın ritual xarakterini bir daha təsdiqləyir.

Verakrus ştatı çox vaxt qədim Totonak mədəniyyəti ilə əlaqələndirilsə də, alimlər bu tapıntını birbaşa onlara aid etməyə tələsmirlər. Çünki bu məkanda həm yerli, həm də region üçün tamamilə yad olan fərqli mədəni elementlər bir-birinə qarışıb. Əgər tədqiqatçıların tarixləndirmə və yekun rəyləri tam təsdiqlənərsə, bu monolit Şərqi Meksikada tapılan ən qeyri-adi və nadir ritual abidələrdən biri kimi tarixə düşəcək.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Dünya