“Ədəbi irsimiz - ədəbi gəncliyimiz”

post-img

Bakıda Milli QHT Forumunun qərargahında Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Ədəbi irsimiz – ədəbi gəncliyimiz” layihəsi çərçivəsində nəşr olunan eyniadlı kitabın növbəti təqdimat mərasimi və yekun görüşü olub.

DGTYB-nin rəhbəri İntiqam Yaşar müəllifi olduğu layihə haqqında məlumat verərək, onun məqsədindən, gənc ədiblərin yaradıcılığına müsbət təsirlərindən bəhs edib. Layihənin eksperti, birliyin Məsləhət Şurasının başçısı, şair-publisist Əkbər Qoşalı da öz növbəsində bu təşəbbüsün önəmli missiyaya xidmət etdiyini, ədəbiyyatdakı nəsillərarası körpünün sağlam təməllər üzərində dayanmasına rəvac verdiyini diqqətə çatdırıb.

Görüşdə Türk Ədəbiyyatı Vəqfi başqanı, şair Serhat Kabaklı çıxış edərək Azərbaycan–Türkiyə ədəbi-mədəni əlaqələrinin inkişafında DGTYB-nin xidmətlərini diqqətə çatdırıb. Yazıçı Məmməd Oruc, AMEA-nın əməkdaşı Aynur Aydınqızı, yazarlar Turan İbrahimov, Qulu Ağsəs, Vüqar Qədirov, İlqar Türkoğlu, Nadir Vəlişzadə, Ayna Səs, Rövşən Hüseynov, Rəfail Tağızadə, Şahin Ülvi, Akəm Xaqan, Gəray Göyyurd və başqaları belə layihələrin türk xalqları arasında ədəbi-mədəni yaxınlaşmaya xidmət etdiyini söyləyiblər.

Kitabda yaradıcılıq nümunələri çap olunmuş gənc yazarlardan Səddam Laçın, Şahanə Müşfiq, Əli Çağla, Banu Muharrem, Yeqzar Cəfərli və b. şeirlərini səsləndiriblər. Mərasimin sonunda qonaqlara və layihə iştirakçılarına Dünya Gənc Türk Yazarlar Birliyinin təltifləri təqdim olunub.

Ə.ƏLİYEV
XQ

Mədəniyyət