“Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri”

post-img

Müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mürəkkəb, eyni zamanda ən taleyüklü mərhələlərinin öyrənilməsində yalnız rəsmi sənədlər deyil, hadisələrin canlı şahidlərinin qələmə aldıqları xatirələr də əhəmiyyət daşıyır. Bu baxımdan uzun illər Azərbaycan milli mətbuatında və informasiya siyasətinin formalaşdırılmasında mühüm xidmətləri olan Aslan Aslanovun “Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri. I kitab” adlı yeni nəşri həm tarixi yaddaşın qorunmasına, həm də dövlətçilik ənənələrinin gələcək nəsillərə çatdırılmasına dəyərli töhfədir.

Kitabın təqdimat mərasimi ölkənin ictimai-siyasi, elmi və medianın tanınmış nümayəndələrini bir araya gətirdi. Tədbirdə səsləndirilən fikirlər göstərdi ki, söhbət yalnız yeni bir kitabın təqdimatından deyil, müstəqil Azərbaycanın siyasi tarixinin mühüm bir dövrünü əhatə edən qiymətli salnamənin ictimaiyyətə təqdim olunmasından gedir.

Aslan Aslanov ömrünün böyük hissəsini Azərbaycan jurnalistikasının inkişafına həsr etmiş peşəkar qələm sahiblərindəndir. O, 1993–2003-cü illərdə AZƏRTAC-ın müxbiri kimi ulu öndər Heydər Əliyevin keçirdiyi dövlət tədbirlərinin, rəsmi görüşlərin, beynəlxalq danışıqların, xarici səfərlərin və mühüm siyasi proseslərin bilavasitə iştirakçısı və müşahidəçisi olub. Müəllif həmin illəri təsadüfən “Heydər Əliyev universiteti” adlandırmır. Çünki dövlət idarəçiliyinin, diplomatiyanın, siyasi uzaqgörənliyin və peşəkar informasiya siyasətinin incəliklərini məhz həmin məktəbdə öyrənib.

Yeni nəşr müəllifin on il ərzində hazırladığı rəsmi informasiyaları, şəxsi müşahidələrini və xatirələrini vahid məcrada birləşdirib. Kitabın səhifələrində təkcə hadisələrin xronologiyası deyil, onların mahiyyəti, qəbul edilən qərarların arxasında duran siyasi məntiq, dövlət maraqlarının qorunması naminə həyata keçirilən diplomatik fəaliyyət və Heydər Əliyevin idarəçilik fəlsəfəsi dolğun şəkildə işıqlandırılıb. Kitabda 1993–1995-ci illərdə Azərbaycanın üzləşdiyi mürəkkəb ictimai-siyasi vəziyyət, dövlətçiliyin qorunması istiqamətində həyata keçirilən qətiyyətli addımlar, ölkənin beynəlxalq münasibətlər sistemində layiqli yer tutması naminə görülən işlər sənədlər və müəllif müşahidələri əsasında təqdim edilir. Bu xüsusiyyət kitabı təkcə publisistik əsər deyil, həm də qiymətli tarixi mənbəyə çevirir.

Təqdimat mərasimində çıxış edən Milli Məclis sədrinin müavini Rafael Hüseynov kitabın adındakı "dərslər" sözünün xüsusi məna yükü daşıdığını vurğuladı. Onun fikrincə, Heydər Əliyev təkcə görkəmli siyasi lider deyil, bütöv bir dövlətçilik məktəbinin banisidir. Həmin məktəbin dərslərini yaxından izləyən və mənimsəyən insanlar həyatlarının ən qiymətli təcrübəsini qazanıblar. Rafael Hüseynov qeyd etdi ki, böyük şəxsiyyət haqqında yazmaq yalnız faktları sadalamaq deyil, həm də həmin şəxsiyyətin böyüklüyünü dərk etməyi tələb edir. Aslan Aslanov isə bu missiyanın öhdəsindən hadisələrin canlı şahidi kimi uğurla gəlib.

İctimai-siyasi xadim Əli Həsənov Heydər Əliyevlə bağlı xatirələrini danışdı. Bildirdi ki, Ulu öndərin rəhbərliyi altında işləmək onun üçün qürurvericidir. İşlədiyi dövrdə böyük bir idarəçilik məktəbi keçib.

AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri Cəbi Bəhramov da kitabı müasir tarixşünaslıq baxımından yüksək qiymətləndirdi. Onun sözlərinə görə, müəllif yalnız şahidi olduğu hadisələri qələmə alıb və buna görə də nəşrdə yer alan faktlar tarixi həqiqətlərin öyrənilməsi üçün etibarlı mənbədir. Alim bildirdi ki, kitabın hər səhifəsində Azərbaycanın müasir dövlətçilik tarixinə dair qiymətli sənədlər, müşahidələr və faktlar toplanıb. Milli Məclisin deputatı Hikmət Babaoğlu isə qeyd etdi ki, Heydər Əliyevin hakimiyyətə gəlməsi xalqımızın əlahidə sosial sifarişi kimi aktuallaşdı. Aslan Aslanovun “Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri” adlı kitabı da dövlətçilik tariximizin kritik dövründə baş verən mürəkkəb ictimai-siyasi proseslərə həsr olunub.

Təqdimat mərasimində müəllif Aslan Aslanov da çıxış edərək bildirdi ki, bu kitabı yazmaqla ulu öndər Heydər Əliyev qarşısında öz mənəvi və tarixi borcunu yerinə yetirməyə çalışıb. O vurğuladı ki, müstəqil Azərbaycanın rəsmi dövlət xəbərlərinin formalaşması, dövlət başçısının fəaliyyətinin peşəkar şəkildə işıqlandırılması prinsiplərinin yaradılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Dövlət səfərlərinin, ikitərəfli görüşlərin, beynəlxalq tədbirlərin informasiya təminatı sahəsində formalaşdırılan bu peşə standartları sonrakı dövrdə Azərbaycan mediasının fəaliyyət istiqamətlərini müəyyənləşdirən əsas meyarlara çevrilib.

Tədbirdə çıxış edənlər digər şəxslər qeyd etdilər ki, “Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri” yalnız keçmişə nəzər salan xatirələr kitabı deyil. Bu əsər müasir Azərbaycanın dövlətçilik təfəkkürünün necə formalaşdığını göstərən, siyasi liderlik, milli maraqlara sədaqət, diplomatik məharət və peşəkar jurnalistikanın vəhdətini əks etdirən dəyərli salnamədir.

Tarix yalnız onu yaşayanların deyil, onu gələcək nəsillərə doğru və obyektiv şəkildə çatdıranların da xidmətləri sayəsində yaşayır. Aslan Aslanovun yeni kitabı məhz bu missiyanı yerinə yetirərək oxucunu müstəqil Azərbaycanın ən mühüm dövlətçilik mərhələlərinin canlı atmosferinə aparır, Heydər Əliyev siyasi irsinin mahiyyətini faktlar və şahid müşahidələri fonunda təqdim edir. Bu baxımdan nəşr təkcə bugünkü oxucu üçün deyil, gələcəyin tarixçiləri, tədqiqatçıları və jurnalistləri üçün də etibarlı mənbə və qiymətli vəsait kimi uzun illər aktuallığını qoruyacaq.

P.ƏFƏNDİ
XQ



Mədəniyyət