Taxıl biçini davam edir

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Sahələrdən 1 618 893 ton məhsul yığılıb

Ölkəmizin ərzaq təhlükəsizliyinin mühüm elementlərindən olan taxıl məhsulları bazarının formalaşmasına və inkişaf etdirilməsinə metodoloji yanaşmaların təkmilləşdirilməsi, qlobal çağırışlar nəzərə alınmaqla yenilənməsi mühüm əhəmiyyət kəsb edir. Ölkənin ərzaq təhlükəsizliyi iqtisadi və milli təhlükəsizliyi ayrılmaz hissəsidir. Əhalinin ərzaq məhsulları ilə təmin edilməsi dövlət üçün mühüm əhəmiyyət kəsb edən və həlli vacib olan sosial-iqtisadi problemlərdən biridir. 

Ərzaq təhlükəsizliyi dövlətin iqtisadi inkişaf konsepsiyasının mühüm istiqamətlərindən biri olmaqla, kənd təsərrüfatı məhsulları istehsalının intensiv inkişafına özündə  və ərzaq məhsullarının sərbəst təminatına imkan verir. Respublikamızda ərzaq təminatının möhkəmləndirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilir. Ölkədə etibarlı ərzaq təminatına nail olunması üçün normativ-hüquqi baza davamlı şəkildə möhkəmləndirilir. 

Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı qəbul edilib və qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında müvafiq Fərman imzalanıb. Həmçinin, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Qida Təhlükəsizliyi Agentliyi yaradılıb.   

Respublikamızda əhalinin taxıl məhsulları ilə təmin edilməsində buğda bitkisinin istehsalını artırmaq böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyev taxılçılığın önəminə xüsusi diqqət çəkib: “Taxılçılıq, heyvandarlıq ərzaq təhlükəsizliyini təmin edən əsas sahələrdir. Bilirəm ki, dövlətin dəstəyi ilə və özəl qurumların fəaliyyəti nəticəsində buğda əkini genişlənir, yeni əkin sahələri dövriyyəyə çıxarılır, suvarma işləri təmin edilir. Bu sahəyə çox ciddi diqqət göstərilməlidir ki, biz özümüzü əsas ərzaq məhsulları ilə tam təmin edə bilək.”

Hazırda respublikanın taxıl əkilən bütün bölgələrində biçinin mütəşəkkil qaydada başa çatdırılması üçün zəruri tədbirlər həyata keçirilir. İlkin nəticələrə əsasən bu il taxıl tədarükünün əvvəlki illərdən çox olacağı proqnozlaşdırılır. Ölkə əhalisinin qida təhlükəsizliyinin təminatında əsas strateji sahə olduğu nəzərə alınaraq taxılçılıqda texnoloji proseslərin vaxtında və aqrotexniki qaydalara uyğun aparılmasına, istehsalçıların texnika, gübrə, bitki mühafizə vasitələri ilə təminatına diqqət daha da artırılıb. Bu sahədə həyata keçirilən tədbirlər nəticəsində yaxın gələcəkdə keyfiyyətli taxıl məhsullarına olan tələbatın daxili istehsal hesabına ödənilmə səviyyəsinin maksimum dərəcədə yaxşılaşdırılması proqnozlaşdırılır.

Ölkəmizdə taxıl yığımının qızğın dövrüdür. Bu günədək 462 153 hektar sahədə biçin aparılıb, taxıl üzrə orta məhsuldarlıq 35 sentnerə çatıb. Hazırda isə Respublikada taxıl biçini davam edir.

Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargahın operativ məlumatına görə, iyunun 30-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 48,7 faizində biçin başa çatıb. Mövsüm ərzində 462 153 hektar sahədə biçin aparılıb, bu sahələrdən 1 618 893 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 35 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 sent/ha çoxdur.

İndiyədək mexanizatorlar tərəfindən 122 078 hektar buğda, 340 074 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 485 844 ton buğda, 1 133 049 ton arpa yığılıb. Buğda sahələrinin 26,6 faizində, arpa sahələrinin isə 69,4 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 39,8 sent/ha, arpa üzrə isə 33,3 sent/ha təşkil edir.

Artıq Ucar rayonunda biçin tam yekunlaşıb, Masallı, Yevlax, Neftçala, Kürdəmir, Göyçay, Biləsuvar, Bərdə, Ağdaş rayonlarında taxıl biçininin həcmi 90 faizi keçib. Hazırda biçin prosesində 1 585 kombayn iştirak edir. Bunlardan 594 kombayn “Aqroservis” ASC-nin, 991 kombayn isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan texnikalardır. 

Operativ məlumata görə, hazırda ən aktiv biçin Şəki (131 kombayn), Cəlilabad (125 kombayn), Ağsu (102 kombayn), Goranboy (60 kombayn), Sabirabad (58 kombayn), Biləsuvar (57 kombayn), Kürdəmir (56 kombayn), Hacıqabul (55 kombayn), Saatlı (49 kombayn) və Füzuli (46 kombayn) rayonlarında aparılır. Respublika üzrə biçin prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.

Müşfiq MİRZƏ
XQ



İqtisadiyyat