Qurumun rəhbəri Bakıya niyə gəlir?
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək. Bu barədə Avropa Komissiyasının sözçüsü Paula Pinyo Brüsseldə keçirdiyi gündəlik mətbuat brifinqində məlumat verib. Bildirilib ki, Ursula Fon der Lyayen iyulun 2-də Ermənistana da səfər edəcək.
Aİ rəsmisinin sözlərinə görə, səfərlər zamanı Ermənistan və Azərbaycan arasında sülh yolu ilə nizamlanma prosesi, eləcə də hər iki ölkənin Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı dəhlizinə çevrilməsi perspektivləri müzakirə olunacaq. Bu kontekstdə Avropa İttifaqının regionun nəqliyyat infrastrukturuna yatırdığı investisiyalar da gündəmdə olacaq.
Xatırladaq ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana son rəsmi səfəri 2022-ci il iyulun 18-də baş tutub. Səfər çərçivəsində Prezident İlham Əliyevlə görüş keçirilib, enerji əməkdaşlığının genişləndirilməsi istiqamətində mühüm razılaşmalar əldə olunub. Həmin gün Prezident İlham Əliyevin və Ursula Fon der Lyayenin iştirakı ilə Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədə əsasən, Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artırılması nəzərdə tutulub. Qeyd edək ki, Cənub Qaz Dəhlizi vasitəsilə son bir il və 2026-cı ilin ilk dörd ayı ərzində Azərbaycan Avropaya 16,7 milyard kubmetr təbii qaz ixrac edib. 2025-ci ildə ölkənin ümumi qaz ixracı 25,2 milyard kubmetrə çatıb ki, bunun da yarıdan çoxu Avropa İttifaqı ölkələrinin payına düşüb. 2026-cı ilin əvvəlindən isə Azərbaycan Aİ-yə üzv olan Almaniya və Avstriyaya da boru kəməri vasitəsilə təbii qaz tədarükünə başlayıb. Bununla da Azərbaycan qazının ixrac edildiyi Aİ ölkələrinin sayı 10-a çatıb.
Məlumdur ki, Azərbaycan təkcə ənənəvi enerji resursları ilə deyil, həm də bərpaolunan enerji sahəsində zəngin potensialı ilə seçilir. Xüsusilə Xəzər dənizinin külək enerjisi ehtiyatları və “yaşıl” hidrogen istehsalı imkanları Avropa İttifaqının diqqət mərkəzindədir. Məhz bu səbəbdən 2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu əməkdaşlığı neft və qazla məhdudlaşdırmayaraq bərpaolunan enerji istiqamətini də əhatə edib və bu sahədə uzunmüddətli tərəfdaşlığın əsasını qoyub.
Azərbaycanın strateji hədəfi yaxın illərdə bərpaolunan enerji üzrə ümumi quraşdırılmış gücü 10 giqavata çatdırmaq və istehsal ediləcək elektrik enerjisinin bir hissəsini Avropa bazarına ixrac etməkdir. Bu məqsədlə bp, Masdar və ACWA Power kimi aparıcı beynəlxalq şirkətlərlə iri həcmli investisiya sazişləri imzalanıb, bir sıra külək və günəş elektrik stansiyaları artıq istismara verilib, digərlərinin isə tikintisi davam edir.
Eyni zamanda, Azərbaycanın enerji strategiyasında 2030-cu ilədək elektrik enerjisi istehsalında bərpaolunan mənbələrin payının əhəmiyyətli dərəcədə artırılması əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Bu siyasət ölkənin enerji təhlükəsizliyini daha da gücləndirməklə yanaşı, Azərbaycanın Avropa üçün etibarlı enerji tərəfdaşı statusunu yeni mərhələyə daşıyacaq. Beləliklə, ölkə gələcəkdə Avropa bazarına təkcə neft və təbii qaz deyil, həm də “yaşıl” elektrik enerjisi və perspektivdə “yaşıl” hidrogen ixrac edən mühüm təchizatçılardan birinə çevrilməyi hədəfləyir.
Enerji və nəqliyyat sahələri ilə yanaşı, Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi əlaqələr də dinamik inkişaf edir. Aİ ölkəmizin ən böyük xarici ticarət tərəfdaşı olaraq qalır. 2025-ci ildə tərəflər arasında ticarət dövriyyəsi 19,770 milyard ABŞ dollarına çatıb. Bu dövrdə Azərbaycanın Aİ-yə ixracı təxminən 16,9 milyard dollar, Aİ-dən idxalı isə 2,826 milyard dollar təşkil edib. Azərbaycanın Aİ bazarına ixracında əsas yeri neft və təbii qaz məhsulları tutduğu halda, Avropa İttifaqından ölkəmizə əsasən maşınqayırma məhsulları, nəqliyyat avadanlıqları, kimya və digər yüksək texnologiyalı sənaye məhsulları idxal olunur.
* * *
Aİ-nin səfərlə bağlı verdiyi bəyanatdan da məlum olur ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi, Avrasiya məkanının əsas geosiyasi və iqtisadi qovşaqlarından birində yerləşməsi, həmçinin Mərkəzi Asiya ilə Avropa arasında etibarlı bağlantı yaratması Avropa İttifaqının ölkəmizə marağını ildən-ilə artırır. Azərbaycanın regional nəqliyyat və logistika mərkəzinə çevrilməsi, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində oynadığı aparıcı rol da bu marağı daha da gücləndirib. Təsadüfi deyil ki, Avropa İttifaqı rəsmiləri dəfələrlə Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrin genişləndirilməsində strateji tərəfdaş olduğunu vurğulayaraq, Brüsselin Bakı ilə əməkdaşlığı daha da dərinləşdirmək niyyətini bəyan ediblər.
Bu baxımdan Azərbaycan Avropa İttifaqının 2021-ci ildə irəli sürdüyü “Qlobal qapılar” (Global Gateway) təşəbbüsünün əsas tərəfdaşlarından biridir. Təxminən 300 milyard avro həcmində investisiyanı nəzərdə tutan bu təşəbbüsün başlıca məqsədi Avropa ilə Asiya arasında təhlükəsiz, dayanıqlı və siyasi risklərdən mümkün qədər uzaq alternativ nəqliyyat marşrutlarının formalaşdırılmasıdır. Aİ sənədlərində vurğulanan fikir bundan ibarətdir ki, Orta Dəhliz “Qlobal qapılar” strategiyasının əsas prioritetlərindən biridir və Azərbaycan həmin dəhlizin mərkəzi ölkəsidir.
Hazırkı geosiyasi reallıqlar Avropa üçün etibarlı alternativ marşrutların əhəmiyyətini daha da artırıb. Mövcud alternativlərin mühüm hissəsi ya sanksiyaların tətbiq olunduğu, ya da yüksək geosiyasi risklərin mövcud olduğu ərazilərdən keçir. Bu baxımdan Azərbaycan sabit siyasi mühiti, etibarlı tərəfdaş imici və inkişaf etmiş nəqliyyat infrastrukturu sayəsində Avropa ilə Mərkəzi Asiya arasında ən təhlükəsiz və səmərəli tranzit marşrutlarından birini təqdim edir. Nəzərə alsaq ki, Qara dəniz hövzəsində müharibə, Qırmızı dənizdə təhlükəsizlik problemləri və Hörmüz boğazında yaranan risklər Avropanı alternativ logistika marşrutlarını sürətlə inkişaf etdirməyə sövq edib. Bu baxımdan Orta Dəhlizin və Azərbaycanın strateji əhəmiyyəti əvvəlki illərlə müqayisədə daha da artıb
Son illər ərzində Azərbaycan nəqliyyat infrastrukturunun modernləşdirilməsinə milyardlarla manat həcmində investisiya yönəldib. Ölkədə beynəlxalq standartlara uyğun avtomobil magistralları çəkilib, dəmir yolu şəbəkəsi yenilənib, yeni beynəlxalq hava limanları istifadəyə verilib, dəniz limanlarının imkanları genişləndirilib. Bu gün Azərbaycanın nəqliyyat infrastrukturu regionun ən müasir logistika sistemlərindən biri hesab olunur.
Bu infrastrukturun əsas elementlərindən biri də Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır. Hazırda limanın illik yükaşırma gücünün mövcud imkanlardan 25 milyon tona çatdırılması istiqamətində genişləndirmə işləri həyata keçirilir. Bu layihə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaların artan həcmini qarşılamağa və Orta Dəhlizin buraxılış qabiliyyətini əhəmiyyətli dərəcədə yüksəltməyə xidmət edir.
Azərbaycanın digər mühüm üstünlüyü Xəzər dənizində ən böyük ticarət və yük donanmasına malik olmasıdır. Müasir bərə və yük gəmilərindən ibarət donanma Transxəzər marşrutu üzrə daşımaların fasiləsiz həyata keçirilməsinə, yüklərin operativ şəkildə Avropa istiqamətinə çatdırılmasına imkan yaradır. Məhz bu amillərin və uzun illər ərzində formalaşdırılmış müasir nəqliyyat infrastrukturunun nəticəsidir ki, Azərbaycan bu gün Avropa İttifaqının Mərkəzi Asiya ilə iqtisadi və nəqliyyat əlaqələrinin inkişafında əvəzolunmaz tərəfdaşlardan biri kimi çıxış edir. Azərbaycan “Qlobal qapılar” təşəbbüsünün uğurla reallaşdırılması baxımından strateji əhəmiyyət daşıyan əsas tranzit mərkəzlərindən birinə çevrilib.
Musa BAĞIRLI
XQ

