Ustad tarzənin həzin könül rübabı

post-img

Vamiq Məmmədəliyev – 80

Bu gün ömrünün 8-ci onilliyini tamamlayan ustad musiqiçi – görkəmli tarzən, professor, Xalq artisti Vamiq Məmmədəliyev Azərbaycan tar ifaçılığı mədəniyyətinin ustad sənətçilərindəndir.

...Onun haqqında bu qeydləri Vamiq müəllimin ifasında hərfi mənası yol, məslək anlamına gələn “Rahab” muğamını dinləyə-dinləyə yazıram. 25 il əvvəl çəkilmiş lent dinləyicini 250, bəlkə də 2500 illik keçmişə qovuşdurur. Tarın simlərindən qopan hər səs xalq ruhunu əks etdirir, incə, həzin, lirik notları ilə tarixi yaddaşı təzələyir. Özlüyündə bir kamillik və səmavi aləmlə əlaqəni ehtiva edir. Adamın duyğularını sanki sufi təfəkkürünə qovuşdurur. Və anlayır ki, “Qoymaz ol tarı müğənni niyə ağuşindən” - çünki “Huş ilə guş edə hər kimsə, gedər huşindən”...

Bəlkə də ustad tarzənin mahir ifasının bir səbəbi onun böyük qardaşı – “Qurani-Kərim”in tərcüməçisi mərhum akademik Vasim Məmmədəliyevin ruhani zehniyyətinin təsiri ilə bağlıdır. Yoxsa, “Rahab”ı məxsusi tərzdə dilləndirib təqdim etmək hər sənətkarın hünəri deyil. Yeri gəlmişkən, Vasim müəllim özü də gözəl tar çalıb, muğamı, əruzu çox yaxşı bilib. Hər halda, ailə mühitinin rolu danılmazdır.

Vamiq Məmmədəliyev 1946-cı ildə Bakının Kürdəxanı kəndində anadan olub. Atası Məmmədəli Məmmədəliyev uzun illər Tibb Universitetində latın dilini tədris edib - terapevt, şərqşünas, ziyalı insan olub. Vamiq kənd klubunda Dərdayıl Aydəmirovun sinfində ilk musiqi təhsili alıb və tara ömürlük könül bağlayıb. Sonralar “Bahar” xalq çalğı alətləri ansamblını yaradıb. Klubda təlimatçı, bədii rəhbər və müdir vəzifələrində çalışıb.

Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasında oxuyan gənc Vamiq Bəhram Mansurov, Əhməd Bakıxanov, Hacı Məmmədov, Adil Gəray, Oqtay Quliyev, Sərvər İbrahimov kimi ustadlardan dərs alıb. Özü də müxtəlif musiqi təhsili ocaqlarında müəllimlik edib. 2001-ci ildə Mədəniyyət və İncəsənət Universitetində açılan musiqi sənəti fakültəsinə dekan vəzifəsinə dəvət olunub. Onlarca elmi məqalə, metodiki göstəricilər, tədris proqramları tərtib edib. Orada rəhbər kimi çalışmaqla bərabər, ifa yaradıcılığını da təkmilləşdirib.

O, bir çox xanəndəni ustalıqla müşayiət edib. Konsertlərdə, eləcə də qastrol səfərlərində, festivallarda uğurlu çıxışlarına görə mükafatlara layiq görülmüş Vamiq Məmmədəliyevin ifasında “Xaric Segah” və “Rahab” muğamları 1985-ci ildə Ümumittifaq “Melodiya” firmasında lentə alınaraq böyük tirajla yayılıb. 1989-cu ildə İsveçdə keçirilən beynəlxalq folklor festivalında 1-ci yeri tutan ustad bir çox Avropa ölkələrindən dəvətlər alıb. Məşhur Fransa şirkəti Vamiq Məmmədiyevin ifasında muğamları, eləcə də və onun müşayiətilə Qəndab Quliyeva ilə Canəli Əkbərovun oxularını lentə köçürərək kütləvi tirajla istehsal edib. İran, Türkiyə və digər ölkələrdə də Vamiq müəllim mötəbər bayram tədbirlərində uğurlu çıxışları ilə könülləri oxşayıb. Onun ifasında lentə alınan “Bayatı Şiraz”, “Humayun”, “Bayatı Qacar”, “Nəva” muğamları qızıl fonda daxil edilib.

Musiqimizin təbliğində, gənc xanəndə və müşayiətçilərin yetişməsində Vamiq Məmmədəliyevin xidmətləri danılmazdır. Heydər Əliyev Fondunun Azərbaycan muğamları üzrə layihələrində fəal iştirak edən sənətkar xatirə gecələrinin, muğama dair mədəni tədbirlərin də aparıcı siması kimi görünür. Zəngin videotekası var, musiqi kolleclərində və məktəblərində təşkil olunan ustad dərsləri hər kəsə olduqca xoş təsir bağışlayır.

Vamiq Məmmədəliyevin unudulmaz həmkarı – özünün və qardaşı Vasim müəllimin yaxın sirdaşı olan Ramiz Quliyevin xatirəsini daim əziz tutması isə həm də onun necə dostcanlı, açıqürəkli, səmimi və sədaqətli bir şəxsiyyət olduğunu göstərir. Bir neçə ay əvvəl dünyasını dəyişən Ramiz Quliyevlə vida mərasimində çıxışı zamanı dedi ki, Azərbaycan musiqisinə böyük töhfələr vermiş görkəmli tarzənin ruhu ilə gecə səhərə kimi ürəyimdə danışmışam. Onu heç vaxt unutmaq mümkün deyil...

Sənətkarın övladları da mədəniyyətin müxtəlif sahələrində çalışırlar. Salam televiziya rejissorudur, filmlərə də çəkilib. Qurban təcrübəli işıqçıdır. Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olan tanınmış rejissor və prodüser İqbal Məmmədəliyev isə atasının musiqiyə olan sevgisini mənimsəyib – gözəl tar çalır.

Haqqında 5 sənədli film çəkilmiş professor Vamiq Məmmədəliyevin həyatı, fəaliyyəti, ifaçılıq sənəti gənc nəsil üçün örnəkdir.

Görkəmli sənətkara cansağlığı arzusu ilə:

Əli NƏCƏFXANLI
XQ

Mədəniyyət