Mirnamik Bəşirovun "Cığır" kitabı haqqında qeydlər
Azərbaycan tarixində elə dövrlər və elə şəxsiyyətlər vardır ki, onların fəaliyyəti dövlətçilik tariximizin formalaşmasında mühüm rol oynasa da, müxtəlif tarixi və siyasi səbəblər üzündən uzun müddət geniş tədqiq olunmamışdır. Bu baxımdan Lənkəran xanlığının tarixi və onun baniləri, görkəmli nümayəndələri olan xan nəslinin - Talışinskilər (Talışxanovlar) nəslinin keçdiyi mürəkkəb yol xüsusi maraq doğurur. Məhz belə bir tarixi mövzuya müraciət edən Mirnamik Bəşirovun "Cığır" kitabı milli yaddaşın bərpasına xidmət edən dəyərli tarixi-bədii əsər kimi diqqəti cəlb edir.
Qeyd edək ki, Mirnamik Bəşirov əsasən fizika sahəsində qələmə aldığı dərs vəsaitləri və elmi-metodik nəşrləri ilə tanınsa da, bədii yaradıcılıq sahəsində də diqqətəlayiq əsərlərin müəllifidir. O, geniş oxucu auditoriyasında ilk növbədə böyük Azərbaycan alimi və mütəfəkkiri Nəsirəddin Tusiyə həsr etdiyi iki hissəli "İbrət" tarixi romanı ilə tanınmışdır. Bu əsərdə müəllif orta əsr Şərqinin zəngin elmi-mədəni mühitini, mürəkkəb ictimai-siyasi hadisələrini və Nəsirəddin Tusinin çoxşaxəli fəaliyyətini tarixi həqiqətlə bədii təxəyyülün uğurlu vəhdətində canlandırmışdır. Müəllifin növbəti əsəri "Cığır", XVIII əsrin sonu – XIX əsrin əvvəllərində Azərbaycanın cənub bölgəsində mühüm siyasi mərkəzlərdən biri olmuş Lənkəran xanlığının taleyi və xan nəslinin çoxşaxəli fəaliyyətini əhatə edir.
Əsər tarixi həqiqətlə bədii təxəyyülün uğurlu sintezidir. Müəllif tarixi hadisələri quru faktlar şəklində təqdim etmir; əksinə, onları dövrün ictimai-siyasi mühiti, insanların mənəvi aləmi, milli dövlətçilik ideyası və vətən sevgisi ilə vəhdətdə canlandıraraq oxucunu həmin tarixi mərhələnin canlı iştirakçısına çevirir. O, zəngin tarixi mənbələrə söykənərək Lənkəran xanlığının yaranması, bölgənin strateji mövqeyi, Qacar dövləti ilə Rusiya imperiyası arasında gedən geosiyasi mübarizə, eləcə də xan nəsil nümayəndələrinin bu hadisələrdə oynadıqları rol haqqında dolğun bədii mənzərə yaradır. Tarixi faktların bədii dillə təqdim edilməsi kitabı yalnız tarixi əsər deyil, həm də milli yaddaşın salnaməsinə çevirir.
Əsərin mərkəzində Azərbaycan dövlətçilik tarixində mühüm yer tutan Lənkəran xan nəslinin sonradan Talışxanov, Talışinskilər nəsli kimi tanınanların taleyi dayanır. Bu nəsil XVIII–XIX əsrlərdə Lənkəran xanlığının siyasi həyatına rəhbərlik etmiş, dövlətçiliyin qorunması uğrunda çətin və mürəkkəb mübarizə aparmışdır. Mir Mustafa xan Talışinski, Mir Həsən xan və digər xan nəslinin nümayəndələri Rusiya imperiyası ilə Qacar dövləti arasında gedən siyasi qarşıdurmalar fonunda xalqın mənafeyini və bölgənin müstəqilliyini qorumağa çalışmışlar. Müəllif bu şəxsiyyətləri yalnız tarixi fiqurlar kimi deyil, həm də öz dövrünün düşünən, qərar verən və məsuliyyət daşıyan insanları kimi təqdim edir.
Əsərdə 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrindən sonra Azərbaycanın cənub bölgəsində yaranmış yeni siyasi reallıqlar da geniş əks olunur. Lənkəran xanlığının müstəqilliyini itirməsi ilə xan sülaləsinin siyasi hakimiyyəti başa çatsa da, bu nəslin tarix səhnəsindən silinmədiyi, əksinə, yeni şəraitdə ölkənin ictimai həyatında fəaliyyətini davam etdirdiyi göstərilir.
“Çığır”ın maraqlı cəhətlərindən biri də xan nəslinin sonrakı taleyini tarixi ardıcıllıqla izləməsidir. Çar Rusiyası dövründə bu nəslin nümayəndələri imperiya ordusunda və dövlət idarəçiliyində mühüm vəzifələr tutmuşlar. General Mir Əhməd xan Talışinski və general Mir Aslan xan Talışinski hərbi xidmətləri, sərkərdəlik bacarıqları və peşəkarlıqları ilə tanınmış, Qafqazın nüfuzlu hərbçiləri sırasında yer almışlar. Müəllif bu faktları sadəcə sadalamaqla kifayətlənmir, onların taleyini dövrün siyasi hadisələri fonunda təqdim etməklə tarixi proseslərin insan taleyinə təsirini göstərir.
Əsərdə Azərbaycan Xalq Cümhuriyyəti dövrünə də toxunulur. Milli dövlətçilik ideyasının yenidən dirçəldiyi həmin illərdə Lənkəran xan nəsil nümayəndələrinin dövlət quruculuğunda iştirak etməsi xüsusi vurğulanır. Bununla yanaşı, sovet hakimiyyətinin qurulmasından sonra bu nəslin üzvlərinin üzləşdiyi repressiyalar, mülklərinin müsadirəsi, sürgün və təqiblər də əsərin dramatik xəttini gücləndirən mühüm məqamlardandır.
Mirnamik müəllim sovet dövrünü yalnız faciələr prizmasından təqdim etmir. O, göstərir ki, Lənkəran xan nəslinin nümayəndələri siyasi fəaliyyət imkanlarını itirsələr də, elm, təhsil, mədəniyyət, mühəndislik, səhiyyə və digər sahələrdə cəmiyyətə xidmət etməyə davam etmişlər. Beləliklə, müəllif bir nəslin tarixini bütövlükdə Azərbaycan xalqının taleyi ilə əlaqələndirməyə nail olur.
Əsərin mühüm üstünlüklərindən biri hadisələrin müasir dövrə qədər izlənilməsidir. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən sonra Lənkəran xan nəslinin Talışxanov, Talışinski və digər soyadlarının tarixi irsinə yeni baxış formalaşmış, Lənkəran xanlığı və onun görkəmli nümayəndələri haqqında yeni elmi araşdırmalar aparılmış, arxiv sənədləri üzə çıxarılmışdır. Müasir dövrdə xan nəslinin nümayəndələri hüquq, elm, mədəniyyət və ictimai fəaliyyət sahələrində çalışaraq bu ailənin tarixi irsinin qorunmasına və yaşadılmasına töhfə verməkdədirlər. Müəllif bu davamlılığı xüsusi vurğulayaraq keçmişlə bu gün arasında mənəvi körpü yaradır.
Kitab işıq üzü gördükdən sonra elmi ictimaiyyət və ziyalılar tərəfindən də yüksək qiymətləndirilmişdir. Əsər haqqında tarix elmləri doktoru, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, mərhum Tufan Axundzadə kitabla tanış olduqdan sonra müəllifə müraciətlə demişdir: “Kitaba baxdım. Doğrusu, bədii ədəbiyyat gözləyirdim. Ancaq gördüm ki, siz böyük elmi tədqiqat işi aparmısınız, çox qiymətli sənədlər əsasında sanballı bir kitab yazmısınız. Sizə yeni-yeni uğurlar arzulayıram. Babalarınızın qarşısına üzüağ çıxacaqsınız.” Bu fikir əsərin zəngin mənbələrə söykənən elmi dəyərini və müəllifin araşdırmaçılıq zəhmətini yüksək qiymətləndirən mühüm rəylərdən biridir. Kitabın əhəmiyyətini vurğulayanlardan biri də Mir Hikmət Talişinski müəllifə müraciətlə belə deyirdi: “Seyid, sən nə qədər böyük iş gördüyünü bilmirsən. Bu nəsil haqqında ilk dəfədir ki, bu qədər ətraflı yazılır. Hamı sənə minnətdar olmalıdır. Gələcəkdə başa düşəcəklər ki, sən nə etmisən, nə qədər böyük iş görmüsən.”
Bu qiymətləndirmələr əsərin təkcə bir ailənin və ya nəslin tarixini deyil, bütövlükdə milli yaddaşın bərpasına xidmət edən mühüm elmi-tarixi araşdırma olduğunu təsdiq edir. Kitabın əsas üstünlüyü zəngin arxiv materialları, etibarlı sənədlər və sistemli tədqiqat əsasında hazırlanmasıdır ki, bu da onu gələcək tədqiqatçılar üçün etibarlı mənbələrdən birinə çevirir.
Kitabın adı – "Cığır" – təsadüfi seçilməmişdir. Cığır yeni yol, başlanğıc, gələcəyə aparan istiqamət deməkdir. Müəllif bu rəmzi ad vasitəsilə oxucuya tarixin sadəcə keçmiş hadisələr toplusu olmadığını, gələcəyi dərk etməyin və milli kimliyi qorumağın əsas yolu olduğunu çatdırır. Tarix öz cığırını qoruduğu kimi, xalq da milli yaddaşını qoruduğu müddətdə öz gələcəyini inamla qura bilir.
Əsərin dili sadə, səlis və axıcıdır. Tarixi hadisələr bədii təsvir vasitələri ilə zənginləşdirilmiş, obrazların xarakteri inandırıcı şəkildə işlənmişdir. Kitab həm tarixə maraq göstərən geniş oxucu auditoriyası, həm də tədqiqatçılar üçün dəyərli mənbədir. Tarixi faktların bədii təqdimatı oxucuda həm estetik zövq formalaşdırır, həm də milli keçmişə marağı artırır.
Mirnamik Bəşirovun "Cığır" kitabı Lənkəran xanlığının nəslinin tarixi haqqında yazılmış uğurlu tarixi-bədii əsərlərdən biri olmaqla, həm də milli dövlətçilik ənənələrinin, tarixi yaddaşın və vətənpərvərlik duyğularının bədii ifadəsinə çevrilərək oxucunu keçmişi yenidən dərk etməyə, tarixdən nəticə çıxarmağa və gələcəyə milli şüurla baxmağa səsləyir. Bu mənada "Cığır" yalnız bir tarixi əsər deyil, həm də Azərbaycanın dövlətçilik salnaməsinin bədii ifadəsi və milli yaddaşın yaşadılmasına xidmət edən qiymətli tarixi-ədəbi nümunədir.
XQ


