Səməd Vurğunun 120 illik yubileyi Şəmkirdə təntənə ilə qeyd olundu

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Şəmkir rayonunda Kimya-biologiya təmayüllü liseyin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunan yubiley tədbiri keçirildi. Bu önəmli gün xalqımızın milli-mənəvi dəyərlərinə olan ehtiramı bir daha nümayiş etdirdi.

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Məzahir Hüseynzadə, Ramiz Göyüşlü, Barat Vüsal, filologiya elmləri doktoru, professor Rüstəm Kamal və digər rəsmi qonaqlar, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, müəllimlər və gənclər iştirak etdilər.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və görkəmli şair Səməd Vurğunun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Çıxış edənlər Səməd Vurğunun Azərbaycan ədəbiyyatının inkişafındakı müstəsna xidmətlərindən, onun zəngin bədii irsinin milli-mənəvi dəyərlərimizin qorunması və təbliğindəki rolundan danışdılar. Şairin yaradıcılığının vətənpərvərlik, insanpərvərlik və yüksək mənəvi keyfiyyətlərin təbliği baxımından bu gün də aktuallığını qoruduğunu vurğuladılar.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvləri və şairlər Səməd Vurğunun əsərlərinin Azərbaycan poeziyasının ən dəyərli nümunələri arasında yer almasını və gənc nəslin milli ruhda formalaşmasına mühüm töhfə verməsini qeyd etdilər. Onların sözlərinə görə, Vurğunun yaradıcılığı təkcə ölkəmizdə deyil, beynəlxalq ədəbi mühitdə də böyük maraqla qarşılanır.

Tədbirin bədii hissəsində şairin şeirləri səsləndirildi, onun yaradıcılığına həsr olunmuş kompozisiyalar təqdim olundu. Məktəblilərin və gənclərin ifasında Səməd Vurğunun əsərlərindən ibarət nümayiş etdirilən parçalar iştirakçılar tərəfindən maraqla qarşılandı.

Sonda vurğulandı ki, Səməd Vurğunun zəngin ədəbi irsinin öyrənilməsi və təbliği istiqamətində keçirilən tədbirlər gələcək nəsillərin milli-mənəvi dəyərlərə bağlı ruhda yetişməsinə xidmət edəcək.

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri





















Mədəniyyət