Qara Dəniz Bankının Bakı hesabatı

post-img

İyulun 1-də Bakı şəhərində Azərbaycan Respublikasının sədrliyi ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının 28-ci illik toplantısı və biznes forumu öz işinə başlayacaq. Maliyyə Nazirliyinin məlumatına əsasən, 2 gün davam edəcək toplantıda bankın fəaliyyətinin nəticələri nəzərdən keçiriləcək, 2025-ci il üzrə maliyyə hesabatları təsdiqlənəcək. Bununla yanaşı, qurumun gələcək fəaliyyət istiqamətləri və institusional inkişaf məsələləri müzakirə olunacaq.

Toplantı çərçivəsində “Bazarların əlaqələndirilməsi, iqtisadiyyatların şaxələndirilməsi: Azərbaycan regional qovşaq kimi” mövzusunda təşkil olunacaq biznes forumda isə Azərbaycanın iqtisadi inkişaf prioritetləri, regional əməkdaşlığın gücləndirilməsi, eləcə də Qara Dəniz Ticarət və İnkişaf Bankının ölkəmizdə həyata keçirdiyi layihələr, inkişafın maliyyələşdirilməsi sahəsində mövcud tendensiyalar və çağırışlar ətrafında müzakirələr aparılacaq.

Eyni zamanda, forumun gündəliyinə uyğun olaraq, regional bağlantıların genişləndirilməsi, şaxələndirilmiş maliyyələşmədirmə mexanizmlərinin dayanıqlı iqtisadi artıma töhfəsi, eləcə də Azərbaycanın Avropa ilə Asiya arasında mühüm iqtisadi və nəqliyyat qovşağı kimi rolu diqqət mərkəzində olacaq. Toplantı çərçivəsində müxtəlif təqdimatların, plenar sessiyaların və işgüzar müzakirələrin keçirilməsi, sahibkarlar və maliyyə institutlarının nümayəndələri arasında ikitərəfli (B2B) görüşlərin təşkili də nəzərdə tutulur.

Qeyd edək ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan 11 dövlət – Albaniya, Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Yunanıstan və Ukrayna tərəfindən yaradılmış çoxtərəfli beynəlxalq inkişaf maliyyə institutudur. Baş ofisi Yunanıstanın Saloniki şəhərində yerləşən bankın üzv ölkələrdə davamlı iqtisadi inkişafın və regional əməkdaşlığın təşviqinə xidmət edir, dövlət və özəl sektor layihələrinin maliyyələşdirilməsi, kreditlərin və kredit xətlərinin təqdim edilməsi, investisiyaların və zəmanətlərin verilməsi, eləcə də ticarətin maliyyələşdirilməsi istiqamətlərində fəaliyyət göstərir.

XQ

İqtisadiyyat