Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bolnisidə fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində görkəmli riyaziyyatçı, Əməkdar elm xadimi, akademik Zahid Xəlilovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də akademik Zahid Xəlilovun əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.
Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin direktoru Rezo Həsənov bildirib ki, görkəmli alim 14 yanvar 1911-ci ildə Borçalı mahalının Saraçlı kəndində (indiki Bolnisi rayonu) anadan olub, uşaqlıq və ilk təhsil illərini doğma kəndində keçirib. Tiflisdə Nəriman Nərimanov adına Pedaqoji Texnikumu, 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini uğurla bitirib. 1937–1940-cı illərdə isə Tbilisidə aspirantura təhsili alıb.
Vurğulanıb ki, Zahid Xəlilov funksional analiz, diferensial tənliklər, elastiklik nəzəriyyəsi və tətbiqi riyaziyyat sahələrində mühüm elmi nailiyyətlər əldə edib, Azərbaycanda funksional analiz məktəbinin banilərindən biri və riyaziyyat üzrə ilk azərbaycanlı elmlər doktoru kimi elm tarixində mühüm yer tutub. O, 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilib, 1957–1959-cu illərdə akademiyanın vitse-prezidenti, 1962–1967-ci illərdə isə prezidenti vəzifəsində çalışıb. Elmi xidmətlərinə görə “Qırmızı Əmək Bayrağı”, “Şərəf Nişanı” ordenləri, “Əməkdar elm xadimi” fəxri adı və digər yüksək dövlət təltiflərinə layiq görülüb.
Akademik 4 fevral 1974-cü ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
Rezo Həsənov deyib ki, Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi gələcəkdə akademik Zahid Xəlilovun irsinin təbliği istiqamətində müxtəlif layihələrin həyata keçirilməsini planlaşdırır. Bolnisidə onun adına ənənəvi riyaziyyat olimpiadasının keçirilməsi, məktəblilər arasında elmi biliklərin təşviqinə xidmət edən müsabiqələrin təşkili, akademikin həyat və fəaliyyətinə həsr olunmuş maarifləndirici tədbirlərin davamlı keçirilməsi nəzərdə tutulur.
Gürcüstan Parlamentinin sabiq deputatı, tarixçi alim Ramiz Bəkirov, Faxralı 2 saylı ictimai məktəbinin sabiq direktoru, “Şərəf ordenli Bayram Abbasov, Dəllər və Abdallı ictimai məktəbinin əməkdaşı Natavan Mehdiyeva, Zöhrab Aslanov, Qoçulu ictimai məktəbinin müəllimi Zina Bayramova, eləcə də digər qonaqlar və gənclər çıxış edərək akademik Zahid Xəlilovun zəngin elmi irsindən, Azərbaycan və dünya elminə verdiyi töhfələrdən bəhs ediblər.
Hüquq və İnteqrasiya Mərkəzinin bir qrup könüllüsü tədbirin təşkilində fəal iştirakına görə xüsusi sertifikatlarla təltif olunubb.
Paşa ƏMİRCANOV
XQ




